ABŞ HDQ P-8A təyyarələrinin dayanıqlığını artırmaq üçün “BAE Systems” şirkətinə 104,7 milyon dollar ayırıb


Yeni müqavilə modifikasiyası P-8A “Poseidon” dəniz patrul təyyarələrinin qabaqcıl təhdidləri aşkar etmək və radioelektron əks-tədbirlər həyata keçirmək imkanlarını inkişaf etdirəcək.
Ordu.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri P-8A “Poseidon” dəniz patrul təyyarələrinin raket və radioelektron təhdidlərə qarşı dayanıqlığını gücləndirmək üçün “BAE Systems” şirkətinə 104,7 milyon dollar dəyərində müqavilə modifikasiyası verib.
2026-cı il noyabrın 19-da ABŞ Müharibə Nazirliyinin yaydığı açıqlamaya görə, “Advanced Survivability Pod” sistemi təhdidlərin aşkarlanması və radioelektron əks-tədbirlərin imkanlarını artıracaq. Bu, getdikcə daha mürəkkəb təhdidlərin mövcud olduğu hava məkanında sualtı qayıqlara qarşı mübarizə və dəniz müşahidəsi kimi mühüm tapşırıqların təhlükəsizliyini gücləndirməyə kömək edəcək.
ABŞ Hərbi Dəniz Qüvvələri qabaqcıl radioelektron mübarizə texnologiyalarına böyük investisiya yatırmaqla P-8A “Poseidon” dəniz patrul təyyarələrinin müdafiəsini və modernləşdirilməsini davam etdirir. ABŞ Müharibə Nazirliyinin 2026-cı il noyabrın 19-da dərc etdiyi rəsmi müqavilə açıqlamasına əsasən, “BAE Systems” şirkəti “Advanced Survivability Pod” (ASP) sisteminin daha da inkişaf etdirilməsi üçün 104,7 milyon dollar dəyərində müqavilə modifikasiyası alıb. Bu addım Hərbi Dəniz Qüvvələrinin təyyarələrin sağqalma qabiliyyətini artırmaq, qabaqcıl müdafiə imkanlarını inteqrasiya etmək və dəniz patrul donanmasının əməliyyat effektivliyini qorumaq öhdəliyini gücləndirir.
Nyu-Hempşir ştatının Naşua şəhərində yerləşən “BAE Systems Information and Electronics” şirkətinə P-8A “Poseidon” təyyarələrinin “Advanced Survivability Pod” proqramını dəstəkləyən mövcud təhvil sifarişinə 104 milyon 686 min 379 dollar dəyərində, xərclərin ödənilməsi və sabit xidmət haqqı əsasında müqavilə modifikasiyası verilib. P00018 nömrəli bu dəyişiklik N0001924F0095 nömrəli təhvil sifarişinin dəyərini artırır. Həmin sifariş N0001922G0009 nömrəli əsas sifariş razılaşması çərçivəsində verilib.
Müqavilə ASP sisteminin mühəndislik və istehsalın inkişafı mərhələsində dizayn arxitekturasının yenilənməsi üzrə işləri əhatə edir. Bu çərçivədə sistemin qabaqcıl sağqalma imkanlarının, o cümlədən proqram təminatı və aparat hissələrinin təkmilləşdirilməsi və inteqrasiyası davam etdiriləcək.
Bu investisiya ASP proqramının əvvəlki modernləşdirmə mərhələlərini davam etdirir. Belə ki, 2024-cü ildə “BAE Systems” şirkətinə mühəndislik və istehsalın inkişafı üzrə 95 milyon dollarlıq müqavilə verilmişdi. 2025-ci ilin aprelində isə ABŞ Hərbi Dəniz Qüvvələri üç ASP dəsti üçün aşağı həcmli ilkin istehsala icazə verən 40,7 milyon dollarlıq əlavə müqavilə modifikasiyası ayırmışdı. Bu addımlar ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarələrin müdafiəsi texnologiyalarına davamlı investisiyasını və ASP proqramının mərhələli şəkildə təkmilləşdirilməsini nümayiş etdirir.
Modernləşdirmə təşəbbüsünün mərkəzində yüksək dəyərli hava platformalarının müdafiəsini gücləndirmək üçün hazırlanmış radioelektron mübarizə həlli olan “BAE Systems” şirkətinin “Advanced Survivability Pod” sistemi dayanır.
“BAE Systems” şirkətinin rəsmi texniki məlumatlarına əsasən, onun konteyner tipli sağqalma sistemləri radiotezlik (RF) və elektro-optik/infraqırmızı (EO/IR) təhdidlərin aşkarlanmasını qabaqcıl əks-tədbirlər, sensor məlumatlarının birləşdirilməsi və missiyanın planlaşdırılması funksiyaları ilə birləşdirir. Bu texnologiya ekipajın situasiya məlumatlılığını artırmaq, potensial təhdidlər barədə daha erkən xəbərdarlıq etmək və müdafiə reaksiyalarının daha effektiv həyata keçirilməsini dəstəkləmək məqsədi daşıyır.
Konfiqurasiyadan asılı olaraq şirkətin konteyner tipli sistemlərinə yüksək performanslı radiotezlik antenaları, kompakt maneə yaratma avadanlıqları, yüksək güclü gücləndiricilər, fiber-optik yedək aldadıcı hədəflər və elektro-optik/infraqırmızı təhdid aşkarlama sensorları daxil edilə bilər.
Sistemin xüsusilə mühüm xüsusiyyətlərindən biri çevik və açıq arxitekturaya malik olmasıdır. Bu yanaşma gələcəkdə yeni təhdid aşkarlama texnologiyalarının, əlavə əks-tədbir imkanlarının və üçüncü tərəflərin radioelektron mübarizə üsullarının inteqrasiyasına imkan vermək üçün nəzərdə tutulub.
Bu layihələndirmə prinsipləri ASP sisteminin gələcək inkişafı üçün texnoloji baza yaradır. Bununla belə, ABŞ Hərbi Dəniz Qüvvələrinin son müqavilə modifikasiyasında arxitektura yenilənməsinə hansı konkret alt sistemlərin daxil ediləcəyi açıqlanmayıb.
Sevinc Əliyeva Ordu.az