YAP-ın 34 illik şərəfli tarixi gələcəyə böyük inamla baxmağa əsas verir


Dərc olunub: Bu gün, 19:42
Bölmə: Video
Mehdi Balabəyov, YAP Şabran rayon təşkilatının sədri Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” çağırışını edərək 1992-ci ilin 21 noyabr tarixində həyata vəsiqə alan Yeni Azərbaycan Partiyasının gələcəyinə inamını ifadə etdi. Sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirən Yeni Azərbaycan Partiyası illərin sınağından uğurla çıxdı və dövrün tələbinə uyğun olaraq təkmilləşir. YAP tutduğu yola, əqidəsinə sadiq təşkilat olduğunu arxada qalan illər ərzində əməli işi, ölkədə aparılan quruculuq işlərindəki fəaliyyəti ilə təsdiqləyir.
Azərbaycanın çətin günlərində YAP-ın yaradılması ilə bağlı Ümummilli Lider Heydər Əliyevə müraciət edən Azərbaycan ziyalıları xalqın böyük əksəriyyətinin istəyini ifadə etdi. Ulu Öndər Azərbaycan ziyalılarının (“91-lər”in) müraciətinə cavabında bildirdi ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratik prinsiplərə və siyasi plüralizmə nail olmaq üçün Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur: “Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram”.Ulu Öndər Heydər Əliyevin siyasi kursunu son 23 ildə davam etdirən Prezident İlham Əliyev çıxışlarında Yeni Azərbaycan Partiyasının yarandığı dövrün reallıqlarına xüsusi diqqət yönəldir.
Tarixi Zəfərin reallıqlarına söykənərək partiyanın keçirilən VII Qurultayındakı çıxışında Prezident İlham Əliyev bildirmişdir: “Yeni Azərbaycan Partiyasının yaradılması zərurət idi. O vaxt, yenə də deyirəm, cəsarətli, qorxmaz insanlar açıq-aydın görürdülər ki, təzə-təzə müstəqilliyə qovuşmuş gənc ölkəmiz böyük fəlakətlə üz-üzədir və artıq ölkədə gedən proseslər idarəolunmaz xarakter almışdır. Hərbi məğlubiyyət, eyni zamanda, daxili böhranla tamamlanır. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdur”. Bu fikirlərlə çətin şəraitdə yarandığına baxmayaraq, qısa müddətdə xalqın etimadını qazanaraq iqtidar partiyası kimi fəaliyyət göstərən YAP-ın keçdiyi yolun mənzərəsini təqdim etdi.
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı düşdüyü ağır vəziyyətdən xilas etdi və yeni Azərbaycan qurdu. Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələ başladı. 34 ildə partiya Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin ictimai-siyasi sabitliyinin qorunmasına, beynəlxalq nüfuzunun artmasına töhfələri ilə diqqətdə olub. Partiyanın Proqramında əksini tapan hədəflərdən biri ərazi bütövlüyümüzün bərpası idi ki, bunu dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev reallığa çevirdi. Ümummilli Lider 2003-cü ildə xalqa müraciətində cənab İlham Əliyevə özü qədər inandığını ifadə edərək başa çatdıra bilmədiyi işləri, planları onun başa çatdıracağını bildirmişdir.
1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyevin yaratdığı təməl üzərində Azərbaycanı inkişaf etdirən Prezident İlham Əliyevin islahatları və siyasəti nəticəsində ölkənin beynəlxalq mövqeləri möhkəmləndi. 6 il bundan əvvəl dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi Zəfər qazandı. Tarixi ədalət bərpa edildi, torpaqlarımız işğaldan azad oldu, Azərbaycan Bayrağı bu torpaqlarda dalğalandı. Tarixi Zəfərdən üç il sonra Ordumuzun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz bərpa edildi. Cənab İlham Əliyev bu ilin 2 oktyabr tarixində keçirilən YAP-ın VIII Qurultayında bu reallıqları bir daha diqqətə çatdırdı.
Azərbaycanın ictimai-siyasi həyatında rol oynayan Yeni Azərbaycan Partiyasının qurultaylarında qəbul olunan qərarlar sonrakı mərhələdə ölkənin və partiyanın qarşısında yeni imkanlar açır, gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində iştirak edir. Partiyanın VII və VIII qurultayları da bu baxımdan əhəmiyyət kəsb edir. 34 illik inkişaf yolu keçən partiyanın gələcəyinə dair qiymətləndirmələr ictimai-siyasi gündəmdə öz əksini tapır.
1 mənbə