Lüis Hemilton futbolçu ola bilərmiş
“Ferrari” komandasının pilotu, Formula 1 üzrə yeddiqat dünya çempionu Lüis Hemilton uşaqlıqda futbolla məşğul olub. Britaniyalı pilot mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edib. Lakin o, 16 yaşında futbol oynamağı dayandırmaq qərarına gəlib. Buna səbəb mümkün zədənin onun avtomobil yarışları karyerasına mane ola biləcəyi olub. Hemilton bu barədə futbolçu Cud Bellingemlə YouTube kanalında yayımlanan söhbətində danışıb: “16 yaşımda futbol oynamağı dayandırdım, çünki həmin vaxt uşaqlar meydanda kifayət qədər aqressiv olmağa başlamışdılar. Artıq yarışlarla məşğul idim və kartinqdən avtomobillərə keçid edirdim. Futbol oynayarkən zədələnsəm, yarışlarda iştirak edə bilməyəcəyimi başa düşürdüm. Sonda bu məşğuliyyətdən imtina etmək qərarına gəldim”.












