22 binalıq məcburi köçkün şəhərciyi... SOYUQDAN DONUR!


22 binalıq məcburi köçkün şəhərciyi... SOYUQDAN DONUR! - "Canımızla əlləşirik..."
Qaradağ rayonu Müşfiqabad qəsəbəsi ərazisində yerləşən məcburi köçkün şəhərciyinin sakinləri çıxılmaz vəziyyətlə üz-üzə qalıblar. Sakinlərin "DİA-AZ"a bildirdiyinə görə, hər il normal istiliklə təmin olunmalarına baxmayaraq bu ildən "Azəristiliktəchizat" ASC tərəfindən onların yaşadığı mənzillərin isidilməsi dayandırılıb.
Sakinlərin sözlərinə görə, ərazidə 22 bina yerləşir və eyni zamanda şəhərciyin məktəbi və uşaq bağçası da var. Onlar bildirirlər ki, hazırda 22 binaın sakini soyuqdan donur: "Hərə bir formada evini qızdırmaq məcburiyyətindədir. Əvəzində isə elektrik xəttlərinə yüklənmə düşür ki, bu da qəzaları qaçılmaz edir".
Sakinlər bildirir ki, "Azəristiliktəchizat" ASC-dən onlara bildirilib ki, borcları olduğuna görə istiliyin verilməsi dayandırılıb və borclar ödənməsə bərpa olunmayacaq. Sakinlər deyir:"İndi kiminsə borcu var deyə 22 binanın bütün sakinlərini soyuqdan dondurmaq nə qədər ədalətlidir? Dövlət bu məsələyə müdaxilə etməlidir. Canımızla əlləşirik... Körpələr var, qoca xəstələr var... Bu qışdan sağ çıxmaq təhlükəmiz belə var..."
Onu da qeyd edək ki, "Azəristiliktəchizat" ASC bir neçə gün əvvəl ümumilikdə olaraq bütün borclu ərazilərdə istiliyin verilməsini dayandırdıqlarını, borclar ödənməyənə qədər bərpa olunmayacağını bəyan edib.
Məsələ diqqətimizdədir...
