4010 azərbaycanlının naməlum taleyi: Ermənistanın açmalı olduğu sirr


İrəvanda itkin düşmüş şəxslərin taleyinə həsr olunan beynəlxalq konfransın keçirilməsi Ermənistanın humanitar məsələlərə münasibətini yenidən gündəmə gətirir.
Azərbaycanla Ermənistan arasında sülh prosesinin davam etdiyi bir dövrdə belə bir tədbirin təşkili ilk baxışdan müsbət təşəbbüs kimi qiymətləndirilə bilər. Lakin burada əsas məsələ Ermənistanın beynəlxalq ictimaiyyət qarşısında səsləndirdiyi bəyanatlarla praktik fəaliyyəti arasında nə dərəcədə uyğunluğun olmasıdır. Çünki bu gün 4010 azərbaycanlının taleyi hələ də naməlum olaraq qalır. Onların arasında hərbi qulluqçularla yanaşı, qadınlar, uşaqlar və yaşlı mülki şəxslər də var. Üç onillikdən artıq müddətdə minlərlə ailənin yaxınlarının aqibətindən xəbərsiz qalması Ermənistanın humanitar əməkdaşlıq çağırışlarının konkret nəticələrlə müşayiət olunmasının vacibliyini göstərir.
Əslində, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi siyasi müzakirələrin deyil, ilk növbədə humanitar məsuliyyətin predmetidir. Ermənistanın müvafiq dövlət qurumlarının sərəncamında ola biləcək arxiv sənədlərinin, əsir və girov götürülmüş şəxslərlə bağlı məlumatların, eləcə də mümkün dəfn yerlərinin koordinatlarının təqdim edilməsi bu istiqamətdə mühüm irəliləyiş yarada bilər. Azərbaycan tərəfinin açıqlamalarına əsasən, Ermənistan nümayəndələri 200-dən artıq mümkün dəfn yeri barədə məlumat təqdim etməyə hazır olduqlarını bildirsələr də, həmin məlumatlar hələ də Azərbaycana verilməyib. Bu isə haqlı olaraq ciddi suallar doğurur. Əgər Ermənistan həqiqətən itkinlərin taleyinə aydınlıq gətirilməsində maraqlıdırsa, belə məlumatların təqdim edilməsinə mane olan səbəblər izah olunmalıdır. Humanitar əməkdaşlığın səmimiliyi məhz bu cür konkret məsələlərin həllində özünü göstərməlidir.
Məsələnin digər mühüm tərəfi Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının sonrakı taleyi ilə bağlıdır. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, vaxtilə Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatında olmuş 54 nəfərdən 17-sinin nəşi Azərbaycana qaytarılıb, 33 nəfərin saxlanma yerlərində öldüyü bildirilsə də, onların qalıqları təhvil verilməyib, dörd nəfərin isə aqibəti naməlumdur. Bu faktlar Ermənistanın müvafiq qurumlarının cavablandırmalı olduğu ciddi suallar yaradır. Həmin şəxslərin harada saxlanılması, hansı şəraitdə həyatını itirməsi və harada dəfn olunması barədə məlumatların araşdırılması zəruridir. Xüsusilə keçmiş hərbi-siyasi rəhbərlik nümayəndələrinin mümkün dəfn yerləri haqqında məlumatlı olmalarına dair açıqlamalar diqqətdən kənarda qalmamalıdır. Çünki itkinlərin taleyinin müəyyənləşdirilməsi yalnız ailələrin həqiqəti bilmək hüququnun təmin edilməsi deyil, eyni zamanda mümkün beynəlxalq humanitar hüquq pozuntularının araşdırılması baxımından da əhəmiyyətlidir.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aşkarlanan kütləvi məzarlıqlar problemin nə qədər ağır və mürəkkəb olduğunu bir daha nümayiş etdirir. Rəsmi məlumatlarda indiyədək 32 kütləvi məzarlığın aşkarlandığı bildirilir. İnsan qalıqları üzərində aparılan ekspertizalar müharibə dövründə baş vermiş hadisələrin araşdırılması üçün mühüm sübutlar ortaya çıxara bilər. Bununla yanaşı, həmin ərazilərdə mövcud olan mina təhlükəsi itkinlərin axtarışı prosesini ciddi şəkildə çətinləşdirir. Mümkün dəfn yerləri barədə məlumatlar əldə olunsa belə, ərazilərin minalardan təmizlənməsi aparılmadan təhlükəsiz axtarış və qazıntı işlərinin həyata keçirilməsi mümkün deyil. Bu baxımdan Ermənistanın həm mümkün məzarlıqların koordinatlarını, həm də əlində olan dəqiq mina xəritələrini təqdim etməsi humanitar əməkdaşlığın mühüm göstəricisi olardı.
2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanması itkin düşmüş şəxslər məsələsinə də yeni siyasi və hüquqi məzmun qazandırıb. Sənədin IX maddəsində münaqişə nəticəsində itkin düşmüş və məcburi yoxaçıxmaya məruz qalmış şəxslərlə bağlı əməkdaşlığın nəzərdə tutulması təsadüfi deyil. Bu, müharibənin humanitar nəticələrinin aradan qaldırılmasının münasibətlərin normallaşması prosesindən ayrı qiymətləndirilə bilməyəcəyini göstərir. Sazişin paraflanması hələ onun qüvvəyə minməsi demək olmasa da, tərəflərin bu məsələni gələcək münasibətlərin mühüm istiqamətlərindən biri kimi qəbul etməsi əhəmiyyətlidir. Azərbaycan sülh prosesinə siyasi iradə nümayiş etdirməklə yanaşı, müharibənin ağır humanitar nəticələrinin unudulmamasını da prinsipial məsələ kimi gündəmdə saxlayır. Ermənistan isə sülhə sadiqliyini nümayiş etdirmək istəyirsə, itkin düşmüş azərbaycanlılarla bağlı məlumatların açıqlanması istiqamətində real nəticələr ortaya qoymalıdır.
Nəticə etibarilə, İrəvanda keçirilən beynəlxalq konfrans Ermənistan üçün humanitar əməkdaşlıq barədə bəyanatlarını əməli addımlarla təsdiqləmək baxımından mühüm fürsətdir. Lakin beynəlxalq tədbirlərin keçirilməsi özlüyündə problemin həlli demək deyil. Əsas nəticə arxivlərin açılması, mümkün dəfn yerlərinin müəyyənləşdirilməsi, insan qalıqlarının identifikasiyası və ailələrə yaxınlarının taleyi barədə dəqiq məlumatların verilməsi olacaq. Azərbaycan Prezidenti İlham Əliyevin itkin düşmüş şəxslərlə bağlı beynəlxalq mexanizmin yaradılması təşəbbüsü də problemin daha sistemli və nəticəyönümlü şəkildə həllinə xidmət edən yanaşma kimi qiymətləndirilə bilər. Ermənistan anlamalıdır ki, dayanıqlı sülh yalnız diplomatik sənədlərin imzalanması ilə deyil, keçmiş münaqişənin yaratdığı humanitar faciələrin aradan qaldırılması ilə möhkəmlənir. 4010 azərbaycanlının taleyi naməlum qaldığı müddətdə bu məsələ Azərbaycan cəmiyyətinin gündəmində qalacaq və Ermənistanın sülhə münasibətinin ən mühüm sınaqlarından biri olacaq. Çünki itkin ailələri üçün sülh yalnız silahların susması deyil, onilliklərdir gözlədikləri həqiqətin üzə çıxmasıdır.
Züriyə Qarayeva
1 mənbə
