ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi


Azərbaycan Beynəlxalq Bankının (“ABB”, BFB: ABBNK) səhmlərinin marketmeykerlər tərəfindən təqdim edilən satış qiyməti Bakı Fond Birjasında (BFB) 37 qəpiyə yüksələrək yeni tarixi maksimum səviyyəyə çatıb.
Banker.az (İnvestisiya) xəbər verir ki, bankın səhmlərinin qiyməti əvvəlki tarixi maksimum olan 35 qəpiyi 2 qəpik və ya 5,7% üstələyib.
Xatırladaq ki, Banker.az noyabrın 12-də ABB səhmlərinin 35 qəpiyə yüksələrək 2024-cü ilin iyununda qeydə alınmış tarixi maksimuma qayıtdığını yazmışdı. Həmin vaxtdan ötən bir həftə ərzində səhmlərin qiymətində yüksəliş davam edib.
Bankın səhmləri 2025-ci ilin iyul–sentyabr aylarında 25 qəpik səviyyəsində ticarət olunurdu. Beləliklə, həmin dövrlə müqayisədə qiymət artımı 12 qəpik və ya 48% təşkil edir.
ABB-nin 2024-cü ildə həyata keçirdiyi kütləvi səhm təklifi zamanı qiymət 27 qəpik müəyyən edilmişdi. Hazırkı 37 qəpiklik səviyyə bu qiymətdən 37% yüksəkdir. Dividend ödənişləri də nəzərə alındıqda, səhmləri ilkin təklif zamanı əldə edərək saxlayan investorların ümumi gəlirliliyi daha yüksəkdir.
Bankın hər birinin nominal dəyəri 27 qəpik olan 4 milyard 745 milyon 449 min 602 ədəd səhmi mövcuddur. Yeni qiymət əsasında ABB-nin hesablanmış bazar kapitallaşması təxminən 1,76 milyard manata yüksəlir.
Dividend gəlirliliyi və maliyyə nəticələri
ABB 2026-cı ilin mayında 2025-ci ilin mənfəətindən səhmdarlarına 200 milyon manat dividend ödəyib. Bu, hər səhmə təxminən 4,21 qəpik təşkil edib. Son dividend məbləğinin 37 qəpiklik qiymətə nisbəti təxminən 11,4%-dir.
Bankın dividend siyasəti investorların diqqətində qalır. Belə ki, 2027-ci ilin dövlət büdcəsi layihəsində ABB-dən dövlət büdcəsinə 175 milyon manat dividend daxilolması proqnozlaşdırılır.
ABB 2026-cı ilin yanvar–sentyabr aylarını 352,4 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövründən 34,8% çoxdur. Bankın ümumi gəlirləri 20,4% artaraq 1 milyard 362,6 milyon manata, aktivləri isə ilin əvvəlindən 18,3% artaraq 16 milyard 117,6 milyon manata çatıb.
Bankın kredit portfeli 7,85 milyard manat, depozit portfeli 10,7 milyard manat, balans kapitalı isə 2,32 milyard manat təşkil edib.
ABB-nin biznesinin genişlənməsində mühüm hadisələrdən biri də Özbəkistanın “Davr Bank”ının 51%-lik nəzarət səhm paketinin təxminən 140 milyon ABŞ dollarına alınması olub. Sentyabrda tamamlanan əməliyyatla ABB iki milyondan çox müştərisi olan bank üzərində nəzarət əldə edib və “ABB Davr” brendi ilə regional fəaliyyətini genişləndirmək imkanı qazanıb.