ABŞ-də 4 illik universitet təhsili dəyişir


ABŞ-də universitetlər ənənəvi dördillik bakalavr təhsilinə alternativ olaraq üçillik proqramların sayını artırırlar. Yeni model tələbələrin təhsil xərclərini azaltmaq və əmək bazarına daha tez daxil olmasını təmin etmək məqsədi daşıyır.
AzEdu.az-ın “The Wall Street Journal” nəşrindən əldə etdiyi məlumata görə, 2026-cı ildə ABŞ universitetləri tərəfindən təxminən 150 yeni üçillik bakalavr proqramı elan edilib. Müqayisə üçün, 2024-cü ildə bu göstərici cəmi 5 olub.
Yeni proqramlar ənənəvi 120 kreditlik bakalavr təhsilindən fərqli olaraq, əsasən 90 kredit əsasında hazırlanır. Beləliklə, tələbələr dörd il əvəzinə üç ilə bakalavr təhsilini başa vura bilirlər. Bu modelin əsas üstünlükləri təhsil müddətinin və ümumi xərclərin azaldılması, eləcə də məzunların əmək bazarına daha tez daxil olmasıdır. Xüsusilə biznes, marketinq, səhiyyə və sosial xidmətlər kimi sahələrdə üçillik proqramlara maraq artır.
Bununla belə, yeni model birmənalı qarşılanmır. Bəzi təhsil mütəxəssisləri kreditlərin azaldılmasının akademik hazırlığın keyfiyyətinə, tələbələrin fərqli fənlər seçmək imkanlarına və universitet təcrübəsinə təsir göstərə biləcəyini düşünürlər.
Məsələn, bəzi universitetlərdə üçillik proqramlarda təhsil alan tələbələrin əlavə ixtisas seçimi, ikili diplom və xaricdə mübadilə imkanları məhdudlaşdırılır. Eyni zamanda, bu diplomların magistratura proqramlarına qəbul və işəgötürənlər tərəfindən tanınması məsələsi də müzakirə olunur.
Qeyd edək ki, ABŞ-də üçillik bakalavr proqramları artıq bir sıra universitetlərdə tətbiq edilir, bəzi ştatlar isə dövlət universitetlərini bu istiqamətdə yeni proqramlar hazırlamağa təşviq edir.Beləliklə, ABŞ ali təhsil sistemində üçillik bakalavr modeli genişlənməkdədir. Lakin bu dəyişiklik ənənəvi dördillik universitet təhsilinin tamamilə ləğvi demək deyil.