Vüqar Rəhimzadə: Azərbaycan-Vyetnam münasibətləri qarşılıqlı hörmət və dostluq ənənələrinə əsaslanır


21 noyabr 2026 14:44
56
Beynəlxalq münasibətlər sistemində mövqeyini günbəgün möhkəmləndirən Azərbaycanın xarici siyasətində əməkdaşlıq coğrafiyasının genişləndirilməsi, eləcə də ənənəvi tərəfdaşlarla əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi əsas prioritetlərdəndir. Bunun üçün təkcə cari ilin ötən dövrü ərzində qarşılıqlı səfərlərin dinamikliyinə, ölkəmizin ev sahibliyi etdiyi mötəbər tədbirlər fonunda yeni əməkdaşlıq formatlarının formalaşmasına və dövlət başçısı İlham Əliyevin beynəlxalq sammitlər çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi çoxsaylı görüşlərə nəzər salmaq kifayətdir. Çoxtərəfliliyin fəal tərəfdarı kimi çıxış edən Azərbaycan bu mövqeyini atdığı əməli addımlarla təsdiqləyir. Dövlətlərarası münasibətlərdə qarşılıqlı etimad mühitinin qorunmasına xüsusi önəm verən ölkəmiz dünyada etibarlı tərəfdaş kimi tanınır. Bu yanaşma özünü çoxillik tarixi bağlara malik dövlətlərlə əlaqələrin müasir çağırışlara və yeni prioritetlərə uyğun zənginləşdirilməsində də aydın göstərir. Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri və səfərdən öncə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə səsləndirdiyi çağırışlar diqqət mərkəzindədir. Azərbaycan ilə Vyetnam arasındakı münasibətlər təxminən 70 illik tarixi dostluq təməli üzərində qurulmaqla, ötən il imzalanmış Strateji Tərəfdaşlıq Bəyanat ilə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu sənəd təkcə ikitərəfli əlaqələri deyil, həm də Azərbaycanın Cənub-Şərqi Asiyada, Vyetnamın isə Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında əməkdaşlıq imkanlarını genişləndirir. Dövlət başçısının Vyetnama rəsmi səfəri bu strateji tərəfdaşlığın praktiki məzmunla daha da zənginləşdirilməsində mühüm rol oynayır.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, ikitərəfli əlaqələrin əsası hələ XX əsrin ortalarında iki xalqın liderlərinin uzaqgörənliyi ilə qoyulub. Belə ki, 1959-cu ilin iyulunda Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri olub. Bu səfər xalqlarımız arasında dostluq və əməkdaşlıq ənənəsinin təməlini qoymaqla yanaşı, həm də rəsmi Hanoyun gələcək neft sənayesinin “yol xəritəsi” oldu. Ho Şi Minin Vyetnamda dəniz neftinin hasilatında azərbaycanlı mütəxəssislərə ümid bəslədiyini ifadə edərək sonrakı onilliklərdə reallığa çevrildi. 1981-ci ildə Vyetnamın Sovet İttifaqı ilə birgə “Vietsovpetro” müəssisəsinin yaradılmasında 2 minədək azərbaycanlı neftçi mühüm rol oynayıb. Bu prosesə 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi Vyetnama səkkizgünlük səfəri və ölkənin əsas bölgələrini əhatə edən dirçəliş təşəbbüsləri güclü təkan verib. Prezident İlham Əliyev sözügedən müsahibəsində bu tarixi reallıqlara xüsusi diqqət yönəldərək bildirdi ki, möhkəm, zamanın sınaqlarından çıxmış dostluğa əsaslanaraq, biz əlaqələrin gücləndirilməsini və qarşılıqlı faydalı tərəfdaşlığın genişləndirilməsini ardıcıl şəkildə davam etdirdik. 2014-cü ildə Vyetnama ilk dövlət səfərim baş tutdu, artıq 2015-ci ilin mayında isə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanq Azərbaycana cavab səfəri etdi. Keçən ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Azərbaycana ilk dövlət səfəri dövlətlərarası münasibətlərimizdə yeni fəsil açdı. Aparılan konstruktiv danışıqlar energetika və investisiyalardan müdafiə və kibertəhlükəsizliyə qədər geniş spektri əhatə etdi. Azərbaycan-Vyetnam əlaqələrini keyfiyyətcə yeni səviyyəyə qaldıran mühüm sənədin - Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatın qəbul edilməsi bu prosesin məntiqi nəticəsi oldu. Bu səfər tərəfdaşlığın dərinləşdirilməsi və onun praktiki məzmunla zənginləşdirilməsi üzrə qarşılıqlı marağı bir daha nümayiş etdirdi.
Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin Vyetnama rəsmi səfərinin gündəliyi olduqca zəngindir. Ölkə Prezidentinin keçirdiyi görüşlər, müzakirə olunan məsələlər və səsləndirilən çağırışlar özündə mühüm məqamları ehtiva edir. Dövlət başçısı İlham Əliyev Vyetnam Sosialist Respublikasının Baş naziri Le Minh Hunq ilə görüşündə Azərbaycan-Vyetnam əlaqələrinin tarixinə toxundu. Qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin Vyetnama, Vyetnam Sosialist Respublikasının qurucusu Ho Şi Minin isə Azərbaycana səfərləri ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm rol oynayıb. Beynəlxalq təşkilatlar çərçivəsində uğurlu qarşılıqlı fəaliyyətin həyata keçirildiyini deyən Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə, həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində ölkələrimiz arasında əməkdaşlıqdan bəhs etdi. 2026-cı ilin oktyabrında Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın AQEM-in Bakıda keçirilən Zirvə Görüşündə iştirak etmək üçün ölkəmizə səfərini xatırladaraq onunla apardığı müzakirələrin əhəmiyyətini vurğuladı. Baş nazir Le Minh Hunq Azərbaycanda tezliklə Vyetnamın səfirliyinin açılacağını bildirdi. Dövlət başçısı Vyetnamın bu addımını yüksək qiymətləndirdi. O, Azərbaycanın Vyetnamda səfirliyinin uzun müddətdir fəaliyyət göstərdiyini və diplomatik nümayəndəliklərin tam fəaliyyətinin ikitərəfli əlaqələrin inkişafına ciddi təkan verəcəyini qeyd etdi. Vyetnam Sosialist Respublikasının Milli Assambleyasının sədri Çan Tan Man ilə görüşündə isə Prezident İlham Əliyev ölkələrimizin parlamentləri arasında dialoqun həmişə müsbət və nəticəyönümlü olduğunu bildirdi. O, Azərbaycan Milli Məclisi və Vyetnam Milli Assambleyası sədrlərinin görüşünün parlamentlərarası əməkdaşlığın genişləndirilməsi baxımından rolunu qeyd etdi. Qoşulmama Hərəkatının parlamentlərarası platformasının Azərbaycanın təşəbbüsü ilə yaradıldığını xatırladan dövlət başçısı iki ölkənin parlament strukturları arasında əməkdaşlığı yüksək qiymətləndirdi. Həmçinin Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında tərəfdaşlıq münasibətlərinin qurulduğu vurğulandı.
Milli Məclisin deputatı bildirib ki, noyabrın 21-də Hanoyda Prezident İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam ilə geniş tərkibdə görüşü oldu. Görüşdə Azərbaycan və Vyetnam arasında münasibətlərin inkişafı müzakirə olundu. Prezident İlham Əliyev görüşdə bildirdi ki, münasibətlərimiz strateji əhəmiyyət daşıyır: “Ötən il Sizin Azərbaycanda dövlət səfəriniz zamanı biz bu münasibətləri rəsmən strateji səviyyəyə yüksəltdik, lakin bu münasibətlər hətta bundan da əvvəl strateji xarakter daşıyırdı”. Vyetnam Prezidenti öz növbəsində qeyd etdi ki, son illərdə Azərbaycanın ümumi daxili məhsulu artmaqda davam edir: “Əhalinin həyat səviyyəsi daim yaxşılaşır və Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi davamlı olaraq güclənib. Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik”.
Vüqar Rəhimzadə bildirib ki, hər bir səfərin əhəmiyyətini təsdiqləyən mühüm amillərdən biri ölkələr arasında əlaqələrin inkişafında hüquqi baza rolunu oynayan sənədlərin imzalanmasıdır. İndiyədək Azərbaycan ilə Vyetnam arasında 30-dan çox sənəd imzalanıb. Energetika, nəqliyyat və investisiyalardan tutmuş müdafiə, elm və təhsilə qədər geniş sahələri əhatə edən bu tərəfdaşlıq İqtisadi, ticari, elmi, texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya, XİN-lərarası siyasi məsləhətləşmələr və parlamentlərarası dostluq qrupları vasitəsilə dəstəklənir. Hakim partiyalar – Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında 2013-cü il Anlaşma Memorandumu və 2023-cü il Əməkdaşlıq Sazişi əsasında qarşılıqlı səfərlər təşkil olunur. Dövlət başçısı İlham Əliyevin siyasi dialoqun növbəti mühüm mərhələsi kimi dəyərləndirilən bu səfəri çərçivəsində də müxtəlif sahələri əhatə edən sənədlər imzalandı və Birgə Bəyanat qəbul edildi. Siyasi münasibətlərin yüksək səviyyəsi iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün münbit zəmin yaradır. İqtisadi tərəfdaşlığın əsas dayaqlarını sənaye, xidmət, energetika, yaşıl enerji və tranzit-logistika istiqamətləri təşkil edir. Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatına marağı artır. Hazırda Vyetnam şirkətləri ölkəmizdə sənaye və xidmət sahələrində fəaliyyət göstərirlər. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Vyetnamın “ROX Group” şirkəti ilə tikinti, inkişaf, həmçinin Günəş və külək enerjisi layihələri üzrə Anlaşma memorandumlarının imzalanması bunun bariz nümunəsidir. Cənubi Qafqazın əsas logistika habı olan Azərbaycan ilə Cənub-Şərqi Asiyanın dinamik iqtisadiyyatı hesab edilən Vyetnam arasında nəqliyyat əlaqələri də uğurla inkişaf edir. Dövlət başçısı Vyetnam Xəbər Agentliyinə müsahibəsində bu əminliyi ifadə etdi ki, Azərbaycanın nəqliyyat və logistika infrastrukturundan Orta Dəhliz və “Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsilə Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün səmərəli şəkildə istifadə etmək olar. Bu, ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərində rolunu gücləndirməklə yanaşı, əlavə iqtisadi dəyər və əməkdaşlıq üçün yeni imkanlar yaradılmasına və ikitərəfli əlaqələrin genişlənməsinə sanballı töhfə verəcək.
Millət vəkili bildirib ki, humanitar əməkdaşlıq xalqlarımızı və dövlətlərimizi birləşdirən möhkəm körpü rolunu oynayır. Onilliklər ərzində bu əlaqələr təhsil təşəbbüsləri, xeyriyyə layihələri və müntəzəm mədəni mübadilə vasitəsilə davamlı olaraq möhkəmləndirilib. Heydər Əliyev Fondu bu prosesdə xüsusi rola malikdir və Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir. Fondun fəaliyyət istiqamətləri Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla infrastruktur təşəbbüslərindən tutmuş müxtəlif təhsil proqramlarının dəstəklənməsinə qədər geniş spektri əhatə edir. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın 2025-ci ildə Vyetnama səfəri bu əlaqələrin möhkəmləndirilməsində mühüm addım oldu. Səfər zamanı ölkə rəhbərləri, yaradıcı ziyalıların nümayəndələri və Azərbaycan universitetlərinin vyetnamlı məzunları ilə görüşlər keçirildi. Xeyriyyəçiliklə yanaşı, elm və təhsil əməkdaşlığı da dinamik şəkildə inkişaf edir. Hər iki ölkənin aparıcı universitetləri bir sıra tərəfdaşlıq müqavilələri və memorandumlar imzalayıb. Dövlət başçısı İlham Əliyevin səfər çərçivəsində keçirdiyi görüşlərdə, həmçinin Vyetnam Xəbər Agentliyinə müsahibəsində də bu məqamlara diqqət yönəldərək bildirdi ki, bu akademik əlaqələr zəngin tarixi ənənələrə əsaslanır. Hətta sovet dövründə belə, təxminən 5 min Vyetnam vətəndaşı Azərbaycanda təhsil alıb və sonradan əldə etdikləri bilik və təcrübəni vətənlərinin rifahı naminə uğurla tətbiq edib. İki ölkə arasında uzunmüddətli dostluğun rəmzi 2025-ci ildə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın iştirakı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılışı olub. Həmin açılış bu görkəmli dövlət xadiminin anadan olmasının 135-ci ildönümünə təsadüf edib. Qarşılıqlı mədəni fəaliyyət təhsil əlaqələrini ahəngdar şəkildə tamamlayır. Azərbaycanda ənənəvi olaraq Vyetnam Günləri keçirilir. 2026-cı ildə bu təşəbbüs keyfiyyətcə yeni səviyyəyə çatdı. Dördüncü festival ilk dəfə olaraq iki şəhəri - Bakı və Qəbələni əhatə etdi. Digər əhəmiyyətli mədəni hadisə isə məşhur vyetnamlı şair Mai Van Phanın “Gün doğarkən” şeirlər toplusunun Azərbaycanda nəşr edilməsi oldu. Ümumilikdə, xalqlarımız arasında mədəni dialoq on illərdir davam edir. Möhkəm dostluq bağları təkcə birgə layihələrdə deyil, həm də çətin anlarda köməyə gəlməyə hazır olmaqda özünü göstərir. 2024-cü ildə Vyetnamda baş verən “Yaqi” fırtınasının dağıdıcı nəticələrini aradan qaldırmaq, həmçinin 2025-ci ildə genişmiqyaslı daşqınların vurduğu ziyanın öhdəsindən gəlmək üçün Azərbaycan maliyyə yardımı göstərib.
Vüqar Rəhimzadə ümumiləşdirilmiş şəkildə qeyd edib ki, Azərbaycan-Vyetnam münasibətləri tarixi dostluqdan praqmatik və institusional strateji tərəfdaşlığa keçid nümunəsidir. Qarşıdakı illərdə əsas çağırış yüksək siyasi iradəni iqtisadi rəqəmlərə çevirmək, yəni ticarət dövriyyəsini enerji asılılığından çıxararaq sənaye, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və yaşıl enerji layihələri hesabına dəfələrlə artırmaqdır. Orta Dəhliz üzərindən tranzit imkanlarının tam işə düşməsi Bakını Cənub-Şərqi Asiya üçün Avrasiyaya açılan əsas qapıya çevirəcək. Dövlət başçısı İlham Əliyevin bu ölkəyə rəsmi səfəri Azərbaycan və Vyetnam arasında qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsində daha bir mühüm addımdır. “Bu gün Vyetnam Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkədir, Azərbaycan isə Cənubi Qafqazda əsas logistika və energetika habıdır” söyləyən Prezident İlham Əliyev bu əminliyi ifadə etdi ki, qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə, biznes və investisiya üçün əlavə imkanlar yarada bilərik. Əməkdaşlığımız ölkələrimizə və xalqlarımıza nəzərəçarpan fayda gətirə biləcək böyük quruculuq potensialına malikdir.
Bölmədən digər xəbərlər
Dərc vaxtına görə
İki̇sahi̇l.azoxuduğunuz
Vüqar Rəhimzadə: Azərbaycan-Vyetnam münasibətləri qarşılıqlı hörmət və dostluq ənənələrinə əsaslanır
