Xəyyam İsgəndərov: "Palata ekspertiza sahəsində yeni inkişaf mərhələsidir"


Azərbaycanda Özəl Məhkəmə Ekspertlərinin Palatasının yaradılması məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsi kimi ekspertiza institutunu keyfiyyətcə yeni mərhələyə keçirir. İndiyədək fərdi qaydada fəaliyyət göstərən özəl ekspertlərin vahid peşə qurumu altında birləşməsi onların müstəqilliyini təmin etməklə yanaşı, məhkəmələrə təqdim olunan rəylərin etibarlılığına dair yeni tələblər formalaşdırır.
Bəs yeni yaradılan Palata sifarişçi təzyiqlərinin qarşısını necə alacaq, qeyri-peşəkar rəylərə görə hansı sanksiyalar tətbiq ediləcək və dövlət-özəl ekspertiza balansı necə qorunacaq?
Mövzu ilə bağlı Məhkəmə Ekspertizası Xidmətlərinin direktoru Xəyyam İsgəndərovla müsahibəni təqdim edirik.
- Özəl Məhkəmə Ekspertlərinin Palatasının yaradılması ekspertiza sahəsində indiyədək mövcud olan hansı konkret boşluqları aradan qaldıracaq?
- Əsas dəyişiklik dağınıq fərdi fəaliyyətdən vahid peşə standartlarına və institusional nəzarətə keçiddir. Palatanın yaradılmasında məqsəd özəl ekspertlərin sayını artırmaq deyil, məhkəmə proseslərinin taleyini həll edən ekspert rəylərinin keyfiyyətini və etibarlılığını yüksəltməkdir.
İndiyədək özəl ekspertlər təcrübədə qarşılaşdıqları metodoloji çətinliklərlə təkbaşına üzləşirdilər. Palata bu problemləri fərdi çərçivədən çıxarıb ümumi peşə müzakirəsinə daşıyır. Vahid metodiki yanaşmaların tətbiqi, təcrübə mübadiləsi və rəylərin əsaslandırılmasına dair konkret meyarların müəyyənləşdirilməsi nəticəsində məhkəmələrə təqdim olunan sənədlərin hüquqi çəkisi əhəmiyyətli dərəcədə artacaq.
- Cəmiyyəti narahat edən mövzulardan biri obyektivlikdir. Palata ekspertin müstəqilliyini və tərəfsizliyini hansı real mexanizmlərlə qoruyacaq?
- Ekspertin müstəqilliyi onun sifarişçidən maliyyə asılılığı ilə deyil, qanun qarşısındakı məsuliyyəti və peşə etikası ilə ölçülür. Ekspertin vəzifəsi tərəfin gözləntisini doğrultmaq yox, təqdim olunan materialları xüsusi biliklər əsasında araşdırıb obyektiv faktı ortaya qoymaqdır. Ekspertin peşəkar nüfuzu onun hansı tərəfin müraciəti əsasında işləməsindən deyil, tədqiqatının obyektivliyindən və nəticələrinin təkrar yoxlanıla bilməsindən irəli gəlməlidir.
Palata bu prinsipi qorumaq üçün üç istiqamətdə konkret mexanizm tətbiq edəcək:
Maraqlar toqquşmasına nəzarət: Ekspert işə başlamazdan əvvəl tərəflərlə hər hansı əlaqəsinin olub-olmadığını qiymətləndirməyə və etik davranış kodeksinə əməl etməyə borcludur.
Tədqiqat sərhədlərinin dəqiqləşdirilməsi: Ekspert yalnız əlindəki sübutların imkan verdiyi elmi nəticəni yazmalı, tədqiqat zamanı yaranan qeyri-müəyyənlikləri rəyində açıq göstərməlidir.
Metodiki və hüquqi müdafiə: Kənar təzyiqlərlə üzləşən ekspertə Palata tərəfindən dərhal hüquqi və metodiki dəstək göstəriləcək.
- Müxtəlif sahələr, tikinti, maliyyə, tibb, rəqəmsal texnologiyalar üzrə ekspertlərin hamısına eyni standartı tətbiq etmək çətindir. Rəylərin elmi əsaslılığını artırmaq üçün hansı addımlar atılacaq?
- Tamamilə doğrudur, ballistik ekspertiza ilə maliyyə və ya İT ekspertizasının metodologiyası tam fərqlidir. Buna görə də Palata ümumi şablon proqramlardan imtina edərək hər bir ixtisas istiqaməti üzrə ayrıca təlim modulları və praktik keyslərin təhlili sistemini quracaq. Xüsusilə rəqəmsal sübutların araşdırılması, müasir laboratoriya analizləri və beynəlxalq ekspertiza standartlarının tətbiqi əsas prioritetdir.
Həmçinin rəyin keyfiyyəti təkcə yekun cavabla ölçülmür. Ekspert hansı ardıcıllıqla getdiyini, hansı cihaz və metoddan istifadə etdiyini, hətta seçdiyi metodun hansı məhdudiyyətləri olduğunu sənədləşdirməlidir. Davamlı təhsil və sertifikatlaşdırma mexanizmləri zəif hazırlanmış rəyləri bazardan təbii şəkildə sıxışdırıb çıxaracaq.
- Palata həm ekspertlərin hüquqlarını qorumalı, həm də onları cəzalandırmalıdır. Bu iki ziddiyyətli funksiya arasında balans necə təmin ediləcək?
- Burada əsas prinsip obyektiv araşdırma və təqsirsizlik prezumpsiyasıdır. Məhkəmə prosesində uduzan tərəfin ekspertdən şikayət etməsi təbii haldır. Lakin hər şikayət avtomatik olaraq ekspertin pozuntuya yol verməsi demək deyil. Əsassız təzyiq və şikayətlər zamanı Palata öz üzvünün hüquqlarını sonadək müdafiə edəcək. Digər tərəfdən, əgər ekspert bilərəkdən yanlış rəy veribsə, metodologiyanı kobud şəkildə pozubsa və ya etik normaları tapdalayıbsa, intizam mexanizmləri işə düşəcək.
Cəza tədbirləri, xəbərdarlıqdan tutmuş fəaliyyətin dayandırılmasına qədər, pozuntunun ağırlığına və nəticələrinə mütənasib şəkildə, ekspertin izahatı dinlənilməklə və şəffaf prosedurlarla tətbiq olunacaq. Məqsəd cəzalandırmaq yox, cəmiyyətin özəl ekspertizaya etimadını qorumaqdır.
- Rəhbərlik etdiyiniz Məhkəmə Ekspertizası Xidmətləri bu prosesə hansı töhfələr verəcək və Palata ilə əməkdaşlıq necə qurulacaq?
- Yeni qurumun təşəkkül tapdığı ilk mərhələdə ən kritik məsələ idarəetmənin şəffaflığı, maliyyə intizamı və səlahiyyət bölgüsünün dəqiq aparılmasıdır. Palatanın uğuru keçirdiyi tədbirlərin sayı ilə deyil, ekspertlərin gündəlik işinə verdiyi real fayda ilə, məsələn, vahid metodiki bazaya çıxış və qanunvericilik təkliflərinin keyfiyyəti ilə ölçüləcək.
Məhkəmə Ekspertizası Xidmətləri olaraq biz özəl ekspertiza sektorunu rəqib kimi deyil, ədalət mühakiməsinin keyfiyyətini artıran tərəfdaş kimi görürük. Qanunvericiliyin imkan verdiyi çərçivədə elmi-metodiki təcrübəmizi bölüşməyə, birgə peşəkar müzakirələr aparmağa və vahid keyfiyyət standartlarının formalaşmasına dəstək verməyə hazırıq.
Uzunmüddətli hədəfimiz odur ki, istər dövlət, istərsə də özəl ekspertin imzası məhkəmə zalında eyni dərəcədə yüksək peşəkarlıq və etibarlılıq göstəricisi kimi qəbul edilsin. Şübhəsiz ki, bizim Mərkəzdə Palatanın fəaliyyətin də fəal iştirak etməyi və təklif olarsa, idarəetmə sistemində təmsil olunmağ nəzərdə tutur.
1 mənbə