500 manatdan çox terminal ödənişlərində vəsiqə niyə tələb olunur? – Hüquqşünasdan AÇIQLAMA


Cəmiyyət
19 Noyabr 2026, 12:30
470 baxış
“Bu dəyişiklik çirkli pulların yuyulması və bir sıra qanunsuz yolla əldə olunmuş vəsaitlərin leqallaşdırılmasının qarşısını alacaq”.
Bu sözləri Yenicag.az-a açıqlamasında hüquqşünas Xəyal Bəşirov bildirib.
Hüquqşünas terminal vasitəsilə 500 manatdan çox ödəniş edilərkən şəxsiyyət vəsiqəsinin tələb olunması ilə bağlı qanun dəyişikliyinin zəruriliyinin səbəblərini açıqlayıb:
“Azərbaycanda 500 manatdan çox terminal ödənişləri zamanı şəxslərdən şəxsiyyəti təsdiq edən sənədin tələb olunması zəruri olacaq. Təbii ki, bu dəyişikliyin müəyyən əsasları var. Bilirik ki, artıq bütün dünyada çirkli pulların yuyulması, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, eyni zamanda maliyyə fırıldaqçılığı, anonim maliyyə əməliyyatlarının aparılması kimi cinayətkar addımlar var və bütün dövlətlər bununla mübarizə aparmağa çalışırlar. Azərbaycan da belə hallardan sığortalanmayıb. Nəzərə almaq lazımdır ki, ölkəmizdə hazırda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanun qüvvədədir. Bu, ümumilikdə hazırda bütün dünyada ən ciddi problemlərdən biridir.
Bu baxımdan düşünürəm ki, sözügedən dəyişiklik ödənişlərin edilməsinə mane olmaq məqsədi daşımır. 500 manatdan artıq vəsaitlərin terminaldan köçürülməsi şəxsiyyəti təsdiq edən sənəd vasitəsilə mümkün olacaq. Bu, bir növ qadağa deyil, şəffaflığın təmin olunması və həmin əməliyyatı aparan şəxslərin kimliyinin müəyyən edilməsi deməkdir. Bu addım çirkli pulların yuyulması və anonim maliyyə əməliyyatlarının qarşısını almağa xidmət edəcək. Təkcə Azərbaycanda deyil, əksər dövlətlərdə də belə hallarla mübarizə intensivləşib. Bu mübarizə üsullarından biri də məhz həmin addımdır. Bundan sonra hansısa şəxs bu cür işlərlə məşğul olarsa, şəxsiyyəti təsdiq edən sənədlə kimliyi müəyyənləşəcək və qanunazidd əməlin qarşısı alınacaq. İnsanlar belə qanunsuz əməliyyatlardan çəkindikcə, qanuni əməliyyatların həyata keçirilməsinə təşviq olunacaqlar”.
Nurlan Cəfəri
Dərc vaxtına görə