WhatsApp qruplarında iştirakçı limiti artırılır – 1500 nəfər bir araya gələcək


“WhatsApp” qrup çatlarının iştirakçı tutumunu artırmağa hazırlaşır. İndiyədək bir qrupda maksimum 1024 nəfərin iştirakına icazə verən platforma bu həddi 1500 nəfərə çatdıracaq.
HİT.az xəbər verir ki, bu barədə texnologiya yeniliklərini izləyən “WABetaInfo” məlumat yayıb.
Bildirilir ki, yenilik həm Android, həm də iOS əməliyyat sistemlərindən istifadə edənlər üçün əlçatan olacaq. Bununla belə, “Meta” funksiyanı mərhələli şəkildə istifadəyə verəcəyindən bütün istifadəçilər yeni imkandan eyni vaxtda yararlana bilməyəcəklər.
Yeni qayda qüvvəyə mindikdən sonra qruplara əlavə 476 nəfər qoşula biləcək. Bu, xüsusilə məktəblər, məhəllə icmaları, böyük təşkilatlar və geniş üzvlü kollektivlər üçün ünsiyyəti asanlaşdıracaq. Beləliklə, iştirakçı sayına görə bir neçə ayrı qrup yaratmaq ehtiyacı azalacaq.
Bununla yanaşı, “WhatsApp” böyük qrupların idarə edilməsini asanlaşdıracaq digər funksiyalar da təqdim edir. Artıq vacib mesajları söhbətin yuxarı hissəsində daha uzun müddət sabitləmək mümkün olacaq. Mesajların qeyd edilmələrə və cavablara görə filtrlənməsi isə intensiv yazışmalar arasında lazımi məlumatı tapmağı asanlaşdıracaq.
Digər yenilik yeni qoşulan üzvlərlə bağlıdır. Belə ki, qrupun mövcud iştirakçıları administratorun müəyyən etdiyi qaydada əvvəlki yazışmaların tarixçəsini yeni üzvlərlə paylaşa biləcəklər. Bu, qrupa sonradan qoşulan şəxslərin əvvəlki müzakirələrdən xəbərdar olmasına imkan yaradacaq.
Qeyd edək ki, 1500 nəfərlik qruplarda səsli söhbət funksiyasının necə işləyəcəyi hələlik dəqiqləşməyib. Bu imkanın yeni limitlə birlikdə təqdim olunub-olunmayacağı barədə rəsmi məlumat yoxdur.
Samir
1 mənbə