ABŞ milli kəşfiyyat direktoru İrandan qaynaqlanan artan təhlükə barədə xəbərdarlıq edib


ABŞ milli kəşfiyyat direktoru Cey Kleyton İranın ölkə daxilində və xaricdə Amerika vətəndaşlarını öldürməyi planlaşdırdığını iddia edərək, bu ölkədən qaynaqlanan təhlükənin artdığını bildirib.
Ordu.az xəbər verir ki, Kleyton bu barədə ABŞ Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Komitəsində keçirilən “Ölkəyə qarşı qlobal təhdidlər: 11 sentyabr hadisələrindən 25 il sonra” mövzusunda dinləmələrdə çıxışı zamanı danışıb.
O, ABŞ-nin daxili təhlükəsizlik naziri Markueyn Mallin və Federal Təhqiqatlar Bürosunun direktor müavini Kristofer Rey ilə birlikdə çıxış edib.
Kleyton bildirib ki, ABŞ “İran tərəfindən artan təhlükə ilə üzləşir, bu ölkə ölkə daxilində və xaricdə Amerika vətəndaşlarının öldürülməsini planlaşdırır”.
Bununla belə, o, Amerika kəşfiyyatının fəaliyyəti barədə təfərrüatları açıqlamamağa üstünlük verib və ehtimal olunan təhlükənin nədən ibarət olduğunu dəqiqləşdirməyib.
ABŞ-nin daxili təhlükəsizlik naziri Markueyn Mallin isə İranın “çirkli bomba”dan istifadə etməklə ABŞ-yə hücum etməsi ilə bağlı birbaşa təhlükənin olmadığı qənaətində olduğunu bildirib. O, ABŞ dövlət katibi Marko Rubionun oxşar açıqlamasını təkrarlayıb.
Demokratlar Partiyasının nümayəndəsi El Qrinin İranın “çirkli bomba” hazırlaması baxımından birbaşa təhlükə yaratmadığı barədə fikirlə razı olub-olmadığına dair sualına Mallin “Bəli” cavabını verib.
Çərşənbə axşamı Rubio CNN telekanalının Amerika kəşfiyyatına istinadən yaydığı, İranın ABŞ prezidenti Donald Tramp administrasiyasının yüksək vəzifəli rəsmilərinə qarşı sui-qəsd məqsədilə Vaşinqtonda “çirkli bomba” partlatmaq və ya kimyəvi silahdan istifadə etmək planları hazırladığı barədə məlumatı təkzib edib.
O, “Hər hansı birbaşa təhlükənin olduğunu düşünmürəm”, - deyə bildirib.
Sevinc Əliyeva Ordu.az
1 mənbə
