ABŞ-nin “Vector” şirkəti Ukraynanın “Bars” raketinə bənzər “Bombard” qanadlı raketini təqdim edib


Kvadrakopterlər istehsalı ilə məşğul olan ABŞ-nin “Vector” şirkəti 1000 kilometrdən çox uçuş məsafəsinə malik “Bombard” adlı kiçik qanadlı raketini təqdim edib.
Kiçik qanadlı raketlər seqmentində vasitələrin sayı artmaqda davam etdiyi bir vaxtda “Vector” şirkəti yeni “Bombard” raketini nümayiş etdirib. Şirkət bundan əvvəl kvadrakopterlərin istehsalı ilə məşğul olub.
Amerikanın “Vector” şirkəti kiçik qanadlı raketini, yaxud raket-PUA-nı “Bombard” adı ilə təqdim edib. Bu yeni silah İranın “Shahed” PUA-larına və Rusiyanın “Geran” sistemlərinə qarşı ucuz cavab vasitəsi kimi, kütləvi istehsal nəzərə alınmaqla hazırlanıb.
“Axios” nəşri də bu barədə məlumat yayıb və raketin xüsusiyyətlərini açıqlayıb. Belə ki, onun maksimal uçuş məsafəsi təxminən 680 mil, yəni 1094 kilometr təşkil edir. Sürəti isə saatda 235 milə, başqa sözlə, təxminən 378,2 kilometrə çatır.
Bu sürəti təmin etmək üçün raketdə reaktiv mühərrikdən istifadə olunur. Buraxılış yerdən həyata keçirilir, maksimal start kütləsi isə 281 funt, yəni təxminən 127,5 kiloqramdır. Raketin konstruksiyasında “minimum sayda hərəkətli hissə” var və o, kütləvi istehsal üçün nəzərdə tutulub. Burun hissəsində naməlum sensor, gövdəsinin üst hissəsində isə açılan qanadlar yerləşir.
“Bombard”ın döyüş başlığının çəkisi ilə bağlı da maraqlı məqam var. İlkin mərhələdə onun döyüş başlığının çəkisinin 35 funt, yəni cəmi 15,9 kiloqram olduğu bildirilirdi. Lakin daha sonra “Axios” materialını yeniləyərək faydalı yükün çəkisinin 110 funta, yəni təxminən 50 kiloqrama çatdığını qeyd edib.
“Vector” şirkətinin bildirdiyinə görə, “Bombard”ın bir variantı artıq ilk uçuşunu həyata keçirib. Bununla belə, şirkət naviqasiya və tuşlama sistemləri barədə ətraflı məlumat açıqlamayıb. Şirkət uzaqmənzilli silahların əhəmiyyətini vurğulayaraq Ukraynanın “Ruta”, “Palyanitsa” və FP-5 “Flamingo” qanadlı raketlərini və PUA-larını nümunə göstərib. Bildirilib ki, Ukrayna Müdafiə Qüvvələri bu vasitələrlə Kerç körpüsünə zərər vurub.
Ukraynanın “Palyanitsa” raketi üçün 320 kiloqramlıq ümumi kütlə fonunda 100 kiloqrama qədər faydalı yük göstəricisi açıqlanıb. Onun uçuş məsafəsi 650 kilometr, maksimal sürəti isə saatda 900 kilometrdir. Beləliklə, “Palyanitsa” daha qısa məsafə qət etsə də, daha sürətli uçur və daha ağır faydalı yük daşıyır.
“Bombard” üçün açıqlanan göstəricilər ümumilikdə Ukrayna istehsalı olan reaktiv “Bars” PUA-sının xüsusiyyətlərinə yaxındır. “Bars RS” variantı 135 kiloqramlıq maksimal start kütləsi ilə 22 kiloqramlıq döyüş başlığını 1000 kilometrədək məsafəyə daşıya bilir.
Bu müqayisə “Vector” şirkətinin əvvəlcə açıqladığı 15,9 kiloqramlıq döyüş başlığı göstəricisinin reallığa daha yaxın ola biləcəyinə işarə edir. Sonradan bildirilən 50 kiloqramlıq faydalı yük göstəricisinə isə müxtəlif növ yüklərdən istifadə etməklə və ya uçuş məsafəsini azaltmaqla nail olmaq mümkün ola bilər.
Ukraynanın “Bars” raketləri Rusiyaya, o cümlədən Moskvaya zərbələr endirmək üçün fəal şəkildə istifadə edilib. Bu raketlər hətta Almaniyanın da marağına səbəb olub. Almaniya onları yalnız istehsal etmir, həm də satın almağı planlaşdırır. Buna görə də nəzəri baxımdan “Bombard” üçün də belə xüsusiyyətlərlə bazarda yer tapıla bilər.
Bununla belə, əsas amillər raketin qiyməti, istehsal həcmi, hədəfə çatmaq və onu məhv etmək imkanları olacaq. Hazırda bu məsələlər barədə məlumat yoxdur, potensial alıcılar da açıqlanmayıb. Kiçik qanadlı raketlər bazarında müxtəlif təkliflərin olması “Bombard”ın bazarda möhkəmlənməsini çətinləşdirə bilər.
Sevinc Əliyeva Ordu.az