XİN başçısı: Azərbaycan Mərkəzi Asiya ilə əlaqələrin təmin edilməsində Almaniya və Avropanın mühüm tərəfdaşıdır


Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında əlaqələrin təmin edilməsində Almaniya və Avropanın mühüm tərəfdaşıdır.
"Report" xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
"Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafı baxımından Almaniya və Avropanın mühüm tərəfdaşıdır. Həmkarım Orta Dəhlizi qeyd etdi. Söhbət dəmir yolu əlaqəsi, avtomobil yolları, eləcə də elektrik enerjisinin ötürülməsi infrastrukturundan gedir", - XİN başçısı qeyd edib.
O əlavə edib ki, danışıqlar zamanı bu məsələyə də toxunulub: "Bundan başqa, rəqəmsal infrastrukturun qarşılıqlı əlaqəsini inkişaf etdirmək lazımdır. Burada geniş imkanlar açılır və biz bunu həm Cənubi Qafqaza, həm də Mərkəzi Avropaya fayda gətirəcək qarşılıqlı faydalı əməkdaşlıq kimi qiymətləndiririk. Biz bu istiqamətdə fəal işləmək niyyətindəyik".
Y.Vadeful Brüsseldən yeni qayıtdığını və orada Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə danışıqlar apardığını deyib: "Ursula fon der Lyayen də Avropa Komissiyasının konkret nəticələrin əldə edilməsində və regionla intensiv əməkdaşlıqda son dərəcə maraqlı olduğunu təsdiqləyib".