ABŞ alimləri həm keyləşdirici, həm də ağrıkəsici təsir göstərən yeni birləşmə kəşf ediblər


Ana səhifə
Dünya
20 noyabr 2026, 16:23
ABŞ-nin Kaliforniya Universitetinin tədqiqatçıları yüksək dozada anesteziya, aşağı dozada isə şüuru bağlamadan ağrını aradan qaldıran “nidradin” adlı yeni kimyəvi birləşmə hazırlayıblar.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, adətən cərrahi əməliyyatlar zamanı xəstəni yatızdırmaq və ağrını kəsmək üçün fərqli dərmanlardan istifadə olunur. Nature Communications jurnalında dərc olunan araşdırmaya görə, nidradin bu iki funksiyanı təkbaşına yerinə yetirə bilər.
Alimlər ilkin mərhələdə 12 min kimyəvi maddəni zebra balığı sürfələri üzərində sınaqdan keçirib və onların arasından 28 variant sintez edərək nidradini seçiblər. Daha sonra siçanlar üzərində aparılan sınaqlarda məlum olub ki, heyvanlara aşağı dozada nidradin verildikdə onlar oyaq qalır və hərəkət koordinasiyasını itirmirlər. Belə ki, siçanlar fırlanan çubuq üzərində tarazlıqlarını qoruya bilsələr də, ağrılı istilik stimuluna verdikləri reaksiya 90 faizdən 40 faizə enib.
Araşdırma zamanı birləşmənin digər mühüm üstünlükləri də üzə çıxıb. Mövcud anesteziya dərmanlarından, məsələn, etomidatdan fərqli olaraq, nidradin orqanizmdə stress hormonu olan kortizolun istehsalını bloklamır. Eyni zamanda o, morfin kimi opioid reseptorlarına bağlanmadığı üçün asılılıq və ya ağır yan təsir risklərini azalda bilər. Tədqiqatın müəlliflərindən olan Metyu MakKerrol “ScienceAlert” nəşrinə bildirib ki, birləşmənin ağrıkəsici təsiri onlar üçün tamamilə gözlənilməz olub və bunun dəqiq mexanizmi hələ araşdırılır.
Alimlər qeyd edirlər ki, nidradin hələ ilkin tədqiqat mərhələsindədir. Onun insanlar üzərində sınaqdan keçirilməsindən əvvəl ürək-damar və tənəffüs sisteminə təsirlərini öyrənmək üçün geniş klinikayaqədər araşdırmalara ehtiyac var.
Şəbnəm Mehdizadə
1 mənbə