Vida mərasimi zamanı Papa XIV Leo XƏSARƏT ALDI


Papa XIV Leo Cənubi Amerikaya səfərinin son günündə Peruda keçirilən vida mərasimi zamanı gözündən xəsarət alıb. Belə ki, izdiham arasından ona tərəf atılan əşya, ehtimal ki, təsbeh, pontifikin gözünün yaxınlığına dəyib.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, hadisə bazar ertəsi günü Limadakı hərbi hava bazasında baş verib. Papa Romaya qayıtmazdan əvvəl mərasimə toplaşan insanları salamlayarkən izdihamdan ona tərəf bir əşya atılıb.
Foto və videolarda əşyanın dəyməsindən dərhal sonra Papanın gözünü ovuşdurduğu görünür. Görüntülərə əsasən, atılan əşyanın zəvvarların tez-tez Papadan xeyir-dua almaq üçün təqdim etdikləri təsbeh olduğu ehtimal edilir.
Qeyd edək ki, Papa XIV Leo səfərləri zamanı izdihamdan ona tərəf atılan əşyaları havada tutmaq bacarığı ilə də diqqət çəkib. O, daha əvvəl oyuncaq kuklaları, bayraqları, hətta Romadakı Müqəddəs Pyotr meydanında keçirilən görüşlərdən birində ona təqdim edilən pitsanı da havada tutmağı bacarıb.
Hadisəyə baxmayaraq, Papa mərasimi davam etdirib. Onun ciddi xəsarət aldığına dair hər hansı məlumat yayılmayıb.
XIV Leo Peruda keçirdiyi altı günlük səfər zamanı göstərilən qonaqpərvərliyə görə yerli əhaliyə təşəkkür edib. Bu səfərlə onun Cənubi Amerikaya 12 günlük səfəri başa çatıb.
