Xəzərin sahil ərazilərinin sərhədləri elektron xəritədə göstəriləcək


Xəzər dənizinin sahilboyu ərazilərində zonalaşdırma işləri yekunlaşdıqdan sonra yeni idarəetmə sisteminin əhatə etdiyi sahələrin sərhədləri rəqəmsal xəritəyə köçürüləcək. Bununla da vətəndaşlar həmin ərazilər barədə məlumatları elektron xəritə vasitəsilə əldə edə biləcəklər.
Plat.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Hüseyn Əliyev Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Prezidentin müvafiq fərmanında sahilboyu ərazilərin yeni idarəetmə mexanizminə şamil edilməyən sahələr və istisnalar da öz əksini tapıb:
"Yaşayış məntəqələri, gələcəkdə məskunlaşdırılması planlaşdırılan ərazilər, limanlar və sənaye parkları bu sistemin əhatəsinə daxil edilməyəcək.
Həmin ərazilərin idarə olunması əvvəlki qaydada, qüvvədə olan qanunvericiliyə uyğun davam etdiriləcək. Zonalaşdırma başa çatdıqdan sonra isə rəqəmsal xəritə vasitəsilə hər kəs hansı sahələrin yeni sahil idarəetmə sisteminə daxil olduğunu müəyyənləşdirə biləcək".
