Zahid Oruc: DİM-in funksional müstəqilliyi qorunmalıdır


Dövlət İmtahan Mərkəzinin (DİM) funksional müstəqilliyi qorunmalı, mümkün struktur dəyişiklikləri qurumun ali məktəblərə və dövlət qulluğuna qəbulda təmin etdiyi obyektivliyi zəiflətməməlidir. Bunu deputat Zahid Oruc bildirib.
Onun sözlərinə görə, Abbaszadənin rəhbərliyi dövründə ali məktəblərə və dövlət qulluğuna qəbulda şəffaflıq, obyektiv qiymətləndirmə və bərabər imkan prinsiplərinə əsaslanan sistem formalaşıb.
Zahid Oruc qəbul sisteminin metodologiyasının təkmilləşdirilməsinə ehtiyac olduğunu, açıq tipli sualların, analitik tapşırıqların və biliklərin praktiki tətbiqinin qiymətləndirilməsinin genişləndirilməli olduğunu bildirib.
Lakin o, test sisteminin ləğvinin subyektiv qiymətləndirməyə və qəbul prosesində insan amilinin həlledici roluna qayıdışla nəticələnməməli olduğunu deyib.
“Biz qəbul sisteminin metodologiyasını dəyişə bilərik, lakin onun ən böyük nailiyyətini - biliyin qarşısında sosial imtiyazların hökmünü məhdudlaşdıran ədalətli müsabiqə prinsipini qorumalıyıq”, -Zahid Oruc bildirib.
Deputat həmçinin DİM-ə yeni rəhbərin təyin edilməsinin strateji məsələ olduğunu qeyd edib və qurumun başqa dövlət strukturunun tərkibinə verilməsinin qəbul prosesində obyektivlik təminatlarını zəiflədə biləcəyi barədə xəbərdarlıq edib.
Zahid Oruc Abbaszadənin BDU-da akademik açıqlığı və elmi rəqabəti gücləndirəcəyinə, istedadlı alimlərin universitetə cəlb olunması və tələbələrin tədqiqat imkanlarının genişləndirilməsi üçün addımlar atacağına ümid etdiyini bildirib.
Bugün Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə yeni fəaliyyətində ilk addımların universitetdəki mövcud vəziyyətin dərindən öyrənilməsi, kollektivlə açıq və peşəkar dialoqun qurulması, tələbələrin fikirlərinə diqqətlə yanaşılması olacağını açıqlayıb.
Məleykə Abbaszadə Prezident İlham Əliyevin noyabrın 19-da imzaladığı sərəncamla DİM-in İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək BDU-nun rektoru təyin olunub. Digər sərəncamla Elçin Babayev BDU-nun rektoru vəzifəsindən azad edilib.
Abbaszadə 1994-cü ildən ölkənin ali məktəblərə qəbul sistemində rəhbər vəzifələrdə çalışıb. O, 2000-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri təyin olunub, daha sonra fəaliyyətini DİM-in rəhbəri kimi davam etdirib.