ABŞ HDQ hər biri 18,3 milyard dollara başa gələcək 15 nüvə enerjili döyüş gəmisi inşa etməyi planlaşdırır


ABŞ Hərbi Dəniz Qüvvələrinin yeni gəmiqayırma planı orta hesabla hər biri 18,3 milyard dollara başa gələcək 15 nüvə enerjili döyüş gəmisinin inşasını nəzərdə tutur.
Ordu.az xəbər verir ki, bu barədə “Naval News” nəşri Konqresin Büdcə Ofisinin (CBO) hesabatına istinadən məlumat yayıb.
ABŞ Hərbi Dəniz Qüvvələrinin donanmasının yenidən qurulmasını nəzərdə tutan genişmiqyaslı plan suüstü döyüş gəmilərinin inşasını əlavə “Arleigh Burke” sinfinə məxsus esmineslərə və planlaşdırılan DDG(X) esmines proqramını əvəz edəcək daha azsaylı, lakin ağır silahlarla təchiz olunmuş nüvə enerjili iri döyüş gəmilərinə yönəldir.
CBO-nun 2026-cı il noyabrın 19-da ABŞ Hərbi Dəniz Qüvvələrinin 2027-ci maliyyə ili üzrə gəmiqayırma planına dair dərc etdiyi təhlilə əsasən, “Trump” sinfinə məxsus 15 döyüş gəmisinin inşası 2026-cı ilin qiymətləri ilə təxminən 275 milyard dollara başa gələcək. ABŞ Hərbi Dəniz Qüvvələrinin planında ilk gəminin 2028-ci maliyyə ilində sifariş edilməsi, daha sonra isə 2056-cı maliyyə ilinə qədər təxminən hər iki ildən bir yeni gəminin alınması nəzərdə tutulur.
Noyabr ayında dərc edilmiş təhlildə CBO avqust ayında açıqladığı xərc qiymətləndirməsini təkrarlayaraq onu Hərbi Dəniz Qüvvələrinin digər gəmiqayırma öhdəlikləri ilə müqayisədə təqdim edib.
CBO ilk gəminin 23,4 milyard dollara başa gələcəyini, sonrakı 14 gəminin isə hər birinin orta hesabla təxminən 18 milyard dollara inşa ediləcəyini hesablayır. ABŞ Hərbi Dəniz Qüvvələrinin dərc etdiyi qiymətləndirmədə isə ilk gəminin dəyəri 15,1 milyard dollar, sonrakı gəmilərin orta qiyməti 9,7 milyard dollar göstərilib.
Lakin Hərbi Dəniz Qüvvələrinin hesablamalarına nüvə mühərriki sistemi daxil edilməyib. Qurum bu sistemi planlaşdırma prosesinin son mərhələsində seçib və CBO-nun məlumatına görə, həmin vaxtadək öz xərc qiymətləndirmələrini yeniləməmişdi. Ümumilikdə 275 milyard dollarlıq tikinti xərci hesablamasına tədqiqat və təkmilləşdirmə xərcləri daxil deyil.
Yeni döyüş gəmisinin su basımı ən azı 35 min uzun ton təşkil edəcək. Bu, “Arleigh Burke” sinfinə məxsus “Flight III” idarəolunan raket esminesinin su basımından üç dəfədən çoxdur.
ABŞ Hərbi Dəniz Qüvvələrinin 2025-ci maliyyə ili üzrə planında 23 ədəd “Flight III” esminesinin və yeni nəsil DDG(X) sinfinə məxsus 28 esminesin alınması nəzərdə tutulurdu. 2027-ci maliyyə ili üzrə yeni plan isə DDG(X) gəmilərinin alınmasını ləğv edir, “Flight III” esmineslərinin sayını 57-yə çatdırır və əlavə olaraq 15 döyüş gəmisinin inşasını nəzərdə tutur. CBO yeni plan çərçivəsində “Flight III” sinfinə məxsus hər bir gəminin orta hesabla 3,2 milyard dollara başa gələcəyini hesablayır.
Təklif olunan döyüş gəmisinin döyüş imkanlarını müəyyən edən əsas göstəricilərdən biri raket buraxılış qurğularının sayıdır. CBO-nun təsvir etdiyi layihədə 128 ədəd “Mark 41” şaquli buraxılış qurğusu nəzərdə tutulur. Müqayisə üçün, “Flight III” sinfinə məxsus “Arleigh Burke” esminesində 96, “Ticonderoga” sinfinə məxsus kreyserdə isə 122 belə qurğu var.
Beləliklə, yeni döyüş gəmisində “Flight III” esminesi ilə müqayisədə üçdəbir daha çox, “Ticonderoga” kreyseri ilə müqayisədə isə altı əlavə standart şaquli buraxılış qurğusu olacaq. Bu qurğularda hava hücumundan müdafiə, gəmi əleyhinə və yerüstü hədəflərə zərbə endirmək üçün nəzərdə tutulan raketlər yerləşdirilə bilər. Hər bir tapşırıq zamanı raketlərin tərkibi həmin imkanların hansı hissəsinin konkret əməliyyat üçün ayrılacağını müəyyən edəcək.
Layihədə, həmçinin ümumilikdə 12 ədəd “Conventional Prompt Strike” hipersəs raketi daşıya biləcək dörd ayrı buraxılış borusu nəzərdə tutulur. Bu, eyni silah üçün yenidən təchiz edilən “Zumwalt” sinfinə məxsus esminesdə planlaşdırılan tutumla eynidir. “Zumwalt” esminesində 80 standart şaquli buraxılış qurğusu olduğu halda, təklif olunan yeni döyüş gəmisi eyni hipersəs raket tutumunu əlavə 48 standart qurğu ilə birləşdirəcək.
Layihəyə, həmçinin iki yüksək güclü lazer sistemi, elektromaqnit rels topu və ABŞ Hərbi Dəniz Qüvvələrinin AN/SPY-6 hava və raket hücumundan müdafiə radarının daha böyük versiyası daxildir.
CBO bildirir ki, bəzi texnologiyalar tikintiyə başlanılan vaxt hazır olmasa, Hərbi Dəniz Qüvvələri onların sonradan quraşdırılması üçün gəmidə yer və elektrik enerjisi ehtiyatı saxlaya bilər. Nüvə mühərriki gəminin hərəkət sisteminin müntəzəm yanacaqla doldurulması ehtiyacını aradan qaldıracaq. Bununla belə, ərzaq, döyüş sursatı və digər təchizat ehtiyatları gəminin dənizdə qalma müddətinə təsir göstərməyə davam edəcək.
Bu plan iri suüstü döyüş gəmilərinin ümumi sayını 51-dən 72-yə çatdıracaq. Eyni zamanda, donanmanın raket imkanlarının böyük hissəsi nisbətən az sayda gəmiyə cəmləşdiriləcək.
CBO bu yanaşmanın ABŞ Hərbi Dəniz Qüvvələrinin atəş gücünü daha çox sayda gəmi və insansız platforma arasında bölüşdürmək məqsədi ilə ziddiyyət təşkil etdiyinə diqqət çəkib. Yeni döyüş gəmiləri atəş gücünü azsaylı platformalarda cəmləşdirəcək, donanmanın daha geniş planı isə zaman keçdikcə bu imkanları daha çox sayda gəmi arasında bölüşdürməyi nəzərdə tutur.
Gəmilərin alınması qrafiki gəmiqayırma zavodlarının istehsal imkanlarından da asılı olacaq. CBO-nun məlumatına görə, hazırda ABŞ-də nüvə enerjili suüstü gəmilərin inşasına sertifikatı olan yeganə müəssisə “Newport News Shipbuilding” zavodudur.
Digər zavodlar gəmi bölmələri və modulları istehsal edə bilsələr də, son yığım Virciniya ştatındakı bu zavodda həyata keçiriləcək. Həmin müəssisədə artıq aviadaşıyıcıların və sualtı qayıqların tikintisi qrafikdən geri qalır.
CBO xəbərdarlıq edir ki, yeni döyüş gəmilərinin inşasına başlanılması bu proqramlarda, eləcə də yeni döyüş gəmilərinin özlərinin tikintisində gecikmələri daha da artıra bilər.
Sevinc Əliyeva Ordu.az
