Yabusele: "Panatinaikos" NBA komandalarını məğlub edə bilər


Fransalı basketbolçu Gerschon Yabusele "Panatinaikos"un heyətindəki potensialdan danışıb və komandanın NBA səviyyəsində olduğunu vurğulayıb.
Offsideplus.az xəbər verir ki, Yabusele Fransanın "L'Equipe" nəşrinə müsahibəsində Yunanıstan təmsilçisinin heyətindəki kimya və yeni transferlər barədə fikirlərini bölüşüb. O bildirib: "Bizim komandada çox fransalı var. Bu "Panatinaikos" indiyə qədər oynadığım ən istedadlı kollektivdir. Yayda transferləri gördükdə heyrətə gəldim. Hətta start heyətimizi NBA komandaları ilə müqayisə edənlər də oldu. Düşünürəm ki, hər şey qaydasında getsə, ABŞ-dan bir çox komandaya qalib gələ bilərik. Əlbəttə, NBA çempionunu məğlub edəcəyimizi demirəm, amma bütün komandalarla qarşılaşsaq, bir neçəsini mütləq uda bilərik".
O, həmçinin yaxın dostu və həmyerlisi Matis Lesorun Afina həyatına uyğunlaşmasında ona kömək etdiyini qeyd edib: "Matis mənim ən yaxın dostlarımdandır. Yayda birlikdə vaxt keçirdik, məşq etdik. O, artıq illərdir "Panatinaikos"da çıxış edir və məni arenayla, şəraitlə tanış etdi. Ailələrimiz də bir-birini tanıyır. Eyni komandada oynadığımız üçün çox xoşbəxtəm və birlikdə hər şeyi qazanmaq istəyirik".
NBA-dan ayrılmasına da toxunan Yabusele bildirib ki, ailəsinin sabitliyi onun üçün daha önəmli olub: "Çikaqoda ötən mövsümün sonunda yaxşı çıxış etdim və özümü sübut etdim. Amma mövsümün əvvəlində çətinliklər oldu, çünki oynamaq imkanım yox idi. Maddi tərəfi bir kənara qoysaq, təklif çox aşağı idi. Minnesotadan aldığım təklif isə yalnız qismən zəmanətli idi və transfer ehtimalı vardı. Özümə inanıram, amma minimum müqavilə və zəmanətsiz oyun vaxtı üçün ailəmi altı ayda iki dəfə köçürmək istəmədim. O təklif gələndə düşündüm ki, bəlkə də yeni səhifə açmağın vaxtıdır".
Yabusele Avropaya qayıtmaq qərarından peşman olmadığını da əlavə edib: "NBA üçün darıxacağam, amma Avropaya qayıtmaq mənim üçün tamamilə təbii oldu. Əsas məqsədim oynamaq, inkişaf etmək və titullar qazanmaqdır. "Panatinaikos" kimi iddialı və azarkeşləri ilə seçilən bir klubda olmaq mənim üçün böyük şansdır".
