ABŞ-nin “Vector” şirkəti 1 100 kilometr mənzilli BOMBARD kamikadze PUA-sını təqdim edib


ABŞ-nin “Vector” şirkəti 50 kiloqramlıq faydalı yük daşıya və 1 100 kilometrədək məsafə qət edə bilən reaktiv mühərrikli BOMBARD kamikadze PUA-sını nümayiş etdirib.
Ordu.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilib.
Yuta ştatında yerləşən “Vector” şirkəti yerdən buraxılan, impuls reaktiv mühərriklə təchiz edilmiş birdəfəlik kamikadze PUA-sını təqdim edib.
Şirkətin məlumatına görə, BOMBARD 1 100 kilometrədək məsafə qət edə və 50 kiloqramlıq faydalı yük daşıya bilər.
Silah noyabrın 19-da Vaşinqtonda keçirilən “Axios Future of Defense Summit” sammitində nümayiş etdirilib. Bu layihə şirkətin indiyədək əsas diqqət yetirdiyi kiçik kvadrokopterlərdən və qısa mənzilli kamikadze PUA-larından fərqlənir.
Şirkətin baş icraçı direktoru Endi Yakulisin sözlərinə görə, BOMBARD-ın bir versiyası artıq uçuş sınaqlarından keçib.
“Müasir müharibə fövqəladə sürətlə dəyişir və hərbçilərimizin istifadəsində olan texnologiyalar da eyni sürətlə inkişaf etməlidir. Komandalarımız döyüş əməliyyatlarının yaxınlığında fəaliyyət göstərir, hərbçilərlə birgə işləyir və onların növbəti mərhələdə hansı imkanlara ehtiyac duyduqlarını anlayırlar”, - deyə “Vector” şirkətinin həmtəsisçisi Yakulis bildirib.
Şirkətin məlumatına görə, PUA saatda 378 kilometr sürətlə hərəkət edir və maksimal uçuş çəkisi 127 kiloqramdır.
BOMBARD yanacaq növündən asılı olmayan, hərəkətli hissələri minimuma endirilmiş impuls reaktiv mühərrik arxitekturasından istifadə edir. Bu mühərrik yanacağı qısa və sürətli yanma impulsları ilə sərf edir.
Qeyd edək ki, impuls reaktiv mühərriklər İkinci Dünya müharibəsi zamanı Almaniyanın V-1 uçan bombasının hərəkətə gətirilməsi üçün də istifadə olunub.
“Vector” şirkəti layihənin genişləndirilə bilən konstruksiya vasitəsilə münasib qiymətə kütləvi istehsalı təmin etməyi hədəflədiyini bildirib.
Şirkət ABŞ Müharibə Nazirliyinin Müdafiə İnnovasiyaları Bölməsinin “Drone Dominance” proqramı çərçivəsində FPV PUA-larının kütləvi istehsalından əldə etdiyi təcrübədən yararlanıb. BOMBARD əvvəldən ABŞ-də yüksək həcmli istehsal üçün nəzərdə tutulub.
Bununla belə, şirkət bir PUA-nın qiymətini və istehsal etməyi planlaşdırdığı ümumi sayını açıqlamayıb.
Şirkətin məlumatına görə, BOMBARD buraxılış anından hədəfə son yaxınlaşma mərhələsinədək müstəqil fəaliyyət göstərə bilir, GPS olmadan naviqasiya edə bilir və müxtəlif tapşırıqlar üçün modul faydalı yük interfeysinə malikdir.
“Vector” layihəni Ukraynadakı müharibənin təcrübəsi ilə də əlaqələndirib. Şirkətin açıqlamasında qeyd olunub ki, uzaqmənzilli, reaktiv mühərrikli birdəfəlik kamikadze PUA-ları həm Ukrayna, həm də Rusiya əməliyyatlarının getdikcə daha mühüm komponentinə çevrilib. Onların sürəti və uçuş məsafəsi mövcud hava hücumundan müdafiə sistemləri üçün əlavə çətinliklər yaradır.
2024-cü ildə yaradılan “Vector” şirkəti indiyədək əsasən kiçik PUA-lar istehsal edib. Şirkət bu ilin yayında Vaşinqton Milli Qvardiyasının ordusuna da FPV PUA-ları satıb.
Sevinc Əliyeva Ordu.az
1 mənbə