Yalçın Camalov: Məqsədimiz subsidiyalardan asılı olmayan dayanıqlı aqrar sahibkarlıq formalaşdırmaqdır


BAKI, 19 noyabr. TELEQRAF
"Aqrar sahədə dövlət dəstəyinin uzunmüddətli perspektivdə subsidiyalaşdırmadan tədricən investisiyayönümlü dəstəyə keçirilməsi hədəflənir".
Teleqraf xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov Dövlət-Biznes Əməkdaşlığı Forumunda çıxışında deyib.
O bildirib ki, agentliyin güzəştli kreditlər, mikrokredit, lizinq alətləri, müxtəlif təyinatlı subsidiyalar və digər dövlət dəstəyi mexanizmləri fermerlərin və aqrar sahədə fəaliyyət göstərən sahibkarların istehsal imkanlarını genişləndirir.
"Həmçinin, bu mexanizmlər müasir texnologiyaların və innovasiyaların tətbiqinə, yeni təsərrüfatların yaradılmasına şərait yaradır. Dövlət dəstəyi investisiyanın məqsədi deyil, onun həyata keçirilməsinə xidmət edən alət olmalıdır. Sahibkarlar investisiya qərarlarını subsidiya məbləğinə deyil, biznesin iqtisadi məntiqinə əsasən verməlidirlər. Əsas məqsəd dövlət dəstəyindən və subsidiyalardan asılı olmayan, dayanıqlı və rəqabətqabiliyyətli aqrar sahibkarlığın formalaşdırılmasıdır", - o vurğulayıb.
Sədrin sözlərinə görə, yeni təsərrüfatların yaradılması və mövcud təsərrüfatların genişləndirilməsi birbaşa və dolayı məşğulluğun artmasına şərait yaradır:
"Logistika, texniki xidmət, saxlama, qablaşdırma və emal sahələrinin inkişafı da əlavə iş yerlərinin yaradılmasına töhfə verir. Aqrar sahədə mexanikləşmənin və məhsuldarlığın artırılması məşğulluğa qarşı qoyulmamalıdır. Əsas məsələ əmək bazarının yeni texnologiyalara uyğunlaşması və daha yüksək ixtisaslı iş imkanlarının yaradılmasıdır. Müasir suvarma texnologiyaları, intensiv istehsal üsulları və rəqəmsal həllər aqrar sahədə yeni bacarıqlara tələbat yaradır. Aqrar sahədə yalnız iş yerlərinin sayının deyil, daha məhsuldar və yüksək gəlirli məşğulluğun formalaşması da vacibdir".