ABŞ İrana qarşı əməliyyat üçün Krit və Kiprin yunan administrasiyasına F-15 və F-16 təyyarələri göndərməyə hazırlaşır


ABŞ İrana qarşı mümkün əməliyyatlar fonunda regiondakı hava qüvvələrini gücləndirmək məqsədilə Yunanıstanın Krit adasında və Kiprin yunan administrasiyasının nəzarətində olan Baf şəhərindəki aviabazalarda F-15 və F-16 qırıcılarını yerləşdirməyə hazırlaşır.
Ordu.az xəbər verir ki, bu barədə Yunanıstanın “Kathimerini” nəşri məlumat yayıb.
İrana qarşı əməliyyatlarla əlaqədar ABŞ regiondakı hava gücünü artırmaq üçün Yunanıstanın Krit adasında və Kiprin yunan administrasiyasının nəzarətində olan Baf şəhərindəki Andreas Papandreu aviabazasında F-15 və F-16 təyyarələrinin yerləşdirilməsi istiqamətində hazırlıqlara başlayıb. Bazalarda təyyarələrin və şəxsi heyətin yerləşdirilməsi üçün zəruri infrastruktur işləri aparılır.
“Kathimerini”nin məlumatına görə, Krit adasındakı Suda dəniz bazası və Akrotiridəki aviabaza əsas diqqət mərkəzindədir.
Nəşr bildirir ki, xüsusilə Baf şəhərindəki Andreas Papandreu aviabazasında ABŞ-nin C-17 nəqliyyat təyyarələri, eləcə də F-16 və F-15 qırıcılarından istifadə etməsi üçün görülən işlər son bir ildə sürətlənib.
Hazırda Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları da növbəli şəkildə bu bazadan istifadə edir. Bu addımdan sonra Türkiyə Hərbi Hava Qüvvələri Ercan hava limanında F-16 qırıcılarını yerləşdirməyə başlayıb.
Nəşrdə Kiprin yunan administrasiyası hökumətinin ötən ay Tatlısu şəhərindəki Evangelos Florakis dəniz bazasının modernləşdirilməsi üçün büdcə ayırmaq qərarı da xatırladılıb. Bildirilib ki, gələcəkdə Avropa İttifaqına üzv ölkələrin və ABŞ-nin hərbi dəniz qüvvələrinin bölmələri bu limana yanaşa bilər.
Məlumatda həmçinin qeyd olunur ki, Kiprin yunan administrasiyası ilə Fransa arasında müvafiq razılaşma əsasında Tatlısu dəniz bazasından Şərqi Aralıq dənizində üzən Fransa gəmiləri də istifadə edə bilər.
Sevinc Əliyeva Ordu.az
