Yeni Azərbaycan Partiyası: dünənin tarixi, bu günün reallığı və gələcəyin hədəfləri


Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi ilk illər xalqımızın yaddaşında mürəkkəb siyasi proseslər, ağır sosial-iqtisadi vəziyyət və dövlətçilik qarşısında yaranmış ciddi təhlükələrlə səciyyələnir. Ölkənin ərazi bütövlüyünə qarşı hərbi təcavüzün davam etdiyi, idarəetmə sistemində böhranın dərinləşdiyi, siyasi qüvvələr arasında qarşıdurmanın kəskinləşdiyi bir şəraitdə müstəqilliyin qorunması və möhkəmləndirilməsi ən vacib məsələ idi. Azərbaycan cəmiyyətində ölkəni mövcud böhrandan çıxara biləcək siyasi iradəyə, dövlətçilik təcrübəsinə və aydın inkişaf strategiyasına ehtiyac getdikcə daha qabarıq hiss olunurdu.
Məhz belə bir tarixi şəraitdə Ümummilli Lider Heydər Əliyevin siyasi rəhbərliyi ilə yeni partiyanın yaradılması təşəbbüsü meydana çıxdı. Bu təşəbbüs ayrı-ayrı şəxslərin siyasi maraqlarından deyil, ölkənin gələcəyi ilə bağlı narahatlıq keçirən ziyalıların və geniş ictimaiyyətin mövqeyindən qaynaqlanırdı. Yeni Azərbaycan Partiyasının yaranmasını şərtləndirən əsas amil də müstəqil dövlətçiliyin qorunması, siyasi sabitliyin təmin olunması və Azərbaycanın inkişaf yolunun müəyyənləşdirilməsi zərurəti idi.
Tarixi zərurətdən doğan təşəbbüs
1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 tanınmış ziyalısı Ümummilli Lider Heydər Əliyevə müraciət edərək yeni siyasi partiyanın yaradılmasına rəhbərlik etməsini xahiş etdi. Oktyabrın 24-də həmin müraciətə cavab verən Ulu Öndər Heydər Əliyev belə bir siyasi təşkilatın yaradılmasını tarixi zərurət kimi dəyərləndirdi. Bununla da Azərbaycanın siyasi həyatında mühüm yer tutacaq yeni partiyanın təsis olunmasına aparan proses başlandı.
1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 550 nəfərlik təşəbbüs qrupunun iştirakı ilə baş tutan konfransda partiyanın yaradılması haqqında qərar qəbul edildi, Nizamnamə və Proqram təsdiqləndi. Ümummilli Lider Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Dekabrın 18-də Yeni Azərbaycan Partiyası dövlət qeydiyyatına alındı.
Təsis konfransının əhəmiyyəti yalnız yeni siyasi təşkilatın yaradılması ilə məhdudlaşmırdı. Bu hadisə müstəqilliyin ilk illərində ölkənin gələcəyi ilə bağlı formalaşmış ictimai tələbin siyasi müstəvidə ifadəsi idi. Partiyanın yaranmasından sonrakı dövrdə Azərbaycanın müxtəlif bölgələrində yerli təşkilatların yaradılması, siyasi fəaliyyətin genişləndirilməsi və ictimaiyyətlə əlaqələrin qurulması onun təşkilati baxımdan möhkəmlənməsinə şərait yaratdı.
Dövlətçilik tarixində dönüş nöqtəsi
1993-cü ilin birinci yarısında ölkədə siyasi böhran daha da dərinləşdi. Dövlət müstəqilliyinin və ölkənin ərazi bütövlüyünün təhlükə altında olduğu, vətəndaş qarşıdurması riskinin artdığı bir vaxtda xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev iyunun 9-da Naxçıvandan Bakıya gəldi. İyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilən Ulu Öndər Heydər Əliyev qısa müddətdə ölkədə siyasi sabitliyin bərpası və dövlət idarəçiliyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atdı. Həmin il oktyabrın 3-də keçirilən prezident seçkilərində Onun Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə dövlət quruculuğunda yeni mərhələnin əsası qoyuldu.
Ulu Öndər Heydər Əliyevin prezident seçilməsi Yeni Azərbaycan Partiyasının siyasi həyatında da yeni mərhələ açdı. Partiya müxalifət siyasi təşkilatı kimi yarandığı halda, 1993-cü ilin oktyabrından sonra ölkənin siyasi idarəçilik sistemində yeni status qazandı. Dövlət institutlarının möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması, hüquqi dövlət quruculuğu və iqtisadi islahatların həyata keçirilməsi həmin dövrün əsas vəzifələrinə çevrildi.
1995-ci il noyabrın 12-də keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyası 54 mandat qazanaraq Milli Məclisdə təmsil olundu. 2000-ci il noyabrın 12-də keçirilən parlament seçkilərində isə partiya 125 deputat mandatından 77-sini əldə etdi. Bu nəticələr YAP-ın ölkənin siyasi sistemində mövqeyinin möhkəmlənməsini və təşkilati fəaliyyətinin genişlənməsini əks etdirirdi.
Partiyanın inkişafında qurultaylar mühüm rol oynayırdı. 1999-cu il dekabrın 20-21-də keçirilən I qurultayda Heydər Əliyev yenidən partiyanın Sədri seçildi, Nizamnamə və Proqrama dəyişikliklər edildi, təşkilatın strateji fəaliyyət istiqamətləri müəyyənləşdirildi. 2001-ci il noyabrın 21-də keçirilən II qurultayda isə partiyanın Nizamnaməsinə dəyişiklik edilərək Sədrin birinci müavini vəzifəsi təsis olundu. İlham Əliyev həmin vəzifəyə yekdilliklə seçildi. Bu qərar partiyanın rəhbərliyində sonrakı mərhələdə baş verəcək dəyişikliklərin mühüm siyasi-təşkilati əsasını təşkil etdi.
Siyasi varislik və inkişafın davamlılığı
2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu. 2005-ci il martın 26-da keçirilən Yeni Azərbaycan Partiyasının III qurultayında İlham Əliyevin partiyanın Sədri seçilməsi isə təşkilatın rəhbərliyində yeni dövrün başlanğıcı kimi tarixə düşdü. Bununla Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin davamlılığı partiyanın rəhbərliyində də öz ifadəsini tapdı.
Prezident İlham Əliyevin Sədrliyi dövründə partiyanın təşkilati fəaliyyəti genişləndi, yerli strukturların işi təkmilləşdirildi, proqram prioritetləri ölkədə və regionda baş verən dəyişikliklər nəzərə alınmaqla yeniləndi. 2008-ci il avqustun 2-də keçirilən IV qurultayda partiyanın növbəti prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini irəli sürməsi barədə qərar qəbul edildi. 2013-cü il iyunun 7-də keçirilən V qurultayda da onun prezidentliyə namizədliyi irəli sürüldü. Həmin qurultayda Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva partiyanın Sədr müavini seçildi.
2018-ci il fevralın 8-də keçirilən VI qurultayda isə qarşıdakı prezident seçkiləri ilə bağlı təşkilati məsələlər müzakirə olundu və cənab İlham Əliyevin namizədliyi irəli sürüldü. Bu qurultaylar partiyanın fəaliyyətinin davamlılığını, təşkilati strukturunun inkişafını və ölkənin siyasi proseslərində iştirakını müəyyənləşdirən mühüm mərhələlər idi.
Bu dövr ərzində Azərbaycanın sosial-iqtisadi inkişafı, infrastrukturun yenilənməsi, beynəlxalq əlaqələrinin genişlənməsi və dövlət idarəçiliyində aparılan islahatlar ölkənin siyasi gündəliyini də müəyyənləşdirirdi. Yeni Azərbaycan Partiyasının fəaliyyəti bu proseslərlə paralel şəkildə inkişaf edir, təşkilatın proqram və fəaliyyət istiqamətləri yeni dövrün tələblərinə uyğunlaşdırılırdı.
VII qurultay və yenilənmiş proqram
2021-ci il martın 5-də keçirilən VII qurultay Yeni Azərbaycan Partiyasının təşkilati və siyasi inkişafında növbəti mühüm mərhələ oldu. Qurultayda partiyanın yeni Nizamnaməsi təsdiqləndi, 40 nəfərdən ibarət İdarə Heyəti, 13 nəfərlik Təftiş Komissiyası və 35 nəfərdən ibarət Veteranlar Şurası formalaşdırıldı. Partiyanın Sədri İlham Əliyevin müvafiq Sərəncamı ilə Mehriban xanım Əliyeva həmin gün YAP Sədrinin birinci müavini təyin edildi.
VII qurultaydan sonra partiyanın Proqramının yenilənməsi istiqamətində də iş aparıldı. 2021-ci il dekabrın 29-da təsdiqlənən yeni Proqram beş fəsildən, on əsas dəyərdən və on bir strateji hədəfdən ibarətdir. Sənəddə Ulu Öndər Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət, demokratik ənənələrin inkişafı partiyanın əsas dəyərləri kimi müəyyənləşdirilib.
Proqramda qarşıya qoyulan strateji hədəflər sırasında Ümummilli Liderin siyasi irsinin təbliği, partiyanın təşkilati inkişafı, ictimai-siyasi proseslərdə fəal iştirak, insan kapitalının inkişafı, sosial ədalət prinsiplərinin möhkəmləndirilməsi və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesinə dəstək kimi istiqamətlər yer alır. Bu sənəd partiyanın fəaliyyətinin ideya əsaslarını sistemləşdirməklə yanaşı, yeni tarixi şəraitdə qarşısında duran vəzifələri də müəyyənləşdirir.
Yeni siyasi reallıqlar və qarşıdakı vəzifələr
2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə, 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazilərində suverenliyinin bərpası ölkənin inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın həyata keçirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, insan kapitalının inkişafı və Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi dövlət siyasətinin əsas istiqamətləri sırasına daxil oldu.
2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində cənab İlham Əliyev seçicilərin 92,12 faizinin səsini qazandı. Həmin il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyası VII çağırış Milli Məclisdə 68 deputatla təmsil olunmaq hüququ əldə etdi. 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində isə partiyanın irəli sürdüyü 8 min 68 namizəddən 5 min 855-i bələdiyyə üzvü seçildi. Bu nəticələr partiyanın seçki proseslərində iştirakının və yerli özünüidarəetmə orqanlarında təmsilçiliyinin miqyasını göstərir.
2026-cı il oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VIII qurultayı keçirildi. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultayda ölkənin yeni ictimai-siyasi və geosiyasi reallıqları, partiyanın ötən dövrdəki fəaliyyəti və qarşıdakı mərhələnin vəzifələri müzakirə olundu. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev qurultaydakı çıxışında ölkənin keçdiyi inkişaf yoluna, əldə olunan nəticələrə və yeni dövrün çağırışlarına toxundu.
Qurultayda təqdim edilən məlumata əsasən, 2026-cı il oktyabrın 1-nə Yeni Azərbaycan Partiyasının 4 min 953 ərazi partiya təşkilatı üzrə 769 min 811 üzvü qeydə alınıb. 2021-ci il martın 5-dən 2026-cı il oktyabrın 1-dək partiya sıralarına 95 min 379 nəfər yeni üzv qəbul edilib. Yeni üzvlərin 58 min 351 nəfərini qadınlar, 32 min 261 nəfərini isə 18-29 yaşlı gənclər təşkil edib. Ümumilikdə partiya üzvlərinin 398 min 568 nəfəri qadınlar, 43 min 379 nəfəri isə 18-29 yaşlı gənclərdir.
Bu göstəricilər partiyanın təşkilati miqyasını və üzvlük bazasının tərkibini əks etdirir. Bununla yanaşı, müasir dövrdə siyasi təşkilatların qarşısında duran vəzifələr yalnız təşkilati genişlənmə ilə məhdudlaşmır. Cəmiyyətin dəyişən tələblərini nəzərə almaq, gənclərin təşəbbüslərinə geniş imkan yaratmaq, ictimai dialoqu inkişaf etdirmək və yeni çağırışlara uyğun fəaliyyət mexanizmləri formalaşdırmaq da mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın suverenliyinin tam bərpasından sonra ölkəmizin qarşısında dayanan strateji vəzifələr siyasi institutların fəaliyyətinə də yeni məsuliyyət gətirir. İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin davam etdirilməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin olunması, iqtisadi və sosial inkişafın sürətləndirilməsi, təhsil, elm və innovasiya sahələrində yeni imkanların yaradılması ümummilli məqsədlərdir. Bu proseslərdə siyasi təşkilatların üzərinə düşən məsuliyyət onların cəmiyyətlə əlaqələrinin möhkəmliyindən, təşəbbüskarlığından və qarşıya qoyulan vəzifələrə münasibətindən də asılıdır.
Tarixi irs və gələcək məsuliyyət
Ümummilli Lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyasını “dünənin, bu günün və gələcəyin partiyası” kimi səciyyələndirməsi təşkilatın yaranma fəlsəfəsini və qarşısında duran tarixi vəzifələri ifadə edən mühüm siyasi qiymətləndirmədir. Partiyanın keçdiyi 34 illik yol bu fikrin müxtəlif tarixi mərhələlərdə necə məzmun qazandığını göstərir. 1992-ci ildə müstəqilliyin ağır sınaqlarla üzləşdiyi bir dövrdə yaradılan təşkilat sonrakı illərdə Azərbaycanın siyasi sistemində mühüm yer tutan siyasi qüvvəyə çevrilib.
Siyasi təşkilatın tarixi təcrübəsi onun gələcək fəaliyyətinin əsas dayaqlarından biri olsa da, bu təcrübə zamanın dəyişən tələblərinə uyğun yenilənmə ilə tamamlanmalıdır. Yeni Azərbaycan Partiyasının qarşısında da müasir dövrün çağırışlarını düzgün qiymətləndirmək, cəmiyyətin gözləntilərinə həssas yanaşmaq, gənc nəslin potensialından səmərəli istifadə etmək və ölkənin strateji inkişaf hədəflərinin reallaşdırılmasına töhfə vermək kimi mühüm vəzifələr dayanır.
Partiyanın yaranmasının 34-cü ildönümü Azərbaycanın müstəqillik tarixinin mürəkkəb və məsuliyyətli mərhələlərini xatırlamaq, dövlətçiliyimizin keçdiyi inkişaf yolunu dəyərləndirmək və qarşıdakı dövrün prioritetlərinə nəzər salmaq baxımından əlamətdardır. Bu tarix həm də müstəqil Azərbaycanın siyasi həyatında baş vermiş dəyişikliklərin, əldə olunmuş nəticələrin və gələcək qarşısında dayanan vəzifələrin bir daha təhlili üçün mühüm fürsətdir.
Asif Əsgərov,Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Dərc vaxtına görə