Xalq artisti Mehriban Zəki: Mənim üçün o insanla ünsiyyətdə olmaq, onun fikirlərinin arxasınca getmək çox rahat idi - MÜSAHİBƏ


Elə insanlar var ki, onlar bizi zaman anlayışını inkar etməyə məcbur edirlər. Sən bir tərəfdən zamanın keçdiyini, bunun fonunda ətrafındakı insanların bioloji olaraq dəyişdiyini müşahidə edirsən, digər tərəfdə isə qarşında illərdir gözəlliyini, təravətini, enerjisini qoruyub saxlayan bir xanım dayanır...
Müsahibə üçün təyin etdiyimiz məkana çatanda müsahibimi dediyi yerdə görmədim. Özümdən asılı olmayaraq, kitabların olduğu tərəfə addımladım. Onu gördüm. O, yenə də zamanı özü üçün dondurmuşdu...
Xalq artisti, aktrisa Mehriban Zəkinin APA-ya müsahibəsi
– Eşitdiyimə görə yeni tamaşa üzərində çalışırsınız.
– Hazırda çex yazıçısı Karel Çapekin “Ana” əsəri üzərində çalışıram. Bu əsəri uzun illərdir səhnələşdirmək arzusunda olmuşam. Sadəcə, həyatın gərdişi elə gətirib ki, bu, indiyədək mümkün olmayıb. Nəhayət, indi bu əsərə müraciət etmək imkanı yaranıb. Hazırda üzərində gərgin məşqlər gedir.
“Bizdə ədəbi dildə danışanda müəyyən mənada canlılıq itir”
– Yəqin, Akademik Milli Dram Teatrında təqdim ediləcək.
– Bəli. Artıq 2015-ci ildən orada çalışıram. Amma ondan əvvəl, təbii ki, hamının bildiyi kimi, Yuğ Teatrının, Vaqif İbrahimoğlunun yetirməsi olmuşam.
– “Ana”nı Azərbaycan dilinə kim çevirib?
– Özüm tərcümə etmişəm. Çünki əsərin başqa bir tərcüməsi də var. Həmin tərcümənin dil və üslubu məni tam qane etmədi. Həmin versiyanı pis hesab etmirəm, amma rus dilində oxuyanda gördüm ki, orijinal mətn tamamilə başqadır. Düşünürəm ki, bizdə ədəbi dildə danışanda müəyyən mənada canlılıq itir. Ona görə də ədəbi dilin canlılığını qorumaq lazımdır. Cümlələri həddindən artıq dolaşdıranda, mürəkkəbləşdirəndə nə aktyor onları səsləndirə bilir, nə də tamaşaçı fikri qəbul edə bilir. Hadisələri daha rahat, daha sadə ifadələrlə çatdırmağa çalışmaq lazımdır.
– Yəqin müsahibəmizin də yubanmasına bu səbəb oldu: bir yandan tamaşanın məşqləri, bir yandan konsertlər. Yeri gəlmişkən, Ramiz Rövşənin yubiley konserti də yaxınlaşır...
– Bəli, Ramiz Rövşənin 80 illik yubileyinə də hazırlaşırıq. Dekabrın 18-də mənim də ad günümdür, 60 yaşım tamam olur. Amma biz Ramiz Rövşənin yubileyini qeyd edəcəyik. Mənim üçün bu, böyük məsuliyyət və maraqlı hadisədir. Öz yubileyimdə, öz ad günümdə çox sevdiyim şairə həsr olunmuş tədbirin hazırlanmasında iştirak etmək xüsusi bir duyğudur.
– Ramiz Rövşəni bu qədər yaxından tanıyırsınız, sevirsiniz. Yubiley gecəsinin ssenarisinə bu tanışlıqdan, bu sevgidən nə düşüb?
– Yubiley gecəsinin ssenarisi üzərində işləyərkən bütün kitablarını nəzərdən keçirirəm. Hansı şeirdən hansı şeirə keçəcəyimi müəyyənləşdirmək üçün kitabların arasında daim vərəqlər, qeydlər saxlayıram. Hər şeirin arasında bir əlfəcin qoyuram ki, hansı şeiri harada istifadə edəcəyimi unutmayım. Əlbəttə, yubiley gecəsi olduğu üçün müəyyən struktur qurmaq, seçim etmək, müəyyən konsepsiyaya xidmət edən ardıcıllıq yaratmaq məcburiyyətindəyik. Amma bu, asan deyil. Çünki Ramiz Rövşənin yaradıcılığında hər bir detal çox şeyi dəyişə bilər.
– Ötən illərlə müqayisədə, incəsənət sahəsində qadınların sayının artdığını görmüşük. Keçmişdəki mental qəliblər yoxa çıxıb. İncəsənət fakültələrində təhsil alan qızların, oğlanların say nisbətinə nəzər yetirəndə də bunun şahidi oluruq.
– Həmin gənclərin hər biri 18-19 yaşındadır. Əgər universitetdədirlərsə, deməli, nəsə onları bura çəkib gətirib. Bunun sadəcə arzu olub-olmadığını, gələcəkdə nə dərəcədə reallaşacağını zaman göstərəcək. Məni narahat edən problem isə bir qədər başqadır. Ədəbiyyat uzun müddət daha çox kişilərin düşüncəsi və problemləri üzərində qurulub. Əsərlərdə qadın obrazı varsa da, çox vaxt köməkçi fiqur kimi təqdim edilib. Qadın ya anadır, ya sevgilidir, ya çay gətirəndir, ya da hadisələrin inkişafına kömək edən obrazdır. Yəni hadisələrin mərkəzində deyil, kənarında dayanır. İndi qadınların sənətə marağı və iştirakı artır. Ancaq ədəbiyyatımızda yazılan əsərlərdə qadın problemləri, qadının dünyası, düşüncələri nə dərəcədə əsas mövzuya çevrilir? Qadınlar artıq köməkçi fiqur rolundan çıxıblarmı? Mənim üçün əsas sual budur.
“Nə qocayam, nə də özümü yaşlı hesab edirəm”
– Yəni, bədii əsərlərdə gender bərabərliyi pozulur?
– İndi dünyada gender məsələləri ilə bağlı dəyərlərə münasibət dəyişir. Bir neçə il bundan əvvəl gender bərabərliyi haqqında çox danışılırdı. Mən bu anlayışa da müəyyən mənada qarşıyam. Əgər gender bərabərliyindən bu qədər danışırıqsa, deməli, onun mövcud olmadığını qəbul edirik. Mən düşünürəm ki, kişi ilə qadın bioloji və fiziki baxımdan eyni ola bilməz. Kişi kişidir, qadın qadındır. Kişi fiziki olaraq daha güclüdür. Kişinin ailədə müəyyən məsuliyyətləri var. Qadın isə ocağın qoruyucusudur, yaradan tərəfdir, evi qurandır. Amma yenə də görürsünüz, qadından danışanda onun qarşılığında ailəni, evi, ocağı qoyuruq. Halbuki məsələyə daha geniş baxmaq lazımdır. Məsələn, bizim mental dəyərlərimizdə ailədən danışanda belə bir yanaşma var: kişi işə gedir, qadın da işləyirsə, işdən sonra evə gəlib evi yığışdırır, uşağa baxır, yemək bişirir. Bütün bunlar da işdir. Amma çox vaxt kişilər bunu iş hesab etmir. Bunlar da əməkdir, yorucu fəaliyyətdir. Çox qəribədir ki, bəzi iş yerlərində hətta eyni işi görən qadın və kişiyə fərqli əməkhaqqı verilir. Burada ədalətsizlik var. Amma məni maraqlandıran məsələ bir qədər başqadır. Mənə görə, insan ruhunun nə cinsi var, nə yaşı, nə də coğrafi bağlılığı. Əgər ruhun cinsi, yaşı və coğrafi sərhədləri yoxdursa, deməli, mənim üçün əsas məsələ ruhumu necə ifadə etməyimdir. Məni maraqlandıran odur ki, ruhumu korlamayım, onu ləkələməyim, ləyaqətsiz və şərəfsiz addımlar atmayım, heç kəsi incitməyim. Hətta bilmədən haradasa qarışqanı tapdalayırıq. Bəzən bilmədən kimisə incidə, kiminsə xətrinə dəyə bilərik. Əgər belə bir şey etdiyimi sonradan anlayıramsa, bundan əzab çəkirəm. İmkanım varsa, həmin insanlardan halallıq almağa, üzr istəməyə çalışıram. Hətta sizinlə söhbətimizdən də istifadə edib deyə bilərəm ki, əgər kimisə haradasa bilmədən, dərk etmədən incitmişəmsə, bunu qətiyyən istəməzdim. Həmin insanlardan üzr istəməyə, halallıq almağa hazıram. Çünki həyat çox qısadır. Biz gənc yaşlarımızda elə bilirik ki, ömrümüz bitməz, tükənməz. Amma zaman keçdikcə, vaxt itirdikcə anlayırıq ki, ömrümüz məhduddur. Həmin anları itirməkdən qorxmağa başlayırıq.
– Belə düşünməyinizdə yaşın rolu var?
– Bir az əvvəl dediyim kimi, 60 yaşım tamam olacaq. Sizin baxış bucağınızdan 60 yaş çox böyük rəqəm görünə bilər. Çünki siz hələ o yaşda deyilsiniz. Mən də əvvəllər düşünürdüm ki, 60 yaşım tamam olanda artıq qoca olacağam. Amma indi görürəm ki, nə qocayam, nə də özümü yaşlı hesab edirəm. Sadəcə, çalışıram ki, indiyədək edə bilmədiyim, təxirə saldığım işləri həyata keçirim. Ona görə də üzərində işlədiyim tamaşanı ərsəyə gətirməyə çalışıram. İllər ərzində itirdiyim imkanları müəyyən qədər kompensasiya etmək istəyirəm. Bəlkə də həmin tamaşanı hazırlayıb səhnələşdirəndən sonra anlayacağam ki, nə tamaşa, nə də başqa bir iş həyatın əsas məqsədidir. Daha fərqli dəyərlər, daha fərqli hədəflər var. Hədəf deyəndə, ümumiyyətlə, yaşadığımız həyatın son hədəfi nədir? Necə ölmək? Hamımız öləcəyik. Amma əsas məsələ necə öləcəyimizdir. İnsan necə yaşamalıdır ki, öləndən sonra onun haqqında yaxşı xatirələr qalsın? Əgər kimsə düşünürsə ki, öləndə tabutunun bir tərəfi qızıldan, digər tərəfi gümüşdən olsun, onu bər-bəzəklə bəzəsinlər, deməli, o insan həyatın nə olduğunu dərk etməyib. Bu, maddiyyatdır. Mənim ən çox sevdiyim əsərlərdən biri Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsəridir. Orada bir məqam var: Balaca şahzadəyə deyirlər ki, sənin gülün efemerdir. O isə buna kədərlənir. Necə yəni mənim gülüm efemerdir? Əvvəlcə bunu qəbul etmək istəmir. Amma sonra anlayır ki, məhz həmin gülünə, onunla keçirdiyi qısa zamana görə dəyər verməlidir. Çünki zaman məhduddur və həmin anlar təkrarlanmaya bilər. İnsan da bir növ gül kimidir. Mənə gül hədiyyə edəndə çox pis oluram. Gül çox gözəldir, ətirlidir. Amma iki-üç gündən sonra həmin gözəllik, həmin ətir üfunətə çevrilir. Sonra isə onu aparıb zibilə atırsan. Bu, həyatın gerçəkliyidir. Deməli, insanın fiziki bədəni də ölümündən sonra torpağın altında çürüyəcək, parçalanacaq. Bunu düşünmək faciə deyil. Faciə odur ki, insan bütün həyatını yalnız fiziki varlığına, maddiyyata bağlasın.
Mövcud teatrların heç birində işləmək istəmirdim
– Düşüncələrinizə oxuduğunuz, sevdiyiniz əsərlərin, şairlərin də təsiri qaçılmazdır. Bu, sizinlə söhbətdə açıq-aydın sezilir.
– Əlbəttə. Nə yaxşı ki, Ramiz Rövşən var. Nə yaxşı ki, mən Vaqif Səmədoğlunu tanımışam, onunla ünsiyyətdə olmuşam, zarafatlarını eşitmişəm. Nə yaxşı ki, Vaqif Bayatlı Odəri yaxından tanıyıram, onun şeirlərinə toxunmuşam, dünyasını tanımağa çalışmışam. İmadəddin Nəsimi 650 il bundan əvvəl yaşayıb. Amma mən onun şeirlərinə toxunanda, onları oxuyanda elə bilirəm ki, onunla çox yaxından tanışam. Sanki o öz sözünü, nəsihətini, fikirlərini həmin şeirlər vasitəsilə mənə çatdırır. Hətta bir qədər qəribə səslənsə də, belə bir hadisəni xatırlayıram. Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ildə keçirilən tədbirlər, festivallar zamanı bir çox ölkələri gəzdik. Yadımdadır, Avropada, Türkiyədə və başqa ölkələrdə olduq. Üstündən illər keçir, amma biz yenə də ona toxunur, ondan bəhrələnirik.
– Daim belə gənc və enerjili olmağınızın səbəbi bayaq danışdığınız “ruhun yaşı yoxdur” prinsipidir?
– Bəli, ruhun yaşı yoxdur..
– Ruh demişkən, Vaqif İbrahimoğlunun da sizin həyatınızda rolu olub.
– Mənim üçün o insanla ünsiyyətdə olmaq, onun yaratdığı teatrda var olmaq, onun fikirlərinin arxasınca getmək çox rahat idi. Demirəm, hər şeyi çox gözəl anlayırdım, başa düşürdüm, amma ruhum sevinirdi. Ruhum sevinirdi ki, mən öz çərçivəmdəyəm, öz qabımdayam, öz ortamımdayam. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində oxuduğum günlərdə çox narahat idim. İstədiyimi tapa bilmirdim. Hətta birinci kursda bizə belə bir sual vermişdilər: “Hansı teatrda işləmək istəyərdiniz?” Çox bəsit və banal bir sual idi. Cavab vermişdim ki, mövcud teatrların heç birində işləmək istəmirəm. İstəyirdim ki, elə bir teatr olsun, onun haqqında bütün dünyada danışsınlar. Yəni niyyətin hara, mənzilin ora. Üçüncü kursda tanışların vasitəsilə, dolayısı ilə gəlib Vaqif müəllimin yanına çıxdım. İlk dəfə onu görəndə düşündüm ki, nə əcaib, qəribə adamdır. Arıq, hündürboy, saçlarının çaları, vizual olaraq da qəribə, dərvişləri xatırladan bir görüntüsü vardı. Amma məni cəlb edən onun fikirləri idi. Məni özünə cəlb edən onun təfəkkürü idi. “Nə ilə maraqlanırsan?”, “Nədir sənə maraqlı olan?” kimi suallar verirdi. İlk ünsiyyətimizdən sonra elə ondan yapışdım. Təxminən bir ilə qədər Yuğ Teatrına heç bir ödəniş almadan, təcrübə keçən bir gənc kimi gəldim. Tamaşalara baxırdım və yavaş-yavaş orada özümü çox xoşbəxt hiss etməyə başladım.
“Yuğ” Teatrının balaca bir otağa sıxışdırılması ilə kifayətlənirlər
– “Yuğ" teatrının illərdir bina problemi var. Keçmiş "yuğçu" kimi bu vəziyyət sizi narahat edirmi?
– Əlbəttə, narahat edir. “Yuğ” Teatrının məkanı yoxdur. “Yuğ” Teatrı və Vaqif İbrahimoğlu dühası o qədər böyükdür, yaradıcı dühası o qədər genişdir ki, bəlkə də onun üçün bu, hansısa mənada gülməlidir: “Yuğ” Teatrı fiziki olaraq Kukla Teatrının balaca bir otağına sıxışdırılıb. Bəlkə də bu ironiyanın içində acı istehza var. Acı istehzadır ki, reallıq budur.
Müəllimin tələbəsinə görə məsuliyyət daşıması fikri sosializmin yaratdığı düşüncədən qaynaqlanır
– "Yuğ"un tamaşaları geniş kütlə üçün deyil, bu teatra hazırlıqlı gəlmək lazımdır. Daha dar çevrə üçün səhnədə oynamaq sizi narahat etmirdi?
– Mən o vaxt Akademik Milli Dram Teatrına gələndə kulislərdə belə söhbətlər olurdu ki, bu aktyor böyük səhnə üçün uyğun deyil. Kütlə üçün olan və olmayan sənət məsələsində sizə bir misal çəkim. Bu yaxınlarda Bakı İncəsənət Festivalı keçirildi. Anton Çexovun əsəri əsasında hazırlanan “Qağayı” tamaşasına baxdım. Biletlər kifayət qədər bahalı idi. Tamaşaçı zalına düşmək çox çətin idi. Zalda çox fərqli qonaqlar, müxtəlif tamaşaçılar vardı. Tamaşaçıların bəzilərinin tamaşa haqqında fikirləri müsbət deyildi. “Darıxdırıcıdır”, “Tamaşanın ritmi yoxdur”, “Bu nədir?” və sair kimi fikirlər səsləndirilirdi. Bu məqamda belə bir fikir yaranır: əgər dünya şöhrətli, bütün dünyada iki böyük dramaturqdan biri hesab edilən Çexovun əsərinə müraciət edilirsə və ona belə fikirlər birmənalı deyilsə, demək, bu, normaldır.
– Teatra tələbə olanda gəlmisiniz. Vaxtilə özünüzdə olan o həvəsi və şövqü bu gün dərs dediyiniz tələbələrdə görürsünüzmü?
– Mən tələbələrimə hər zaman deyirəm ki, sizi aktyor etməyəcəyəm. Aktyor özünüz olacaqsınız. Mən sizinlə yalnız öz təcrübəmdən nə isə paylaşa bilərəm. Yol göstərə bilərəm, ilham verə bilərəm. Siz özünüzü seçəcəksiniz. Hansı istiqamətdə inkişaf edəcəyinizi özünüz müəyyənləşdirəcəksiniz. Məsələn, danışmağı, səhnə etikasını, texniki olaraq bədən plastikasını, ruhun sanitariyasını necə qorumağı izah edə bilərəm. Amma nəyi seçəcəyiniz öz işinizdir. Mən buna görə məsuliyyət daşımıram.
– Müəllim tələbəsinə görə məsuliyyət daşımır?
– Xeyr, daşımır. Müəllimin tələbəsinə görə məsuliyyət daşıması fikri sosializmin yaratdığı düşüncədən qaynaqlanır. İndiki zamanda gənc tələbə müəllimlə mübahisə edə bilir. Deyə bilir ki, “Sən mənə belə deyə bilməzsən, sən mənə bunu diktə edə bilməzsən”. Müəllim faktoru bir qədər öz müqəddəsliyini itirib.
– Bəs teatra gələn tamaşaçı qarşısında tələbənin təqdim etdiyi sənət nümunəsinin keyfiyyətinə görə müəllimi məsuliyyət daşıyırmı?
– Baxır, biz teatra necə yanaşırıq. Əgər biz teatra kütlə psixologiyası, kütlə düşüncəsi prizmasından tamaşanı geniş kütləyə satmaq, onu alıcılıq nöqteyi-nəzərindən qiymətləndirmək fikrindən yanaşacağıqsa, orada sənət yoxdur. Orada şou var, qazanc hərisliyi var və sair. Hər şey teatra hansı düşüncədən, hansı fikirdən, hansı mövqedən yanaşmağımızdan asılıdır. Satmaqmı, yoxsa düşündürməkmi? Məsələn siz “Yuğ” Teatrına gedərkən fiziki olaraq hansısa məqamda sıxıla bilərsiniz. Amma orada başqa bir mərhələ də var. Dar pilləkənlərdən keçib hansısa bir genişliyə, mənəvi azadlığa çıxmaq.
– Mehriban xanım, teatr məbəddir?
– Mənim üçün hə. Mən o məbədliyi qoruyuram.
– Məbəddirsə, oranın bir Allahı olmalıdır.
– Allahı rejissor olmalıdır, amma indi necədirsə, vəziyyət bax bu cürdür.
– Necədir vəziyyət?
– Bilirsiniz teatrda şou da olmalıdır, bilet satmaq da olmalıdır. Nə qədər fərqli teatr siyasətləri olsa, daha yaxşıdır. Fərqli teatr düşüncələri olmalıdır. Axı hamı eyni təfəkkürdə deyil. Hamı Dostoyevskini başa düşmür ki. Amma məbədlik qorunmalıdır.
– Teatrlarda struktur dəyişiklikləri oldu, baş rejissor, bədii rəhbər və başqa bir neçə vəzifə ləğv edildi. Teatrda çalışan biri olaraq bu qərardan sonra hansısa dəyişikliklər hiss etdinizmi?
– Teatrdan da teatra fərq var. Teatr var ki, müəllif teatrıdır. Məsələn Vaqif İbrahimoğlunun yaratdığı teatrda onun başında sonrakı illərdə kimlər olacaqsa, baş rejissoru, nə bilim, bədii rəhbəri və sair onlar Vaqif İbrahimoğlunun qoyduğu dəst-xəttlə, onun ardıcıllığı ilə gedəcəklər. Teatr var ki, onun mütləq şəkildə ideoloji düşüncəsinin daşıyıcısı olmalıdır. Teatr var ki, prodüser teatrıdır. Mənə görə, Türkiyədəki kimi, “Devlet Tiyatroları Genel Müdürlüğü” olmalıdır. Düzdür, onun da pis tərəfi odur ki, teatrı fabrikə çevirir, tamaşanı da məhsula. Tamaşa məhsulmu olmalıdır? Yoxsa yaradıcılıq düşüncəsi olmalıdır? İstənilən halda zamanla görünəcək: bu seçilmiş yol doğru idi, yoxsa bizi uçuruma aparır.
– Siz teatr səhnəsi ilə yanaşı, dəfələrlə kamera qarşısında olmusunuz. Rasim Ocaqovla tanışlığınız necə yarandı?
– Rasim Ocaqovla ilk dəfə “Otel otağı” filmində işləyəndə tanış olduq. O vaxt filmin ikinci rejissoru Ramiz Əliyev mənə zəng etdi və Rasim müəllimlə məni görüşdürdü. Danışdıq, sonra sınaq çəkilişi oldu, qrim etdilər, foto və video çəkilişlərindən sonra Rasim müəllim məni filmə təsdiqlədi. Təbii ki, o illərdə – 1998-ci ildə daha gənc idim. Təəssüf ki, bu, Rasim müəllimin son filmi oldu. Onun çox maraqlı fikirləri var idi. Filmdə kiçik bir rol olsa da, mənim üçün çox yadda qalan iş prosesi idi. Rasim müəllimlə cəmi üç gün çəkilişdə olduq. Biz çəkiliş prosesinə girəndə kameraya öyrəşənə qədər çəkiliş bitmişdi, çünki kamera ilə bağlı işləmək təcrübəm o qədər də çox deyildi.
– Çəkiliş prosesində necə, tələbkar idi?
– Rasim müəllimin maraqlı bir yanaşması var idi. Aktyorlara sərbəstlik və azadlıq vermişdi, digər tərəfdən də "bunu etmə, onu etmə" kimi məqamlar var idi. Amma sonra anladım ki, həmin o "etmə”lər çox vacibdir. Çünki o vaxt bilmirdim kameranın görüntüsündə sənin hər hansı bir baxışın, jestin və hərəkətin həddindən artıq böyük görünə bilər. Kameranı bilmədiyin üçün rejissorun və operatorun dediklərini eşitməlisən. Amma həmin çərçivənin içində mənim, misal üçün, ailəmin gülləyə tutulması, övladımı itirməyim və övladını öz əlləri ilə torpağa basdıran ananın böyük bir monoloqu vardı. O monoloqu söyləyərkən içimdən gələn bir qırıqlıq, travma və ya vahimə varsa, Rasim müəllim məndən məhz bunu tələb edirdi. O mənə azadlıq verdi, dedi ki, mən bilmirəm sən nə edirsən, amma onu yaxşı edirsən, elə də davam et. Onda anladım ki, kino teatr deyil. Teatrda hər hansı bir hərəkəti geniş edə bilərsən, amma kamera qarşısında bunu etmək olmaz. Rasim Ocaqov Azərbaycan kinosu anlayışını yaradanlardan biridir. Onun öz kino düşüncəsi, kino təcrübəsi və kino poetikası var idi.
Rüstəm İbrahimbəyovun Azərbaycan dramaturgiyasında və kinosunda çəkdiyi zəhmət danılmazdır
– Özünüzü teatrda, yoxsa kinoda daha rahat hiss edirsiniz?
– Rahatlığına və sərbəstliyinə baxsaq, teatr mənim üçün tamamilə başqadır. Kino mənim gizli sevgilimdir. Teatr isə elə bil evimdir. Səhnəyə çıxırsan və əvvəldən axıra qədər proses sənin əlindədir. Heç kəs sənə çərçivə qoymur, "bunu etmə" demir. Tərəf-müqabillərin və tamaşaçı ilə üz-üzəsən. Kino isə elə deyil. Kamera qarşısında "motor" və "kəs" deyənə qədər nə edə bildinsə, odur. Üstəlik, sonradan hansı hissələrin seçilməsi sənin ixtiyarında deyil, bu, rejissorun və montajçının əlindədir. Amma kinoda sənin idarə edə bilmədiyin gözlənilməz bir "bədahətən" məqam da var.
– “İbRus” teatrında faliyyətiniz necə başladı?
– Həyatımın, hardasa, 12 ili orada keçib. Bu, böyük müddətdir və mən onu kəsib ata bilmərəm, əməyini dəyərləndirirəm. Amma onun haqqında indiki məqamda danışmaq istəmirəm, çünki fikirlərim fərqli yozula bilər. İnsan həyatında yaşadığı mərhələləri, o yaradıcılıq mühitini dərk etmədən kənardan kəskin qiymət verə bilməz. Mən öz keçmişimə və yaradıcı yollarıma qarşı çıxa bilmərəm.
“Dünya şöhrətli Rüstəm İbrahimbəyovun həmin cümləni yazmağa haqqı yox idi”
– O vaxt Rüstəm İbrahimbəyovla bağlı söz-söhbətlər siz də onunla bağlı mənfi çıxışlar edirdiniz. Həmin vaxt keçirdiyiniz hisslər maraqlıdır. Uzun illər bir yerdə işləmisiniz...
– Onun yazıçılığına, dramaturqluğuna, yaradıcı mövqeyinə heç kim söz demir. Rüstəm İbrahimbəyovun Azərbaycan dramaturgiyasında və kinosunda çəkdiyi zəhmət danılmazdır. O, dünya səviyyəsində tanınan böyük şəxsiyyət idi. Sadəcə onun son illərdəki vətəndaşlıq mövqeyini bəyənmirdim. Bəlkə də, həmin vaxt yaş və nüfuz baxımından ona irad bildirməyə ixtiyarım yox idi, amma mən təpədən-dırnağa Azərbaycan vətəndaşıyam. Ona görə də vətənim haqqında kim olur-olsun, yanlış fikir səsləndirirsə, mən ona qarşıyam. Həmin filmə baxmışdım və girişdə yazılan fikirlə razılaşmamışdım. Hesab edirəm ki, dünya şöhrətli Rüstəm İbrahimbəyovun həmin cümləni yazmağa haqqı yox idi. Çünki onun dünyada sözü keçərli idi, sözünün kəsəri var idi.
– Yaxın günlərdə “44” bədii filminin premyerası oldu, siz də o filmdə əsgər anasını canlandırmışdınız. Film və rolunuz barədə təəssüratlarınız necədir?
– Bu filmlə bağlı duyğularım bir mənalı şəkildə qürurlu və şərəflidir. Mən Azərbaycan millətinin, xalqının, gəncinin, insanının və vətəndaşının hər zaman o saf, təmiz xüsusiyyətlərini görmüşəm və sevirəm. Azərbaycan vətəndaşının ürəyi təmizdir, mərhəmətlidir, içində bir-birinə qarşı böyük sevgi doludur. Baxın, bu xalq 44 gün ərzində öz birliyini yenidən göstərdi. Mən 1988-ci ildə də tələbə idim və meydana gedərkən xalqımızda necə böyük bir birlik olduğunu görmüşdüm. Hamı bir nəfər kimi meydana çıxıb etiraz edirdi. Sonra bizi qırdılar, lakin eyni birliyi mən bu 44 günlük Vətən müharibəsində də gördüm. Bunu görəndə içimdə böyük bir həyəcan yaranırdı. Gəncliyimizdə gördüyüm o enerjini, o ruhu bu gənclərin içində də gördüm. Həmin o 44 gün ərzində xalqımın, Azərbaycan vətəndaşının birliyi bütün əzəməti ilə ortada idi. Çəkiliş ərəfəsində də həmin birlik hiss olunurdu. Çünki biz bilirdik ki, nə yaradırıq. Biz bu filmi zəfərimizə, qələbəmizə ithaf edirik. Bu qələbəni ekrana daşımaq üçün bütün həyət çəkiliş boyunca böyük şərəf və məsuliyyətlə çalışdı. Mən bu filmdə sadəcə aktyor kimi iştirak etmədim, sadəcə rol oynamadım, mən bu filmdə Azərbaycan vətəndaşı idim, bütün Azərbaycan analarının obrazı idim. Təbii ki, heç bir ana övladının müharibəyə getməsini istəməz, amma nəyə görə döyüşdüyümüzü, nə əldə etdiyimizi başa düşəndə ortaya qürur çıxır. Filmin təqdimatında şəhid analarının çıxışları mənə o qədər təsir etdi ki... Onların tək bir istəyi var: "Mənim şəhid oğlumu unutmayın". Biz unutmarıq və bizim unutmağa haqqımız yoxdur.
Dərc vaxtına görə
