Xarab (yararsız) malların təyinat ölkəsinə geri qaytarılması: hüquqi prosedur, gömrük rəsmiləşdirilməsi və vergi uçotu üzrə təhlil


Xarici iqtisadi fəaliyyət zamanı idxal edilmiş malların müəyyən müddətdən sonra xarab olması, keyfiyyət göstəricilərinə cavab verməməsi, texniki qüsurlu çıxması və ya müqavilədə nəzərdə tutulmuş xüsusiyyətlərə malik olmaması halları ilə rastlaşmaq mümkündür.
Belə hallarda malların xarici təchizatçıya, istehsalçıya və ya müqavilə üzrə digər səlahiyyətli şəxsə geri qaytarılması zərurəti yaranır. Bu əməliyyatın hüquqi baxımdan düzgün aparılması üçün üç əsas məsələ ayrılıqda qiymətləndirilməlidir:
Mülki-hüquqi məsələ: Malın geri qaytarılması üçün alıcının hansı hüquqi əsasları var və satıcının öhdəlikləri nədən ibarətdir?
Gömrük-hüquqi məsələ: İdxal edilmiş mal hansı gömrük proseduru ilə və hansı sənədlər əsasında ölkədən çıxarılmalıdır?
Vergi və mühasibat məsələsi: Geri qaytarılan malın ilkin idxal zamanı hesablanmış ƏDV-si, gömrük ödənişləri və malın dəyəri uçotda necə əks etdirilməlidir?
Əsas prinsip: Malın xarab olması, onun avtomatik olaraq gömrük ərazisindən çıxarılmasını və əvvəllər ödənilmiş idxal ƏDV-sinin geri alınmasını təmin etmir. Bunun üçün müvafiq hüquqi əsas, sübutedici sənədlər və düzgün gömrük proseduru olmalıdır.
Əsas qanunvericilik bazası hansılardır?
Bu əməliyyatın hüquqi tənzimlənməsində əsas normativ hüquqi aktlar aşağıdakılardır.
Əsas hüquqi normaları ayrıca nəzərdən keçirək.
Gömrük Məcəlləsi – 128-ci maddəsi
Xarici ölkədən Azərbaycana idxal edilmiş malların geri göndərilməsi zamanı əsas hüquqi mexanizm, təkrar ixrac gömrük prosedurudur. Gömrük Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, təkrar ixrac edilən xarici malların ölkədən çıxarılması üçün müvafiq gömrük bəyannaməsi təqdim edilir. GM-nin 128.3-cü maddəsinə görə isə, sərbəst dövriyyəyə buraxılmış mallar bir il ərzində təkrar ixrac edildikdə, müəyyən edilmiş şərtlər daxilində həmin malların idxalı üçün ödənilmiş gömrük rüsumları və vergilər qaytarıla bilər.
Burada üç mühüm şərt var:
Malın Azərbaycan ərazisinə xarici mal kimi idxal edilməsi;
Malın təkrar ixrac üçün qanuni əsasının olması;
Gömrük Məcəlləsi və müvafiq qaydalarda müəyyən edilmiş müddət və şərtlərə əməl olunması.
Vacib hüquqi məqam: Bir il müddəti, bütün geri qaytarma əməliyyatlarının həyata keçirilməsi üçün universal müddət deyil. Bu, idxal zamanı ödənilmiş gömrük ödənişlərinin qaytarılması ilə bağlı güzəşt şərtidir. Malın təkrar ixracının özü ilə həmin ödənişlərin qaytarılması məsələsini bir-birindən fərqləndirmək lazımdır.
Gömrük Məcəlləsinin 268-ci maddəsi – qüsurlu mallara görə gömrük ödənişlərinin qaytarılması
Bu maddə, araşdırdığımız məsələnin ən mühüm hüquqi əsaslarından biridir.
Maddənin 268.1-ci bəndində, sərbəst dövriyyəyə buraxılmazdan əvvəl xarab olmuş mallar qüsurlu hesab edilir. GM-nin 268.2-ci bəndə əsasən, qüsurlu mallara görə ödənilmiş gömrük ödənişləri aşağıdakı şərtlərlə qaytarılır:
Mallar istifadə edilməməlidir. Qüsurun müəyyən edilməsi üçün zəruri istifadə istisnadır.
Mallar Azərbaycan Respublikasının gömrük ərazisindən aparılmalıdır.
GM-nin 268.3-cü maddəyə əsasən, təkrar ixrac əvəzinə gömrük orqanının icazəsi ilə malların daxildə emalı, məhv edilməsi, beynəlxalq tranzit, gömrük anbarında saxlanması və ya sərbəst zona prosedurlarına yerləşdirilməsi də mümkündür.
Bu normadan çıxan əsas nəticə belədir:
Yararsız malın geri qaytarılması ilə gömrük ödənişlərinin geri alınması ayrı-ayrı hüquqi məsələlər deyil, lakin onların şərtləri eyni də deyil. Malın faktiki çıxarılması ilə yanaşı, onun qüsurlu olmasının hüquqi əsaslarla təsdiqlənməsi də tələb olunur.
Nazirlər Kabinetinin 252 nömrəli Qərarı – əsas praktiki prosedur
31 oktyabr 2012-ci il tarixli 252 nömrəli Qərarla təsdiq edilmiş “Malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları” bu əməliyyatın həyata keçirilməsi mexanizmini müəyyən edir.
Qaydaların 2.2-ci bəndinə görə, gömrük ödənişlərinin qaytarılması üçün üç əsas şərt nəzərdə tutulur:
Malların idxal anında qüsurlu olması və ya sövdələşmə şərtlərinə cavab verməməsinin aşkar edilməsi.
Malların onları göndərən şəxsə və ya onun təyin etdiyi digər şəxsə qaytarılması.
Malların Azərbaycanda emal edilməməsi və ya istifadə edilməməsi və bir il müddətində təkrar ixrac olunması.
Qaydaların 2.3-cü bəndi mühüm istisna müəyyən edir: əgər maldan istifadə etmədən onun qüsurlu olduğunu aşkar etmək mümkün deyildirsə, həmin istifadə gömrük ödənişlərinin qaytarılmasına mane olmamalıdır.2.5-ci bəndə əsasən, gömrük orqanı müraciətdən sonra üç iş günü müddətində müvafiq halları təsdiqləyərək akt tərtib etməli və ya əsaslandırılmış yazılı cavabla müraciəti rədd etməlidir.2.6-cı bəndə əsasən, mallar təbii aşınma və normal daşınma-saxlanma itkiləri istisna olmaqla, idxal edildiyi vəziyyətdə olmalıdır. 2.7-ci bənd isə, malların gömrük orqanı tərəfindən eyniləşdirilməsini tələb edir. Bu qaydalar praktik baxımdan xüsusilə əhəmiyyətlidir: geri qaytarılan malın məhz idxal edilmiş mal olduğunu, onun qüsurunu və geri qaytarılma səbəbini sənədlərlə sübut etmək lazımdır.
Ən vacib hüquqi fərq: mal idxal zamanı qüsurlu olub, yoxsa sonradan xarab olub?
Bu iki halın hüquqi nəticələri fərqlidir. Praktikada ən çox mübahisə də, məhz bu məsələdən yaranır.
Birinci hal – mal Azərbaycana idxal edilən zaman artıq qüsurludur
Məsələn:
Azərbaycan şirkəti Türkiyədən 100.000 AZN dəyərində avadanlıq idxal edir. Gömrük rəsmiləşdirilməsi aparılır, idxal ƏDV-si və gömrük rüsumları ödənilir.
Malın Azərbaycana çatdırılmasından sonra texniki yoxlama zamanı müəyyən edilir ki:
Avadanlığın mühərriki işlək vəziyyətdə deyil;
İstehsal qüsuru mövcuddur;
Avadanlıq müqavilədə göstərilən texniki göstəricilərə cavab vermir.
Bu halda, alıcının xarici satıcıya qarşı müqavilə tələbi irəli sürmək və malı geri qaytarmaq üçün hüquqi əsası yaranır. Gömrük baxımından isə, Gömrük Məcəlləsinin 128-ci maddəsi və Nazirlər Kabinetinin 252 nömrəli Qərarı tətbiq edilə bilər.
Əgər digər şərtlər də təmin olunarsa, mal təkrar ixrac edilir və ödənilmiş gömrük ödənişlərinin qaytarılması tələb oluna bilər.
Hüquqi nəticə: Bu, təkrar ixrac üçün ən əlverişli vəziyyətdir. Çünki, qüsur malın idxal zamanı mövcud olan xüsusiyyəti ilə əlaqədardır.
İkinci hal – mal Azərbaycana tam yararlı vəziyyətdə idxal edilib, lakin sonradan xarab olub
Azərbaycan şirkəti xarici ölkədən 100.000 AZN dəyərində ərzaq məhsulu idxal edir. Mallar gömrükdən keçirilir və sərbəst dövriyyəyə buraxılır.
Lakin sonradan:
Anbarda temperatur rejimi pozulur;
Malların saxlanma müddəti başa çatır;
Düzgün saxlanılmama nəticəsində məhsullar xarab olur.
Bu halda malın xarab olması, idxal zamanı mövcud olan qüsur kimi qiymətləndirilə bilməz.
Onda sual olunur ki, belə malların ölkədən çıxarılması mümkündürmü?
Bəli, müvafiq gömrük proseduru və təhlükəsizlik tələbləri təmin edilməklə ölkədən çıxarılması mümkündür. Lakin, bu faktın özü əvvəlki idxal gömrük ödənişlərinin geri qaytarılması üçün əsas yaratmır. Çünki Nazirlər Kabinetinin 252 nömrəli Qərarının 2.2.1-ci bəndi, qüsurun və ya müqaviləyə uyğunsuzluğun idxal zamanı mövcud olmasını nəzərdə tutur.
Hüquqi nəticə: Malın sonradan xarab olması ilə idxal zamanı qüsurlu olması eyni anlayış deyil.
Üçüncü hal – qüsur yalnız istifadə və ya texniki sınaq nəticəsində müəyyən edilir
Avadanlıq idxal edilir. Onun işlək vəziyyətdə olub-olmadığını yoxlamaq üçün işə salınır. Sınaq zamanı avadanlığın istehsal qüsuru aşkar olunur.
Burada malların istifadə olunması məsələsi meydana çıxır.
Nazirlər Kabinetinin 252 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən, qüsurun müəyyən edilməsi üçün zəruri olan istifadə, gömrük ödənişlərinin qaytarılmasına mane olmamalıdır.
Bu müddəa çox əhəmiyyətlidir.
Deməli, gömrük orqanı yalnız malın sınaqdan keçirilməsinə görə avtomatik olaraq ödənişlərin qaytarılmasından imtina etməməlidir. İstifadənin məqsədi, həcmi və qüsurun müəyyən edilməsi ilə əlaqəsi sənədləşdirilməlidir.
Yuxarıda qeyd olunanlardan müqayisəli hüquqi cədvəl aşağıdakı kimi olacaq
Yararsız malların geri qaytarılmasının ümumi proseduru
İndi isə praktiki əməliyyat ardıcıllığını nəzərdən keçirək.
Təkrar ixrac prosesinin ümumi sxemi
Qüsurun və ya yararsızlığın müəyyən edilməsi
Malın texniki, fiziki və ya keyfiyyət göstəriciləri yoxlanılır.
Qüsur aktının hazırlanması
Malın adı, miqdarı, partiyası, qüsurun xarakteri və aşkar olunma tarixi göstərilir.
Təchizatçıya rəsmi müraciət
Xarici satıcıya pretenziya göndərilir və geri qaytarma barədə razılıq alınır.
Gömrük orqanına müraciət
Təkrar ixrac proseduru və gömrük ödənişlərinin qaytarılması məsələsi üzrə sənədlər təqdim edilir.
Gömrük yoxlaması və eyniləşdirmə
İdxal sənədləri, malın faktiki vəziyyəti və miqdarı müqayisə olunur.
Təkrar ixrac bəyannaməsi və bildirişi
Malların ölkədən çıxarılması rəsmiləşdirilir.
Faktiki çıxarılmanın təsdiqi
Sərhəd gömrük orqanının məlumatı və nəqliyyat sənədləri ilə çıxarılma təsdiqlənir.
Gömrük ödənişlərinin qaytarılması üçün müraciət
Hüquqi şərtlər mövcud olduqda ödənilmiş məbləğlərin geri qaytarılması tələb edilir.
Birinci mərhələ – qüsurun sənədləşdirilməsi
İlk növbədə müəssisə daxilində komissiya yaradılması və qüsur aktının tərtib edilməsi məqsədəuyğundur.
Aktda aşağıdakılar göstərilməlidir:
Malların adı və nomenklaturası;
İdxal gömrük bəyannaməsinin nömrəsi və tarixi;
İstehsalçı və təchizatçı;
Malın miqdarı və partiya nömrəsi;
Qüsurun aşkar olunduğu tarix;
Qüsurun mahiyyəti;
Qüsurun malın idxal zamanı mövcud olub-olmaması barədə sübutlar;
Malın istifadə edilib-edilməməsi;
Malın təyinatı üzrə yararlılıq vəziyyəti.
Qüsurun texniki ekspertiza və ya laboratoriya müayinəsi tələb etdiyi hallarda, müvafiq ekspert rəyi alınmalıdır. Xüsusilə ərzaq, dərman, kimyəvi məhsullar və texniki avadanlıqlar üzrə yalnız müəssisədaxili aktla kifayətlənmək risklidir.
İkinci mərhələ – xarici təchizatçı ilə münasibətlərin rəsmiləşdirilməsi
Xarici satıcıya rəsmi pretenziya göndərilməlidir.
Pretenziyada aşağıdakılar əks etdirilməlidir:
Müqavilənin və hesab-fakturanın rekvizitləri;
Malın qüsurlu olmasının səbəbi;
Qüsuru təsdiq edən sənədlər;
Geri qaytarılan malların miqdarı;
Müqavilənin ləğvi və ya malın dəyişdirilməsi tələbi;
Ödənilmiş məbləğin geri qaytarılması və ya əvəzləyici mal göndərilməsi barədə təklif.
Təchizatçının yazılı razılığı, kredit-nota, geri qaytarma fakturası və ya müqaviləyə əlavə sazişin olması tövsiyə edilir. P.S. Kredit nota- satıcı tərəfindən alıcıya verilən və əvvəllər təqdim edilmiş hesab-fakturanın ( e-qaimənin) məbləğini azaldan rəsmi sənəddir.
Bu sənədlər gömrük orqanına əməliyyatın kommersiya mahiyyətini izah etmək baxımından əhəmiyyətlidir.
Üçüncü mərhələ – gömrük orqanına ərizə
Nazirlər Kabinetinin 252 nömrəli Qərarının 3.1-ci bəndinə əsasən, təkrar ixrac zamanı səlahiyyətli şəxs və ya nümayəndəsi müəyyən olunmuş formada ərizə ilə gömrük orqanına müraciət edir.
Qərarın 3.2-ci bəndə əsasən, aşağıdakı sənədlər təqdim edilir:
Mallara dair idxal gömrük bəyannaməsi;
Kommersiya sənədləri;
Nəqliyyat sənədləri;
Qərarda nəzərdə tutulmuş formada ərizə;
Təkrar ixracın səbəbini və əsasını təsdiq edən sənədlər.
Sonuncu qrupa qüsur aktı, ekspert rəyi, təchizatçı ilə yazışmalar, geri qaytarma razılaşması və digər sübutlar daxil edilə bilər.
Qərarın 3.3-cü bəndə görə, gömrük orqanı sənədlərin düzgünlüyünü yoxlayır, malları eyniləşdirir və təkrar ixrac rəsmiləşdirilməsini həyata keçirir.
Dördüncü mərhələ – malların faktiki olaraq ölkədən çıxarılması
Gömrük rəsmiləşdirilməsindən sonra mallar müvafiq nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılır. Burada əsas məsələ, malların əvvəlki idxal sənədləri ilə eyniliyinin təsdiqidir. Məsələn, ilkin idxal zamanı 1.000 ədəd mal bəyan edilmişdirsə, geri qaytarılan 1.000 ədəd malın həmin partiyaya aid olduğunu sübut etmək lazımdır. Əgər yalnız 300 ədəd mal qüsurludursa, təkrar ixrac həmin 300 ədədə münasibətdə həyata keçirilə bilər. Gömrük ödənişlərinin qaytarılması da müvafiq şərtlərlə həmin hissəyə aid hesablanmalıdır.
Diqqət: Təkrar ixrac bildirişi ilə faktiki çıxarılma eyni hadisə deyil. Malların sərhəddən faktiki keçirilməsi də sənədlərlə təsdiqlənməlidir.
NK-nin 252 nömrəli Qərarının 3.4-cü bəndində, faktiki çıxarılma məlumatının bir ay ərzində rəsmiləşdirməni aparan gömrük orqanına daxil olmaması halı üçün bildirişin ləğvi mexanizmi nəzərdə tutulur.
İdxal zamanı ödənilmiş gömrük ödənişlərinin geri qaytarılması
Bu bölmə əməliyyatın maliyyə və vergi baxımından ən vacib hissəsidir.
Tutaq ki, Azərbaycan şirkəti aşağıdakı malları idxal edib:
Şərti idxal əməliyyatı
Hesablamada aksiz və digər mümkün ödənişlər nəzərə alınmayıb. ƏDV bazası 115.000 AZN qəbul edilib. Tutaq ki, idxal edilmiş malların hamısında istehsal qüsuru aşkar olunub və mallar təchizatçıya geri qaytarılır. Əgər Gömrük Məcəlləsinin 128.3-cü maddəsi və 252 nömrəli Qərarın 2.2-ci bəndindəki bütün şərtlər təmin edilirsə, ödənilmiş 15.000 AZN gömrük rüsumunun və 20.700 AZN idxal ƏDV-sinin qaytarılması məsələsi qaldırıla bilər.
Şərtlər təmin edildikdə
Burada mühüm hüquqi fərq var: gömrük rüsumunun və ƏDV-nin qaytarılması hüququ gömrük prosedurunun düzgün tamamlanmasına, malın qüsurlu olmasına və müəyyən edilmiş digər şərtlərə bağlıdır. Sadəcə malın təchizatçıya göndərilməsi kifayət etmir.
Bir il müddətinin əhəmiyyəti
Gömrük Məcəlləsinin 128.3-cü maddəsi bir il müddətini nəzərdə tutur. Bu müddət, malın sərbəst dövriyyəyə buraxıldığı tarixdən hesablanır.
15 yanvar 2026 – malın sərbəst dövriyyəyə buraxılması;
10 mart 2026 – qüsurun müəyyən edilməsi;
20 mart 2026 – təchizatçıya müraciət;
15 iyun 2026 – təkrar ixrac.
Bu halda bir illik müddətə əməl olunmuş olur. Lakin qüsurun nə vaxt aşkar edilməsi, idxal zamanı mövcudluğu və təkrar ixracın faktiki tarixi sənədlərlə əsaslandırılmalıdır.
Qüsurlu malların məhv edilməsi alternativi
Bəzən xarici təchizatçı malı geri qəbul etmir və ya malın daşınması iqtisadi baxımdan sərfəli olmur. Belə hallarda Gömrük Məcəlləsinin 268.3-cü maddəsi və 252 nömrəli Qərarın 2.4-cü bəndi çərçivəsində məhv etmə və ya digər alternativ prosedurlar nəzərdən keçirilə bilər.
Lakin burada bir incəlik var:
Məhvetmə ilə təkrar ixrac eyni hüquqi əməliyyat deyil. Malların məhv edilməsi üçün gömrük orqanının icazəsi və nəzarəti tələb oluna bilər. Məhvetmə faktı özü-özlüyündə idxal zamanı ödənilmiş bütün vergilərin qaytarılmasına təminat vermir. NK-nin 252 nömrəli Qərarın 2.4-cü bəndində təkrar ixraca alternativ olaraq, dövlətin xeyrinə imtina və gömrük nəzarəti altında məhvetmə nəzərdə tutulur.
Vergi Məcəlləsi baxımından geri qaytarılan malların uçotu
Gömrük proseduru ilə vergi uçotunu bir-birindən fərqləndirmək lazımdır. Malın təkrar ixrac edilməsi gömrük əməliyyatıdır. Malın dəyərinin xarici təchizatçıdan geri alınması isə mülki-hüquqi və maliyyə əməliyyatıdır. Hər ikisi vergi uçotunda düzgün əks etdirilməlidir.
İdxal ƏDV-sinin uçotu
Vergi Məcəlləsinin 175-ci maddəsi əvəzləşdirilən ƏDV-nin ümumi mexanizmini tənzimləyir. Əgər idxal zamanı ödənilmiş ƏDV şirkət tərəfindən əvəzləşdirilibsə, sonradan həmin ƏDV-nin gömrük orqanı tərəfindən qaytarılması zamanı vergi uçotunda müvafiq düzəliş məsələsi yaranır.
Burada iki vəziyyəti fərqləndirmək lazımdır:
Birinci vəziyyət: İdxal ƏDV-si əvvəlcə əvəzləşdirilməyib, sonra gömrük orqanı tərəfindən qaytarılıb. Bu halda, həmin məbləğin əvvəllər əvəzləşdirilmiş ƏDV kimi saxlanılması mümkün deyil. Əvəzləşdirmə hüququ və faktiki qaytarılma birlikdə yoxlanılmalıdır.
İkinci vəziyyət: İdxal ƏDV-si artıq əvəzləşdirilib, sonra gömrük orqanı tərəfindən geri qaytarılıb. Bu zaman eyni vergi məbləğinin həm əvəzləşdirilməsi, həm də dövlət büdcəsindən geri alınması nəticəsində ikiqat vergi üstünlüyü yaranmamalıdır. Əvvəlki əvəzləşdirmə üzrə müvafiq düzəliş aparılmalıdır. Bu əməliyyatın konkret hesabat dövründə necə əks etdirilməsi geri qaytarılmanın hüquqi əsasından və gömrük orqanının qərarından asılıdır.
Xarici təchizatçıdan alınmış malın dəyərinin geri qaytarılması
Tutaq ki, müəssisə xarici təchizatçıya 100.000 AZN ekvivalentində ödəniş edib.
Sonradan malların qüsurlu olduğu müəyyən edilib və tərəflər müqavilənin ləğvi barədə razılığa gəliblər.
Təchizatçı 100.000 AZN-i geri qaytarır.
Bu halda:
Malın alış əməliyyatı sənədlərlə ləğv edilməli və ya müvafiq qaydada düzəliş edilməlidir;
Malın anbar uçotundan çıxarılması əsaslandırılmalıdır;
Təchizatçıdan alınacaq məbləğ və onun faktiki qaytarılması uçotda əks olunmalıdır;
Valyuta fərqləri yaranarsa, onlar ayrıca qiymətləndirilməlidir.
Əgər malın dəyəri geri qaytarılmır, əvəzində başqa mal göndərilirsə, bu, adi pul qaytarılması ilə eyni əməliyyat hesab edilməməlidir. Müqavilənin dəyişdirilməsi və yeni malın idxalı ayrıca sənədləşdirilməlidir.
Malın dəyərinin geri qaytarılması ilə idxal ƏDV-sinin qaytarılmasının fərqi
Bu fərq xüsusi diqqət tələb edir.
Bir əməliyyatın baş verməsi digər əməliyyatların avtomatik baş verməsi demək deyil.
Mənfəət və gəlir vergisi baxımından
Malların geri qaytarılması zamanı müəssisənin ilkin alış xərci və malın satış üçün nəzərdə tutulan ehtiyatlardan çıxarılması məsələsi də qiymətləndirilməlidir. Əgər malın dəyəri təchizatçıdan tam geri alınırsa, əvvəlki alışın iqtisadi mahiyyəti nəzərə alınmaqla mühasibat düzəlişi aparılmalıdır. Əgər malın dəyəri geri qaytarılmır və mal tam yararsız vəziyyətdədirsə, onun silinməsi üçün əsaslandırılmış sənədlər olmalıdır. Bununla yanaşı, vergi məqsədləri üçün xərcin tanınması, malın faktiki vəziyyəti, silinmə səbəbi və sənədləşdirilməsi ayrıca yoxlanılmalıdır.
Əsas tövsiyə: Malın xarab olması barədə akt, ekspert rəyi, gömrük sənədləri, təchizatçı ilə yazışmalar və malın faktiki çıxarılmasını təsdiq edən sənədlər eyni əməliyyat üzrə vahid sənəd qovluğunda saxlanılmalıdır.
Mülki Məcəllə baxımından xarici təchizatçının məsuliyyəti
Təkrar ixrac prosedurunun tətbiqi üçün ilk növbədə malın geri qaytarılmasının mülki-hüquqi əsası olmalıdır.
Bu münasibətlər əsasən:
Alqı-satqı müqaviləsi;
Təchizat müqaviləsi;
Beynəlxalq alqı-satqı müqaviləsi;
Müqavilənin keyfiyyət və zəmanət şərtləri;
Tərəflərin mübahisələrin həlli barədə razılaşması
ilə müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsində satılan malın keyfiyyətinə dair tələblər və müqavilə öhdəliklərinin icrası ilə bağlı müddəalar mövcuddur.
Mülki Məcəllənin 236-cı maddəsinin mahiyyətinə görə, satılan malın keyfiyyəti müqavilənin şərtlərinə, belə şərtlər olmadıqda isə, həmin növ mallar üçün adi keyfiyyət tələblərinə uyğun olmalıdır. Beynəlxalq müqavilələrdə isə, əlavə olaraq BMT-nin Malların beynəlxalq alqı-satqısı müqavilələri haqqında 1980-ci il Konvensiyasının (CISG) tətbiqi məsələsi yoxlanılmalıdır.
Konvensiyanın tətbiq olunduğu müqavilələrdə:
35-ci maddə – malın müqaviləyə uyğunluğu;
36-cı maddə – malın təhvil verildiyi zaman mövcud olan uyğunsuzluğa görə satıcının məsuliyyəti;
38-ci maddə – malın yoxlanılması;
39-cu maddə – uyğunsuzluq barədə satıcıya bildiriş;
49-cu maddə – müəyyən hallarda müqavilənin ləğvi;
74-cü maddə – zərərin ödənilməsi
baxımından əhəmiyyətlidir.
Burada vacib məsələ odur ki, beynəlxalq alqı-satqı münasibətlərində malın geri qaytarılması üçün, yalnız gömrük qaydalarına istinad etmək kifayət etmir. Alıcının xarici satıcı qarşısında müqavilə hüququ da olmalıdır.
Praktiki tövsiyə: Müqavilədə qüsurlu malların geri qaytarılması, əvəzlənməsi, daşınma xərclərinin ödənilməsi, geri qaytarma müddəti və risklərin hansı tərəfə aid olması ayrıca göstərilməlidir.
Qida məhsullarının geri qaytarılmasında xüsusi hüquqi rejim
Əgər söhbət ərzaq və digər qida məhsullarından gedirsə, məsələ yalnız Gömrük Məcəlləsi ilə məhdudlaşmır. Bu sahədə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq olunur. Qanunun 10-cu maddəsi təhlükəli qida məhsullarının dövriyyəsini qadağan edir. Qanunun 10.2.2-ci maddəsinə görə, aşkar korlanma, dağılma və çürümə əlamətləri olan, istehlak üçün yararsız məhsullar təhlükəli hesab edilir. Qanunun 30-cu maddəsi isə qida məhsullarının geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi qaydalarını müəyyən edir.
Qida təhlükəsizliyi haqqında
Burada üç ayrı hüquqi mexanizm var:
Xarici təchizatçıya qüsurlu məhsulun geri qaytarılması;
Təhlükəli məhsulun daxili bazardan geri çağırılması;
Məhsulun utilizasiyası və ya məhv edilməsi.
Bunlar bir-birini əvəz etmir.
Məsələn, idxal edilmiş qida məhsulunun xarab olması aşkar edildikdə, şirkət onu sadəcə öz qərarı ilə yenidən ixrac etməklə qida təhlükəsizliyi üzrə öhdəliklərindən azad olmur.
Qanunun 30.5–30.8-ci maddələri təhlükəli məhsulların utilizasiyası və ya məhv edilməsi barədə qərar, xərclər və prosesə nəzarət məsələlərini tənzimləyir. Ona görə də qida məhsullarının geri qaytarılmasında, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətləri və tələb olunan sənədlər ayrıca nəzərə alınmalıdır.
Qida məhsulları üzrə praktiki sənədlər
Laboratoriya sınaq protokolu;
Məhsulun yararsızlığına dair akt;
Partiya və istehsal tarixləri;
Yararlılıq müddəti;
Saxlanma temperaturu barədə məlumatlar;
Təchizatçının geri qəbul razılığı;
AQTA-nın tələb olunan qərar və rəyləri;
Gömrük bəyannaməsi və təkrar ixrac sənədləri.
Əgər məhsulun təhlükəsizliyi ilə bağlı risk varsa, gömrük prosedurundan əvvəl müvafiq qida təhlükəsizliyi tələbləri dəqiqləşdirilməlidir.
Geri qaytarma üçün sənədlərin tam siyahısı
Aşağıdakı siyahı müəssisənin daxili nəzarət və audit proseduru üçün istifadə edilə bilər.
Sənədlərin hamısı hər bir əməliyyatda mütləq eyni formada tələb olunmur. Konkret malın növü, təkrar ixracın səbəbi və tətbiq olunan prosedur nəzərə alınmalıdır.
Malların mütləq ilkin göndərən ölkəyə qaytarılması tələb olunurmu?
Bu sual xüsusilə əhəmiyyətlidir.
Nk-nin 252 nömrəli Qərarın 2.2.2-ci bəndində malların onları göndərən şəxsə və ya onun təyin etdiyi digər şəxsə geri qaytarılması nəzərdə tutulur. Bu o deməkdir ki, malların mütləq ilkin göndərildiyi ölkəyə qaytarılması barədə ümumi məcburi tələb yoxdur.
Mal Türkiyədən Azərbaycana idxal edilib.
Sonradan malın qüsurlu olduğu müəyyən edilib.
Türkiyədəki təchizatçı həmin malı qəbul etmək əvəzinə, Almaniyadakı istehsalçıya göndərilməsini tələb edir.
Belə halda Almaniyadakı istehsalçı təchizatçının təyin etdiyi şəxsdirsə, geri qaytarılma bu hüquqi mexanizm çərçivəsində əsaslandırıla bilər.
Lakin aşağıdakılar sənədləşdirilməlidir:
İlkin təchizatçının yazılı göstərişi;
Malların həmin şəxsə göndərilməsinin səbəbi;
Təchizatçı ilə alıcı arasındakı müqavilə və yazışmalar;
Faktiki qəbul edəcək şəxsin məlumatları;
Malların əvvəlki idxal partiyasına aid olmasının sübutu.
Beləliklə, geri qaytarılmanın hüquqi istiqaməti yalnız malın mənşə ölkəsi ilə deyil, göndərən şəxsin və ya onun təyin etdiyi şəxsin kimliyi ilə də müəyyən edilir.
Geri qaytarılan mallar üzrə əsas hüquqi risklər
Müəssisələrin bu əməliyyatlarda yol verdiyi tipik səhvlər aşağıdakılardır.
Xüsusilə sonuncu məsələ vacibdir. Malların yararsız olması, onların istənilən qaydada ölkədən çıxarmaq hüququ vermir. Məhsulun növündən asılı olaraq baytarlıq, fitosanitar, sanitar, ekoloji və digər tələblər də tətbiq edilə bilər.
Konkret əməliyyat üçün tövsiyə olunan hüquqi sənədləşdirmə modeli
Müəssisədə belə əməliyyatlar üçün aşağıdakı daxili prosedurun təsdiq edilməsi məqsədəuyğundur.
Yararsız malların geri qaytarılması üzrə daxili nəzarət proseduru
1-ci mərhələ
İlkin araşdırma
Malın hansı tarixdə idxal edildiyi müəyyən edilir.
Qüsurun hansı tarixdə aşkar edildiyi müəyyən edilir.
Qüsurun idxal zamanı mövcudluğu araşdırılır.
2-ci mərhələ
Hüquqi əsaslandırma
Müqavilə təhlil edilir.
Təchizatçıya pretenziya göndərilir.
Geri qaytarılma razılaşdırılır.
Gömrük proseduru seçilir.
3-cü mərhələ
Gömrük rəsmiləşdirilməsi
Gömrük orqanına müraciət edilir.
Mallar eyniləşdirilir.
Təkrar ixrac rəsmiləşdirilir.
Faktiki çıxarılma təsdiqlənir.
4-cü mərhələ
Maliyyə və vergi uçotu
Malın anbar uçotundan çıxarılması;
Təchizatçı ilə hesablaşmaların düzəldilməsi;
İdxal ƏDV-si və gömrük ödənişlərinin qaytarılması;
Əvvəlki ƏDV əvəzləşdirməsinin yoxlanılması;
Mənfəət və ya gəlir vergisi üzrə uçotun dəqiqləşdirilməsi.
Hüquqi nəticə və yekun mövqe
Aparılmış təhlildən aşağıdakı nəticələr əldə edilir.
Birinci: Azərbaycan Respublikasına idxal edilmiş yararsız malların xarici ölkəyə qaytarılması qanunvericiliklə nəzərdə tutulmuş və həyata keçirilməsi mümkün olan gömrük əməliyyatıdır. Bunun əsas hüquqi forması təkrar ixracdır.
İkinci: Təkrar ixrac ilə gömrük ödənişlərinin qaytarılması eyni anlayış deyil. Mal müəyyən hallarda təkrar ixrac edilə bilər, lakin idxal zamanı ödənilmiş rüsum və vergilərin qaytarılması üçün əlavə şərtlər mövcuddur.
Üçüncü: Gömrük Məcəlləsinin 128.3-cü maddəsi və Nazirlər Kabinetinin 252 nömrəli Qərarının 2.2-ci bəndi birlikdə tətbiq edilməlidir. Ödənişlərin qaytarılması üçün malın idxal zamanı qüsurlu olması və ya müqavilə şərtlərinə cavab verməməsi, göndərənə və ya onun təyin etdiyi şəxsə qaytarılması, istifadə və emal məhdudiyyətləri, habelə bir illik müddət nəzərə alınmalıdır.
Dördüncü: Qüsurun müəyyən edilməsi üçün zəruri olan istifadə NK-nin 252 nömrəli Qərarın 2.3-cü bəndi ilə ayrıca qorunur.
Beşinci: Əgər mal Azərbaycana yararlı vəziyyətdə idxal edilib, sonradan saxlanma, daşınma və ya digər səbəblərdən xarab olubsa, bu halı idxal zamanı mövcud olan qüsurla eyniləşdirmək olmaz. Belə vəziyyətdə təkrar ixrac mümkün olsa da, gömrük ödənişlərinin geri alınması avtomatik hüquq deyil.
Altıncı: Geri qaytarılma əməliyyatı mülki-hüquqi, gömrük, vergi və mühasibat sənədləri ilə vahid əməliyyat kimi əsaslandırılmalıdır.
Vergi və gömrük hüququ üzrə məsləhətçi: Nəsir Novruzov