Yeni Azərbaycan Partiyası: təşkilati güc və xalqın etimadı


1992-ci ilin payızında 91 nəfər ziyalının imzası ilə başlayan təşəbbüs, Naxçıvana gedən 550 nəfərlik təşəbbüs qrupu və təsis konfransı bu gün 769 811 üzvü olan böyük siyasi təşkilata çevrilib. Bu rəqəm təkcə kəmiyyət göstəricisi deyil, həm də partiyanın cəmiyyətdəki yerinin, ideyalarının nə qədər geniş dəstək qazandığının göstəricisidir. Prezident İlham Əliyev VIII qurultaydakı çıxışında Yeni Azərbaycan Partiyasını Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi kimi səciyyələndirib.
Partiyanın təşkilati inkişafı ilk gündən sistemli xarakter daşıyıb. 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyində qeydiyyata alındıqdan sonra qısa müddətdə yerli təşkilatlar və özəklər yaradıldı. 1992–1993-cü illərdə rayon təşkilatları formalaşdı. 1993-cü ilin aprelində partiyanın mətbu orqanı olan “Yeni Azərbaycan” qəzetinin ilk sayı çapdan çıxdı. Bu addımlar partiyanın bütün ölkəni əhatə edən şəbəkəyə çevrilməsinin əsasını qoydu. 1998-ci il fevralın 2-də Gənclər Birliyinin Ümumrespublika Forumu keçirildi və YAP Sədrinin forumdakı nitqindən irəli gələn məsələlər Gənclər Birliyinin fəaliyyət proqramının əsasını təşkil etdi. Sonrakı illərdə Gənclər Birliyinin konfransları – 2005-ci ildə II konfrans, 2011-ci ildə III Hesabat konfransı – bu strukturun inkişafını davam etdirdi. Bu gün də Gənclər Birliyi partiyanın ən dinamik strukturlarındandır. VIII qurultaydan sonra yeni tərkibdə toplanan Gənclər Birliyi ali təhsil müəssisələrində fəaliyyət göstərən “YENİ Klub”ların əhatə dairəsinin genişləndirilməsini, gənclərin liderlik və təşəbbüskarlıq bacarıqlarının inkişafını, rəqəmsal və sosial mövzularda maarifləndirici layihələrin təşkilini qarşısına məqsəd qoyub. Bu, partiyanın gələcəyini gənc nəsillə birlikdə qurmaq niyyətinin göstəricisidir. VII qurultayda yeni Nizamnamənin qəbul edilməsi və Veteranlar Şurasının yaradılması partiyanın strukturunu daha da zənginləşdirdi. Beləliklə, partiyada gənclərin enerjisi ilə veteranların təcrübəsi bir araya gəlir. Bu balans təşkilatın davamlılığını və nəsillər arasında varisliyi təmin edir. 2018-ci il mayın 18-də isə partiyanın yeni inzibati binasının açılışı oldu və Prezident İlham Əliyev açılış mərasimində iştirak etdi. Partiyanın yubileyləri onun inkişaf yolunun mühüm dayanacaqlarıdır. 1994-cü ildə iki illiyə həsr olunmuş ümumrespublika müşavirəsi, 1997-ci ildə 5 illiyə həsr olunmuş Ümumrespublika Forumu, 2002-ci ildə 10 illik, 2007-ci ildə 15 illik yubiley tədbirləri keçirildi. 2017-ci il noyabrın 14-də 25 illik, 2022-ci il noyabrın 21-də isə 30 illik yubiley Heydər Əliyev Mərkəzində qeyd olundu. Bu tədbirlərin hər biri partiyanın keçdiyi yolu dəyərləndirmək və yeni hədəflər müəyyən etmək üçün fürsət oldu. Təşkilati gücün ən aydın sınağı seçkilərdir. Son illərin seçki nəticələri bu gücün real olduğunu göstərir. 2024-cü il fevralın 7-də YAP-ın namizədi İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazandı. Həmin il sentyabrın 1-də keçirilən parlament seçkilərində partiya 68 millət vəkili ilə təmsil olunmaq hüququ qazandı. 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində isə yerli özünüidarəetmə orqanlarında yerlərin böyük əksəriyyəti YAP-ın namizədlərinə məxsus oldu. Partiyanın təşkilati gücü onun regional şəbəkəsində də özünü göstərir. VIII qurultayın qərarlarından irəli gələn vəzifələrin regionlarda, o cümlədən Naxçıvan Muxtar Respublikasında və Bakının rayon təşkilatlarında icrası nəzərdə tutulur. Rayon və şəhər təşkilatları partiya ilə vətəndaşlar arasında birbaşa əlaqəni təmin edir, yerli problemlərin öyrənilməsində və həllində fəal iştirak edir. VIII qurultayda iştirak edən 960 nümayəndənin məhz bu təşkilatlar tərəfindən seçilməsi də regional strukturların partiya həyatındakı rolunu göstərir. Lakin üzvlərin sayı nə qədər böyük olsa da, partiyanın əsl gücü onların fəallığındadır. VIII qurultay da məhz bu məsələyə diqqət yetirdi: kadr və təşkilati işin gücləndirilməsi, partiyanın əsas prinsiplərinin gündəlik fəaliyyətdə rəhbər tutulması, islahatlara ictimai dəstəyin artırılması qarşıdakı dövrün əsas vəzifələri kimi müəyyən edildi. Prezident İlham Əliyevin “Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var” sözləri də hər bir üzvün məsuliyyətini xatırladır. Yeni Azərbaycan Partiyasının 34-cü ildönümü 770 min üzvün hər biri üçün qürur günüdür. Bu gün partiya ölkənin siyasi meydanının lideri və cəmiyyətin aparıcı qüvvəsi kimi öz tarixini fəxrlə xatırlayır, gələcəyə isə inam və məsuliyyətlə baxır. Ulu Öndərin dediyi kimi, YAP dünənin, bu günün və gələcəyin partiyasıdır. Hüseyn Məsimov, YAP Mirəsədulla Mirqasımov küçəsi 1 (KTM PHŞ) üzrə ƏPT sədri, “Kliniki Tibbi Mərkəz” PHŞ-in baş həkimi