Zəfərin və Böyük Qayıdışın rəmzi: AĞDAM ŞƏHƏRİ GÜNÜ


20 noyabr – Ağdam şəhəri günü işğaldan azad olunmuş Azərbaycan torpaqlarının dirçəlişi, milli qürur və zəfər əzminin təcəssümüdür. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik… Heç kimdə bu haqda şübhə olmasın”, fikri bu tarixi torpağın taleyinə dair dövlət iradəsinin ən yüksək səviyyədə ifadəsidir. Bu gün Ağdam artıq təkcə dağıntılar yox, həm də quruculuq, yenilənmə və tarixi ədalətin bərpası simvoludur.
1993-cü il 23 iyul tarixində Ağdamın 73 faizinin işğalı Azərbaycan tarixinin ən faciəli hadisələrindən biridir. 128 min insan öz doğma yurd-yuvasından didərgin düşmüş, ərazidəki 90 kənd talan edilmişdir. 6 mindən çox şəhidin qanı bu torpağa tökülmüş, minlərlə mülki şəxs yaralanmışdır. İşğal nəticəsində: 38 kolxoz və çoxsaylı sənaye müəssisələri, 74 məktəb, 271 mədəniyyət ocağı, Çörək Muzeyi, yüzlərlə tarixi abidə və məscidlər tamamilə dağıdılmış, talan edilmişdir. Ermənistan Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozaraq coğrafi adları dəyişdirmiş, mülki obyektləri yandırmış, mədəni irsi məqsədli vandalizmə məruz qoymuşdur. Bu əməllər müharibə cinayətləri olmaqla yanaşı, bölgədə etnik təmizləmə siyasətinin bariz nümunəsidir. BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi Ağdam da daxil olmaqla işğal olunmuş bütün ərazilərdən erməni silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, Ermənistan uzun illər bu tələblərə məhəl qoymamışdır.
"BUGÜNKÜ AZƏRBAYCAN BÜTÜN TARİX BOYUNCA ƏN QÜDRƏTLİ AZƏRBAYCANDIR"
27 il sonra Ağdam işğaldan azad olundu və Azərbaycan öz haqqına qovuşdu. Bu gün Ağdam yeni günün yaşayır və işğaldan azad olunan Ağdamımızda abadlıq-quruculuq işləri həyata keçirilir. Prezident İlham Əliyevin imzaladığı məlum Sərəncama əsasən, noyabrın 20-də Ağdam Şəhəri Günüdür. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün - noyabrın 20-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 6 il ötür. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub. Belə ki, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu ölkəmizin əzəli torpaqlarının azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayıb. Hərbi əməliyyatlar zamanı uzun illər işğal altında olan torpaqlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən kəndbəkənd, qarışbaqarış azad edilib. Ağdam rayonunun işğaldan azad olunması 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsində baş tutdu. Noyabrın 10-da Prezident İlham Əliyev xalqa müraciətində qeyd etdiyi kimi, bu bəyanatın imzalanmasının səbəbi noyabrın 9-da Dövlət Bayrağı Günündə bizim növbəti şanlı hərbi qələbəmiz olub:"Çünki noyabrın 9-da 72 yaşayış məntəqəsini Azərbaycan Ordusu işğalçılardan azad edib. Şuşanın azad edilməsi, noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi və sentyabrın 27-dən bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə Ermənistan ordusunun belini qırmışıq. Paşinyan məcbur olub bu bəyanata öz imzasını atır. Amma çox miskin, çox acınacaqlı durumda. Mən isə böyük fəxarət və sevinc hissi ilə bu bəyanata öz imzamı atmışam. Çünki bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat imkan verir ki, hələ də işğal altında olan digər rayonlarımızı - Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən qaytaraq. Qısa bir müddət qoyulur, bu ayın sonuna qədər bu rayonlar bizə qaytarılır". Bəli, beləliklə, 27 ildən sonra günəş şüaları ilə nurlanmış ağ ev Ağdam Azərbaycana qaytarıldı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayan Ermənistan öz işğalçı siyasətini davam etdirsə də Azərbaycanın güclü ordusu və Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə torpaqlarımız işğaldan azad edildi. 27 il Ağdam şəhəri də daxil olmaqla ərazisinin böyük bir hissəsi erməni işğalı altında olan ərazimiz, əzəli torpaqlarımız sahiblərinə qaytarıldı. "Bütün binalar, bütün kəndlərdəki evlər, ictimai binalar ermənilər tərəfindən dağıdılıb. Bu, misli görünməmiş barbarlıqdır, vandallıqdır, vəhşilikdir. Bu, erməni faşizminin eybəcər sifətinin göstəricisidir. Bütün dünya bunu görməlidir və görür. Biz bundan sonra da xarici vətəndaşları buraya dəvət edəcəyik. Onlar gələcəklər və erməni vəhşiliyi nədir onu görəcəklər"- deyə Prezident bildirmişdir.
Ermənilər nə qədər vandallıq əməlləri törətsələr də, xalqımza məxsus dini-mədəniyyət abidələrini, yaşayış evlərini, infrastrukuru dağıtmış olsalar da, tarixi həqiqət qələbə çaldı. Bu gün nəinki, Ağdamda eləcə də işğaldan azad olunan digər ərazilərdə böyük abadlıq-quruculuq işləri aparılır. Azərbaycan Prezident İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "Bu gün misli görünməmiş bərpa işləri aparılır. Nəyin hesabına? Məhz hazırlıq hesabına. Ona görə biz güclü dövlət yaratmışıq, Mən son illərdə dəfələrlə demişdim və bax, həyat mənim sözümü təsdiqlədi ki, bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır".Görülən işlər hazırlanmış layihələr, şəhərlərin baş planı əasında sistemli olaraq reallaşır. Hər qarışında tariximizin izi olan bu ərazilərdə böyük bir xalqın izi, imzası vardır. 30 ilə yaxın işğal altında olan ərazilərimizdə sürətlə aparılan abadlıq və quruculuq işləri burada yeni müasir məkanlarımız olacağından xəbər verir. Əlbəttə ki, bu ərazilərdən erməni vandallarının izlərini silib atsaq da tariximizdə, yaddaşımızda onların törətdikləri çirkin əməlləri silinməyəcək.
YENİ REALLIQLAR YARADAN AZƏRBAYCANIN DİNAMİK İNKİŞAF DÖVRÜ
Bu gün ermənilərin viran qoyduqları ərazidə irimiqyaslı layihələr icra olunur. Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması ilə yanaşı, burada işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması hədəfinə uyğun olaraq, məhəllədəki binaların enerji təchizatında alternativ enerji mənbələrindən istifadə üzrə konseptual həllər işlənmişdir. Ölkə başçısının gördüyü işlər, həyata keçirdiyi bütün layihə və proqramlar, ilk öncə milli maraqları özündə əks etdirir. Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Bu gün Azərbaycanda güclü dövlət idarəçiliyi mövcuddur. Yeni reallıqlar yaradan Azərbaycan dinamik inkişaf dövrünü yaşayır. 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərdən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan gələcək inkişaf strategiyasını dövrün tələblərinə uyğun olaraq müəyyənləşdirib. Uzaqgörən qərarları ilə Azərbaycan Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir irimiqyaslı layihələri ilə müasir dünyamızda etibarlı tərəfdaşlarından birinə çevrilib. İşğal altından azad olunan ərazilərimizdə abadlıq-quruculuq işələri sürətlə davam etdirilir. Ermənilərin xarabalığa çevirdiyi məkanlarda yeni yollar çəkilir, dayanıqlı və davamlı iqtisadi fəallığın təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşır, tarixi-mədəniyyət və dini abidələrimiz təmir və bərpa olunur. Su, qaz, elektrik təsərrüfatlarının bərpası ilə bağlı işlər uğurla davam etdirilir. Artıq görülən işlərin məntiqi nəticəsi olaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış ardıcıl olaraq həyata keçirilir.
“QAFQAZIN XİROSİMASI” DİRÇƏLİR
Qələbənin əbədiləşdirilməsi məqsədilə 26 noyabr 2020-ci ildə “Ağdamın azad olunmasına görə” medalı təsis edilmiş, 5.790 hərbi qulluqçu bu medalla təltif olunmuşdur. İşğaldan sonra Ağdam tamamilə yerlə-yeksan edilmiş şəhər təsiri bağışlayırdı. Beynəlxalq ekspertlər və jurnalistlər buranı “Qafqazın Xirosiması” adlandırırdılar. Lakin bu gün həmin xarabalıqların yerində yeni, müasir, ağıllı şəhər konsepsiyasına əsaslanan Ağdam qurulur. Nazirlər Kabinetinin 16 avqust 2022-ci il tarixli Qərarı ilə təsdiq edilən “Ağdam şəhərinin 2040-cı ilədək Baş Planı” işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında strateji yol xəritəsidir. Bu plan işğaldan azad edilmiş rayonlar içində ilk təsdiq edilən sənəd olmaqla, Ağdamın gələcək inkişaf perspektivlərini müəyyənləşdirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdam rayonuna səfərləri və burada yeni müəssisələrin təməllərinin qoyulması tezliklə Ağdamın müasir bir məkana çevriləcəyindən və sakinlərinin əzəli torpaqlarına qayıdacağından xəbər verir. Səfərlər çərçivəsində dövlətimizin başçısının görülən işlərlə tanışlığı və yeni təməllərin qoyulması, tapşırıq və göstərişlərin verilməsi Ağdamın tezliklə qurulmasının göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam Sənaye Parkında müxtəlif təyinatlı ayaqqabıların istehsalı zavodunun, Ağdam Sənaye Parkında Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodunun, Ağdam Sənaye Parkında Dam örtükləri istehsalı zavodunun açılışlarında iştirak edib.
BÖYÜK QAYIDIŞIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ
Ağdamda İmarət Kompleksi bərpadan sonra açılışı olub. Qeyd edək ki, Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq abidələrindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli ev xüsusiyyəti daşıyıb. İşğal altında olmuş ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi, Pənahəli xanın imarəti də işğalçılar tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarı olub. Qarabağ xanlarının nəslindən olan digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra qəbiristanlıq da erməni vandalizminə məruz qalıb. Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq Pənahəli xanın sarayının yerləşdiyi "İmarət" Kompleksinin bərpa edilməsi üçün işlərə başlanılmış və artıq bərpadan sonra açılışı olub.
Ağdamda reallaşan layihələr baş planına uyğun olaraq həyata keçirilir. Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması ilə yanaşı, burada işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması hədəfinə uyğun olaraq, məhəllədəki binaların enerji təchizatında alternativ enerji mənbələrindən istifadə üzrə konseptual həllər işlənmişdir. Əlbəttə ki, Ağdamda aparılan abadlıq-quruculuq işləri çərçivəsində şəhərin daxili yollarında aparılan işləri də qeyd etməliyik. Ağdam şəhərinin Baş planına əsasən şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 kilometr təşkil edir. Şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Ağdam şəhərinin daxili yollarının 6 tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub. Hər bir tip en kəsiyinin əhəmiyyətinə uyğun olaraq, hərəkət zolaqlarının sayı 2-8 ədəd, yaşıllıq zolağının eni 1,5-3 metr, velosiped zolağının eni 1,5 metr, piyada zolağının eni isə 4-6 metr təşkil edir. Magistral şəhər yollarının uzunluğu 17,5 kilometrdir. Ümumşəhər əhəmiyyətli yolların uzunluğu 50, yerli əhəmiyyətli yolların ümumi uzunluğu isə 122,2 kilometr təşkil edir. Bildiyimiz kimi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam avtomobil yolu istifadəyə verilib. 2025-ci ilin may ayında açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi bölgənin nəqliyyat sisteminin əsas qovşağıdır. 8 hektar ərazidə inşa edilmiş kompleks: gündəlik 800–1000 nəfər dəmir yolu sərnişininə, 1300–1500 nəfər avtovağzal sərnişininə xidmət göstərə biləcək texniki imkanlara malikdir.
Hazırda Ağdamda bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, şəhər dirçəldilir. Belə ki, Vətən müharibəsindən sonra rayon ərazisində infrastrukturun bərpası və yenidənqurma işləri da vam etdrilir. 20 noyabr – Ağdam şəhəri günü bu dirçəlişin, Böyük Qayıdışın və tarixi ədalətin təntənəsini ifadə edən xüsusi tarixi gündür. Bu gün müasir Ağdam artıq qayıdışın deyil, həm də inkişafın, yenilənmənin, milli iradənin rəmzidir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin sözləri ilə desək, hər zaman Azərbaycan zəfər çalsın, hər zaman - əgər lazım olarsa, həm döyüş meydanında, həm iqtisadi sahədə, həm siyasi müstəvidə, hər bir yerdə Azərbaycan həmişə zirvələrdə olsun!
Zümrüd BAYRAMOVA
Dərc vaxtına görə
Sesqazeti.azoxuduğunuz
Zəfərin və Böyük Qayıdışın rəmzi: AĞDAM ŞƏHƏRİ GÜNÜ
