“Vətəndaş məmnuniyyətində ASAN model” mövzusunda təlim


Qax Rayon İcra Hakimiyyətində dövlət idarəçiliyində müasir yanaşmaların tətbiqi, vətəndaş məmnunluğunun artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə “Vətəndaş məmnuniyyətində ASAN model” mövzusunda təlim keçirilib.
Təlimdə vətəndaş müraciətlərinə həssas yanaşma, şəffaflıq və operativliyin təmin edilməsi, etik davranış qaydalarına riayət olunması, müraciətlərin qanunvericiliyin tələblərinə uyğun araşdırılması və vətəndaşlarla səmərəli ünsiyyətin qurulması məsələləri müzakirə edilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət idarəçiliyi islahatlarının mühüm istiqamətlərindən biri dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, bürokratik maneələrin aradan qaldırılması və vətəndaş məmnunluğunun təmin edilməsidir. Bu siyasətin uğurlu nümunələrindən olan ASAN xidmət modeli şəffaflıq, operativlik, rahatlıq və vətəndaşa hörmət prinsiplərini ön plana çıxararaq dövlət-vətəndaş münasibətlərində yeni xidmət mədəniyyətinin formalaşmasına mühüm töhfə verib.
Təlim çərçivəsində ASAN modelinin əsas prinsiplərinin gündəlik fəaliyyətə tətbiqinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, hər bir müraciətin diqqətlə dinlənilməsi, vətəndaşın probleminə fərdi yanaşılması, əsaslandırılmış və vaxtında cavab verilməsi, eləcə də müraciətlərin nəticəyönümlü həlli dövlət orqanlarının fəaliyyətinə ictimai etimadı gücləndirən əsas amillərdəndir.
Qeyd olunub ki, müasir idarəetmədə səmərəlilik yalnız görülən işlərin həcmi ilə deyil, həmin işlərin vətəndaşın gündəlik həyatında yaratdığı müsbət nəticələrlə ölçülür. Bu baxımdan, dövlət qulluqçularının peşəkarlığının, məsuliyyətinin və ünsiyyət bacarıqlarının davamlı inkişafı xüsusi əhəmiyyət daşıyır. Təlimin yekununda vətəndaş müraciətlərinə baxılmasında diqqətlilik, obyektivlik və məsuliyyətin artırılması, xidmət mədəniyyətinin yüksəldilməsi və vətəndaşyönümlü idarəetmə prinsiplərinin gündəlik fəaliyyətdə daha geniş tətbiqi ilə bağlı tövsiyələr verilib.
Tədbirin əsas məqsədi dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadı möhkəmləndirmək, vətəndaş məmnunluğunu idarəetmənin əsas meyarlarından birinə çevirmək və Qax Rayon İcra Hakimiyyətinin fəaliyyətində şəffaf, çevik və səmərəli xidmət yanaşmasını daha da gücləndirməkdir.
Həmçinin Qax Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının peşəkar bilik və bacarıqlarının artırılması, idarəetmədə müasir yanaşmaların tətbiqi, xidməti davranış və ünsiyyət mədəniyyətinin təkmilləşdirilməsi məqsədilə “İşgüzar etiket və korporativ mədəniyyət” mövzusunda təlim keçirilib.
Təlim zamanı işgüzar münasibətlərin qurulması, rəsmi ünsiyyət qaydaları, etik davranış normaları, kollektivdə sağlam iş mühitinin formalaşdırılması, əməkdaşlıq və qarşılıqlı hörmət prinsipləri ətrafında ətraflı müzakirələr aparılıb.
Bildirilib ki, müasir dövlət idarəçiliyində peşəkarlıq yalnız vəzifə öhdəliklərinin icrası ilə məhdudlaşmır. Eyni zamanda, dövlət qulluqçusunun davranışı, ünsiyyət tərzi, məsuliyyət hissi və vətəndaşlarla münasibətdə nümayiş etdirdiyi etik yanaşma dövlət orqanının fəaliyyətinin keyfiyyətini və nüfuzunu müəyyən edən mühüm amillərdəndir.
Təlimdə korporativ mədəniyyətin kollektivdə vahid iş prinsiplərinin, komanda ruhunun, qarşılıqlı etimadın və institusional məsuliyyətin möhkəmləndirilməsində rolu vurğulanıb.
İnteraktiv müzakirələr və praktiki nümunələrlə davam edən təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb. Qeyd olunub ki, bu kimi maarifləndirici tədbirlər dövlət idarəçiliyində müasir iş standartlarının mənimsənilməsinə, əmək intizamının və xidmət mədəniyyətinin yüksəldilməsinə, nəticəyönümlü və vətəndaş məmnunluğuna əsaslanan idarəetmə mühitinin formalaşdırılmasına xidmət edir.
