Yunanıstan xaricilər üçün mənzil alışına vergini 5 dəfə artırır – 2027-ci ildən 15% olacaq


Yunanıstan hökuməti Avropa İttifaqı (Aİ) və Avropa İqtisadi Məkanından kənar ölkələrin vergi rezidentləri üçün mənzil alışına tətbiq edilən vergini 3%-dən 15%-ə yüksəldib. Yeni qaydalar 2027-ci il iyulun 1-dən qüvvəyə minəcək.
Banker.az xəbər verir ki, dəyişiklik Yunanıstanın rəsmi hökumət bülletenində dərc edilmiş 5355/2026 saylı qanunda nəzərdə tutulub.
Yeni vergi yalnız yaşayış təyinatlı daşınmaz əmlakın alışına şamil ediləcək. Aİ və Avropa İqtisadi Məkanına daxil olmayan ölkələrdə vergi rezidenti olan fiziki şəxslər mənzil alarkən əmlakın vergiyə cəlb edilən dəyərinin 15%-ni ödəməli olacaqlar.
Bələdiyyə əlavəsi nəzərə alındıqda faktiki vergi yükü 15,45%-ə çatacaq. Hazırda müvafiq göstərici 3,09%-dir.
Məsələn, 250 min avroluq mənzilin alınması zamanı əsas vergi 7 500 avrodan 37 500 avroya yüksələcək. Bələdiyyə əlavəsi ilə birlikdə alıcının vergi xərci 38 625 avro təşkil edəcək.
Dəyişiklik Yunanıstanın “qızıl viza” proqramından yararlanmaq istəyən xarici investorların da xərclərini artıra bilər. Proqram müəyyən investisiya şərtləri daxilində əcnəbilərə ölkədə uzunmüddətli yaşayış icazəsi almaq imkanı verir.
Bununla belə, qeyri-yaşayış təyinatlı daşınmaz əmlakın alınması yeni 15%-lik vergiyə birbaşa daxil edilmir. İlk yaşayış evinin alınması üzrə qanunvericilikdə nəzərdə tutulan güzəştlər də müvafiq şərtləri ödəyən şəxslər üçün qüvvədə qalır.
Yeni qaydalar 2027-ci il iyulun 1-dən bağlanan yekun alqı-satqı müqavilələrinə tətbiq ediləcək.
1 mənbə