ABŞ Çinlə əlaqələrinə görə 7 şirkəti qara siyahıya salıb


BAKI, 24 noyabr. TELEQRAF
ABŞ administrasiyası Amerika istehsalı olan qabaqcıl kompüter çiplərinin qanunsuz yollarla Çinə tədarükündə şübhəli bilinən Sinqapurun “Megaspeed” şirkətinə və onunla əlaqəli qurumlara qarşı ixrac məhdudiyyətləri tətbiq edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyinin Federal Reyestrdə dərc olunan bildirişində məlumat verilib.
Bildirilib ki, məhdudiyyətlər ümumilikdə yeddi hüquqi şəxsə şamil olunur. Bunlar Sinqapurda qeydiyyatdan keçmiş “Megaspeed International”, “Apex Enterprise Solutions” və “Swiftdata”, Malayziyada fəaliyyət göstərən “MSFusion”, “PT Megaspeed International” və “Speedmatrix”, həmçinin Tailandda yerləşən “Megaspeed (Thailand) Co” şirkətləridir.
ABŞ Ticarət Nazirliyi həmin şirkətlərin yüksək texnologiyalı hesablama avadanlıqlarını icazəsiz son istifadəçilərə və ya qadağan olunmuş məqsədlər üçün yönləndirməsi ilə bağlı ciddi risklərin olduğunu bildirib.
Qərara əsasən, adıçəkilən şirkətlər xüsusi lisenziya olmadan ABŞ təchizatçılarından müvafiq texnologiyaları və digər nəzarət olunan məhsulları əldə edə bilməyəcəklər. Lisenziya müraciətlərinə baxılarkən isə imtina prezumpsiyası tətbiq olunacaq.
Amerika hakimiyyəti “Megaspeed” şirkətini süni intellekt sahəsində istifadə edilən “Nvidia” çiplərinin qanunsuz şəkildə Çinə ötürülməsində şübhəli bilir.
Məlumata görə, şirkətə əvvəllər rəhbərlik etmiş Elis Huanq “Nvidia”nın baş direktoru Censen Huanq ətrafında yaranmış qalmaqalla əlaqələndirilir. ABŞ tərəfi Elis Huanqın Çin xeyrinə casusluq etdiyindən şübhələnir. Çin Xarici İşlər Nazirliyi isə bu iddiaları böhtan adlandırıb.
Censen Huanq noyabrın 12-də yaranmış qalmaqal fonunda “Nvidia”nın baş direktoru və prezidenti vəzifələrindən, eləcə də direktorlar şurasından ayrılıb. Daha sonra şirkətin direktorlar şurasının yekdil qərarı ilə vəzifəsinə qaytarıldığı açıqlanıb.
ABŞ Prezidenti Donald Tramp da Huanqın şirkət rəhbərliyinə qayıtmasını dəfələrlə dəstəkləyib.
ABŞ-nin maliyyə naziri Skott Bessent noyabrın 22-də bildirib ki, Vaşinqton administrasiyası “Nvidia”nın ən yeni məhsulları haqqında məlumatların Çin tərəfinə ötürülüb-ötürülmədiyini müəyyənləşdirmək üçün şirkət rəhbərliyindən əlavə məlumat tələb edir.
