Zədəli olduğunu deyib, yığmaya gəlmədi, klubunda qol vurdu


Noyabrın 6-da yığmanın Lixtenşteyn və Andorra ilə oyunlar üçün heyəti açıqlananda diqqəti çəkən adlardan biri də İtaliyanın B seriyasında mübarizə aparan “Sampdoriya”nın hücumçusu Lorentso Mezzotero idi. Gənc futbolçunun ilk dəfə əsas yığmamıza dəvət alması azarkeşlər arasında maraq doğurmuşdu. Lakin noyabrın 9-da AFFA Mezzoteronun çempionat oyununda aldığı zədə üzündən heyətdən çıxarıldığını açıqladı. “Sampdoriya” noyabrın 8-də quruma göndərdiyi elektron məktubda hücumçunun yığmanın düşərgəsinə gələ bilməyəcəyini yazmışdı. Noyabrın 10-da Lorentso tibbi müayinədən keçməli, klub AFFA-ya həmin müayinənin nəticəsini təqdim etməliydi...İndi isə hadisələrin axarı daha maraqlı məcraya yönəlib. Belə ki, dünən – noyabrın 21-də “Sampdoriya”nın evdə “Benevento”nu 3:1 hesabıyla məğlub etdiyi qarşılaşmada Mezzotero start heyətində meydana çıxıb. 34-cü dəqiqədə hesabı 3:1 edib, 59-cu dəqiqədə əvəzlənib. İtaliya mediası onun çıxışını yüksək qiymətləndirib. “SampNews24”, “ClubDoria46” və “Pianeta Serie B” futbolçuya 7, “Tuttomercatoweb” isə 6,5 bal verib.
Bəs necə olur ki, cəmi bir neçə gün əvvəl zədəsi Azərbaycan millisinin düşərgəsinə qoşulmasına mane olan futbolçu indi start heyətində meydana çıxır, 59 dəqiqə oynayır, hətta qol vurur?
Əlbəttə, futbolçunun dünən meydana çıxması yığmanın oyunları zamanı da tam sağlam olduğunu sübut etmir. Ola bilər ki, bu müddətdə zədəsini sağalıb, yenidən optimal fiziki vəziyyətə qayıdıb. Lakin bu ehtimal belə məsələyə aydınlıq gətirilməsi zərurətini aradan qaldırmır.
Nəzərə alaq ki, Mezzotero əsas yığmaya ilk dəfə dəvət olunmuşdu, onun debütü böyük maraqla gözlənilirdi. Belə məqamda futbolçunun zədə səbəbindən milliyə gəlməməsi, qısa müddət sonra isə klubunda məhsuldar çıxış etməsi müəyyən suallar yaradır. Xüsusən də seçimini dəyişə biləcəyi, yəni İtaliya yığmasını seçə biləcəyi ilə bağlı söhbətlər fonunda!
Ümid edirik ki, AFFA qaranlıq məqamlara aydınlıq gətirəcək. Milli komandaya dəvət almaq təkcə futbolçu üçün şərəf deyil, həm də məsuliyyətdi.
İSRAYIL XEYRULLAYEV