Xəzər sahilində ictimai məkanların yerləşəcəyi ərazilər qiymətləndirmə əsasında seçiləcək


Xəzər dənizinin sahilboyu ərazilərində hansı sahələrin ictimai istifadə üçün ayrılacağı aparılacaq qiymətləndirmə və zonalaşdırma tədbirlərindən sonra bəlli olacaq. Bu prosesdə təhlükəsizlik, infrastruktur imkanları, ekoloji normalar və xidmətlərin keyfiyyəti əsas meyarlar kimi götürüləcək.
Plat.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Hüseyn Əliyev sahilboyu ərazilərdə dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, zonalaşdırma prosesi yekunlaşdıqdan və ərazilərin bölgüsü rəsmən təsdiqləndikdən sonra vətəndaşlar müvafiq zonalar barədə məlumatları açıq şəkildə əldə edə biləcəklər:
"Sahil zolağından səmərəli istifadənin təmin edilməsi ilə yanaşı, həmin ərazilərdə infrastrukturun düzgün təşkili də diqqət mərkəzində olacaq. Bu zaman şəhərsalma normaları, ictimai məkanların əlçatanlığı və göstərilən xidmətlərin səviyyəsi nəzərə alınacaq.
Məqsəd sahilboyu ərazilərdə insanların rahatlığını təmin edən, təmiz və keyfiyyətli ictimai məkanlar yaratmaq, eləcə də sahibkarlar tərəfindən göstərilən xidmətlərin lazımi səviyyədə təşkilinə nail olmaqdır".
1 mənbə