Yunanıstanla təhsil sahəsində əməkdaşlıq Azərbaycana nə vəd edir? - RƏY


Azərbaycanın Yunanıstandakı səfiri Arif Məmmədov ilə bu ölkənin təhsil, din və idman naziri Sofiya Zaxaraki arasında görüş keçirilib. Bu barədə səfirliyin "Facebook" səhifəsindəki məlumatında deyilir. "Görüşdə tərəflər təhsil sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə ediblər", - məlumatda bildirilib.
Bəs Azərbaycanın Yunanıstanla əməkdaşlığı təhsildə hansı yeniliklərə qapı aça bilər?
Mövzu ilə bağlı Plat.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib ki, təhsillə bağlı atılan istənilən addım uğurlu nəticələr verə bilər:
"Azərbaycanın ali təhsil istiqamətində atdığı addımlar, dövlətin xüsusilə də ali təhsil istiqamətinə diqqət və qayğısı, xarici dövlətlərlə ikili diplom proqramları, bununla yanaşı bəzi inkişaf etmiş ölkələrin Azərbaycanla birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən təhsil siyasəti, misal üçün İtaliya-Azərbaycan Universiteti, Azərbaycan-Türkiyə Universiteti, UFAZ – Azərbaycan-Fransız Universiteti kimi nümunələr var ki, bunlar müsbət qəbul olunmalıdır. Əksər universitetlərin Azərbaycan universitetləri ilə əməkdaşlıqları davam edir. Eləcə də Azərbaycanın Çinlə təhsil sahəsində olan əməkdaşlıqları məhz Avropanın bir çox ölkələrinin diqqət mərkəzindədir və bu ölkələr istər-istəməz təhsil istiqamətində Azərbaycanla əməkdaşlıq etməyə can atırlar. Bunu biz bir çox istiqamətlərdə müşahidə etdik, gördük. Ümumiyyətlə xarici ölkələrin Azərbaycanla birgə əməkdaşlıq çərçivəsində təhsil sahəsində əməkdaşlıq etmələri xüsusilə də diqqət mərkəzindədir. Hesab edirəm ki, Azərbaycanla əməkdaşlıq istiqamətində Yunanıstanda da müəyyən bir maraq formalaşdırıb və Yunanıstan da Azərbaycanla bu istiqamətdə əməkdaşlıq etməyə can atır. Əlbəttə, Azərbaycan müxtəlif dövlətlərlə əməkdaşlıq etdiyi təqdirdə bu həm Azərbaycanın təhsil sahəsində, həmçinin də Yunanıstanın və digər ölkələrin təhsil sahəsində müəyyən mühüm irəliləyişlər formalaşdıra bilər".
Ekspert qeyd edib ki, həmçinin ikili diplom əməkdaşlıqları, hökumətlərarası təqaüd proqramları həyata keçirilə bilər, Yunanıstanla Azərbaycan arasında eləcə də dövlət proqramı sahəsində Yunanıstanın öndə gələn universitetlərinin dövlət proqramına Azərbaycanın da əlavə olunması reallaşa bilər:
"Yəni bu ikili əməkdaşlığın üstün cəhətləri əlbəttə ki, çoxdur. Bu da Azərbaycanın təhsilə verdiyi diqqət və qayğıdan irəli gəlir, Azərbaycanın inkişafından irəli gəlir, güclü dövlət olmasından qaynaqlanır. Bu, Azərbaycanda ali təhsil istiqamətində beynəlxalq reytinqlərdə ali təhsil müəssisələrimizin sayının günü-gündən artdığının nəticəsidir. Ümid edək ki, Yunanıstanla da əməkdaşlıqlar davam edəcək və ikili diplom proqramları, hökumətlərarası təqaüd proqramları kimi əməkdaşlıq olacaq".
Dərc vaxtına görə
