Yanukoviçi ABŞ devirib - Mask

1 dəq oxu
Xəbər
121 19.11.2026 10:17 Dünya A A
Ukraynada 2014-cü ildə baş verən hakimiyyət dəyişikliyi ABŞ tərəfindən həyata keçirilib.
Musavat.com xəbər verir ki, milyarder İlon Mask bu fikri New York Times (NYT) qəzetinə müsahibəsində qeyd edib.
O, müsahibə boyu bir neçə dəfə Rusiyaya olan isti münasibətini ifadə edib.
Belə ki, onun fikrincə, Dövlət Departamentinin və digər ABŞ hökumət qurumlarının dəstəyi olmasaydı, Ukraynada Yanukoviçi hakimiyyətdən uzaqlaşdırmaq mümkün olmazdı:
"Amerikalılar demokratik yolla seçilmiş, Rusiyapərəst Ukrayna prezidentini devirmək üçün çevriliş etdilər. Bu, aqressiv bir hərəkətdir və Dövlət Departamentinin və digər qurumların köməyi olmadan bu baş verməzdi".
Mask Rusiyaya qarşı hər hansı bir hərəkəti haqlı çıxaran yanaşmanı yanlış hesab edir: "Düşünürəm ki, çox vaxt əsas fikir Ukraynanın yaxşı, Rusiyanın pis olması və Rusiyaya edilən hər şeyin haqlı çıxarılması ehtimalı olur. Bu, xoşagəlməz, dəhşətli bir mövqedir".
Daha sonra milyarder Ukrayna prezidenti Vladimir Zelenskiyə olan mənfi münasibətini gizlətməyib. O, fikirlərini Starlink və Starshield şirkətlərinin Ukraynadakı işləri üzərində qurub, Ukrayna ordusu üçün rabitə sürətinin azaldılmasını əsaslandırmağa çalışıb, Zelenskini yalan danışmaqda ittiham edib: "Sizi şoka salmaq istəmirəm, amma Zelenski həmişə həqiqəti demir. İki sistem var. Biri Starlink kommersiya peyk sistemi, digəri isə ABŞ hökumətinin nəzarətində olan Starshield-dir. Starshield ilə bağlı qərarları ABŞ Müdafiə Nazirliyi verir. Starlink müharibə silahı kimi istifadə edilməməli olan kommersiya sistemidir. O, yalan danışır. Əslində demək istədiyi odur ki, Starlink-dən hücum hərbi əməliyyatları üçün istifadə etmək istəyir”.
Milyarder bildirib ki, Starlink peyk şəbəkəsi Ukraynadakı münaqişə və onun hücum hərbi əməliyyatlarında tərəfə çevrilməməlidir: "Starlink-in kommersiya bölməsinin müharibənin tərəfi olmasını istəmirəm, əgər Starlink-in hücum hərbi əməliyyatları üçün istifadəsinə icazə versək, bu baş verərdi".
Musavat.com
Mənbə
1 mənbə



