“Zəngəzur dəhlizi Azərbaycanın tranzit imkanlarını dəfələrlə artıracaq”
.jpg)
.jpg)
"Zəngəzur dəhlizinin açılması Azərbaycanın tranzit imkanlarının genişlənməsi, regional nəqliyyat əlaqələrinin inkişafı və Orta Dəhlizin əhəmiyyətinin artması baxımından mühüm rol oynayacaq".
İqtisadçı Xalid Kərimli SİA-ya açıqlamasında bildirib ki, Zəngəzur dəhlizi Azərbaycanın yükdaşıma qabiliyyətini və tranzit səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq:
"Təbii ki, bu, Azərbaycanın tranzit imkanlarını kəskin şəkildə artıracaq. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin yükdaşıma qabiliyyəti 5-6 milyon ton təşkil edir. Hətta bu potensialdan da tam istifadə olunmur. Hazırda maksimum 1-1,2 milyon ton yük göndərə bilirik. Lakin Bakı-TRIPP marşrutu açıldıqdan sonra dəmir yolu xəttinin yükdaşıma qabiliyyəti 20 milyon tona qədər arta bilər. Təbii ki, bu, böyük həcmdə yük deməkdir və Azərbaycanın yükdaşıma qabiliyyətini dəfələrlə artıracaq. Eyni zamanda, daşımaların səmərəliliyi də yüksələcək.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin keçdiyi coğrafiya uzundur və bu marşrutla daşımalar daha çox vaxt tələb edir. Zəngəzur dəhlizinin isə həm relyefi, həm də marşrutun xüsusiyyətləri baxımından daha əlverişli imkanları var. TRIPP marşrutu ilin 12 ayı ərzində, iqlim şəraitindən asılı olmayaraq, rahat şəkildə işləyə bilər. Bakı-Tbilisi-Qars dəmir yolu xəttində isə müəyyən çatışmazlıqlar mövcuddur. Belə ki, marşrutun relyefi mürəkkəbdir, xətt çətin ərazilərdən keçir. Eyni zamanda, həddindən artıq qar yağması zamanı müəyyən problemlər yarana bilər.
Yeni marşrutun əhəmiyyəti ondadır ki, Zəngəzur dəhlizi Azərbaycanı yalnız Naxçıvanla birləşdirmir, həm də Türkiyə ilə daha səmərəli nəqliyyat əlaqəsi yaradır. Bu, Azərbaycan üçün vacibdir, Türkiyə üçün vacibdir, Mərkəzi Asiya üçün vacibdir, Ermənistan üçün isə olduqca əhəmiyyətlidir. Ermənistan özü də blokadadan çıxacaq və bütün istiqamətlərdə həm idxal, həm də ixrac əməliyyatlarına qoşula biləcək.
Bu, Orta Dəhliz üçün də mühüm əhəmiyyət daşıyır. Çindən Qərbə və ya Qərbdən Çinə yük daşımalarında bu marşrutun rolunu artıracaq. Ümumilikdə, bu, strateji, iqtisadi, fiziki infrastruktur və məşğulluq baxımından mühüm marşrutdur. Yeni nəqliyyat bağlantısı iqtisadi fəallığın artmasına və yeni iş yerlərinin yaradılmasına da töhfə verə bilər.
Təbii ki, bu marşrutda ABŞ Ermənistanın operatoru rolunda çıxış edir. Demək olar ki, ABŞ müəyyən müddətə, uzunmüddətli dövr üçün Ermənistan ərazisindəki marşruta nəzarət edəcək. İranın narahatlığı da məlumdur. Rəsmi şəxslər də bunu bəyan ediblər. İran ona görə narahatdır ki, bu dəhliz onun ərazisindən kənar keçir.
Lakin Türkiyə və Rusiya da bu dəhlizdə maraqlıdır. Çünki Rusiyanın Ermənistanla birbaşa əlaqəsi formalaşır. Eyni zamanda, Rusiyanın dəmir yolu xətti vasitəsilə Türkiyə ilə alternativ əlaqəsi yaranır. Yəni İranı kənarda qoymaq şərti ilə bu marşrut digər tərəflərin maraqlarına uyğundur".
1 mənbə