"2020-ci ildə Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbə Ağdamın azadlığına yol açdı"


"Bu gün Ağdamdan danışarkən, ilk növbədə, onun zəngin tarixinə, keçmiş iqtisadi potensialına və ölkəmizin ictimai-siyasi həyatında oynadığı mühüm rola nəzər salmalıyıq. Ağdam hər zaman Qarabağın ən böyük və inkişaf etmiş yaşayış məntəqələrindən biri, mühüm ticarət, sənaye və kənd təsərrüfatı mərkəzi olub. Əlverişli coğrafi mövqeyi, münbit torpaqları, zəngin təbii resursları, istehsal və ticarət ənənələri bu şəhərin iqtisadi inkişafı üçün geniş imkanlar yaradıb".
Bu sözləri Milli Məclisin deputatı Azər badamov SİA-ya açıqlamasında söyləyib.
Deputat qeyd edib ki, lakin Ermənistanın hərbi təcavüzü nəticəsində 1993-cü il iyulun 23-də Ağdam şəhəri işğal edildi. Rayonun böyük hissəsi işğal altında qaldı, yüz minlərlə insanımız doğma yurd-yuvasından didərgin düşərək uzun illər məcburi köçkün həyatı yaşamağa məcbur oldu:
"Bir vaxtlar həyatın qaynadığı, iqtisadi və mədəni baxımdan inkişaf etmiş Ağdam şəhəri tamamilə dağıdılaraq xarabalığa çevrildi. Ağdamın “Qafqazın Xirosiması” adlandırılması da şəhərin məruz qaldığı dəhşətli dağıntıların miqyasını ifadə edirdi.
2020-ci ildə Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbə Ağdamın da azadlığına yol açdı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, uzaqgörən strategiyası və Azərbaycan Ordusunun döyüş meydanında qazandığı Zəfər nəticəsində 2020-ci il noyabrın 20-də Ağdam rayonu işğaldan azad edildi. Bu hadisə yalnız ərazi bütövlüyümüzün bərpası deyil, həm də uzun illər doğma torpaqlarının həsrəti ilə yaşayan ağdamlıların qayıdış ümidlərinin gerçəkləşməsi demək idi.
Bu gün Ağdam tamamilə yeni inkişaf mərhələsini yaşayır. Bir zamanlar düşmən tərəfindən viran qoyulmuş şəhərimiz indi böyük tikinti-quruculuq meydanına çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində Ağdamda müasir şəhərsalma prinsiplərinə uyğun genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Burada söhbət sadəcə dağıdılmış binaların yenidən tikilməsindən getmir. Əsas məqsəd müasir infrastruktura, yüksək yaşayış standartlarına, inkişaf etmiş iqtisadiyyata və sosial xidmətlər sisteminə malik yeni Ağdamın yaradılmasıdır.
Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plana əsasən, şəhərin 100 min nəfər əhali üçün planlaşdırılması onun gələcəkdə Azərbaycanın ən böyük və müasir şəhərlərindən birinə çevriləcəyini göstərir. Şəhərdə yeni yaşayış məhəllələri, məktəblər, səhiyyə müəssisələri, parklar, sosial və ictimai obyektlər, müasir yol və kommunikasiya infrastrukturu yaradılır. Bu layihələr Ağdamın yalnız fiziki baxımdan deyil, həm də sosial-iqtisadi cəhətdən yenidən doğulmasına xidmət edir.
Burada xüsusi qeyd etmək lazımdır ki, Böyük Qayıdış proqramı Ağdamın gələcək inkişafının əsasını təşkil edir. 2025-ci il martın 27-dən etibarən Ağdam şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışına başlanılıb. Artıq uzun illər doğma yurd həsrəti ilə yaşayan ağdamlılar öz evlərinə qayıdır, burada yeni həyata başlayırlar. Mən hesab edirəm ki, Böyük Qayıdışın əsas uğuru yalnız insanların öz doğma torpaqlarına qayıtması ilə ölçülməməlidir. Bu prosesin mühüm tərkib hissəsi qayıdan insanların məşğulluğunun təmin edilməsi, sahibkarlıq fəaliyyətinin qurulması, uşaqların təhsil alması, ailələrin sosial xidmətlərdən istifadə etməsi və insanların dayanıqlı yaşayış imkanlarına malik olmasıdır.
Ağdamın gələcək iqtisadi inkişafından danışarkən, ilk növbədə, Ağdam Sənaye Parkının əhəmiyyətini vurğulamaq istərdim. 2021-ci ildə yaradılmış və 190 hektar ərazini əhatə edən bu sənaye parkı Qarabağ iqtisadi rayonunda qeyri-neft sənayesinin inkişafı, yeni istehsal müəssisələrinin yaradılması və məşğulluğun artırılması baxımından mühüm layihədir. Burada müxtəlif istehsal sahələrinin formalaşması, sahibkarlara əlverişli biznes mühitinin yaradılması və investisiyaların cəlb edilməsi Ağdamın iqtisadi potensialının reallaşdırılmasına xidmət edir.
İqtisadçı kimi hesab edirəm ki, Ağdamın gələcək inkişafının əsas istiqamətlərindən biri məhz sənayeləşmə olmalıdır. Şəhərdə yaradılan sənaye infrastrukturu ətraf rayonların iqtisadi inkişafına da müsbət təsir göstərəcək. Yerli xammalın emalı, tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı, logistika və xidmət sektorunun inkişafı yeni iqtisadi dəyərin yaradılmasına imkan verəcək. Bu, həm də ağdamlıların öz doğma torpaqlarında işlə təmin olunması və sahibkarlıq fəaliyyətinə cəlb edilməsi deməkdir.
Ağdamın mühüm üstünlüklərindən biri onun əlverişli coğrafi mövqeyidir. Şəhər gələcəkdə Qarabağın əsas nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanına malikdir. Bərdə-Ağdam avtomobil və dəmir yolu əlaqələrinin inkişafı, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin istifadəyə verilməsi bölgənin nəqliyyat əlçatanlığını artırır. Bu infrastruktur yalnız sərnişindaşımaya deyil, həm də sənaye və kənd təsərrüfatı məhsullarının daşınmasına, ticarət əlaqələrinin genişlənməsinə və investisiya fəallığının yüksəlməsinə xidmət edəcək.
Eyni zamanda, Ağdamın kənd təsərrüfatı potensialının bərpası da xüsusi əhəmiyyət daşıyır. Rayonun münbit torpaqları, su ehtiyatları və əlverişli təbii şəraiti aqrar sektorun inkişafı üçün geniş imkanlar yaradır. Müasir suvarma sistemlərinin qurulması, intensiv bağçılığın, taxılçılığın, heyvandarlığın və aqrar emal sənayesinin inkişafı bölgədə yeni iqtisadi fəaliyyət sahələrinin formalaşmasına səbəb olacaq. Xüsusilə kənd təsərrüfatı məhsullarının yerində emalı və bazarlara çıxarılması əlavə dəyərin yaradılması baxımından vacibdir.
Ağdamın turizm potensialı da diqqətdən kənarda qalmamalıdır. Şəhərin zəngin tarixi-mədəni irsi, İmarət Kompleksi, Şahbulaq qalası, Cümə məscidi və digər tarixi abidələri gələcəkdə turizm sektorunun inkişafı üçün mühüm imkanlar yaradır. Ağdam Muğam Mərkəzinin fəaliyyəti, tarixi-mədəni abidələrin bərpası və müasir hotel infrastrukturunun yaradılması şəhərin mədəni və turizm mərkəzi kimi formalaşmasına da töhfə verəcək.
Mən Ağdamın gələcəyini yalnız Qarabağın deyil, bütövlükdə Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayan şəhərlərdən biri kimi görürəm. Burada sənaye, kənd təsərrüfatı, logistika, turizm və xidmət sektorunun paralel inkişafı yeni iqtisadi ekosistemin formalaşmasına imkan verəcək. Ağdamda yaradılan iqtisadi imkanlar ətraf rayonlarla qarşılıqlı əlaqələri gücləndirəcək, yeni iş yerlərinin açılmasına və regionda iqtisadi fəallığın artmasına şərait yaradacaq.
Əminəm ki, dövlətin məqsədyönlü investisiya siyasəti, özəl sektorun fəallığı və Böyük Qayıdış proqramının ardıcıl icrası nəticəsində Ağdam yaxın gələcəkdə Qarabağın əsas sənaye, ticarət, logistika və sosial mərkəzlərindən birinə çevriləcək. Bu şəhərin yenidən qurulması həm də Azərbaycanın iqtisadi gücünün, quruculuq potensialının və gələcəyə hesablanmış inkişaf strategiyasının göstəricisidir.
20 Noyabr – Ağdam Şəhəri Günü bizim üçün yalnız tarixi bir hadisənin qeyd edilməsi deyil. Bu gün həm də Zəfərimizin, milli birliyimizin, doğma torpaqlarımıza qayıdışımızın və yeni həyatın başlanmasının rəmzidir. Bir zamanlar xarabalığa çevrilmiş Ağdam bu gün yenidən qurulur, küçələrində həyat canlanır, sakinləri doğma evlərinə qayıdır. Ağdamın dirçəlişi Azərbaycanın dirçəlişidir. Ən böyük arzumuz və məqsədimiz isə bu şəhərin yenidən öz tarixi şöhrətinə qovuşması, burada yaşayan hər bir ailənin firavan həyat sürməsi və Ağdamın ölkəmizin iqtisadi inkişafına mühüm töhfələr verməsidir.
"20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə bütün ağdamlıları və xalqımızı təbrik edir, doğma Ağdamımıza əbədi inkişaf və firavanlıq arzulayıram!"