Venesuela ABŞ ilə hərbi əməkdaşlığın əsas məqsədini açıqladı


BAKI, 19 noyabr. TELEQRAF
Venesuela ilə ABŞ arasında bərpa olunan hərbi əməkdaşlıq təkcə ölkədə deyil, bütün Qərb yarımkürəsində sülhün təmin olunmasına xidmət etməlidir.
Teleqraf xəbər verir ki, bunu Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqes ABŞ-nin müdafiə naziri Pit Hegsetlə Karakasdakı Miraflores Prezident Sarayında keçirilən görüşdə bildirib.
“ABŞ ilə müdafiə sahəsində əməkdaşlıq yalnız Venesuelada deyil, bütün Qərb yarımkürəsində sülhün təmin olunmasına xidmət etməlidir”, – Rodriqes “Venezolana de Televisión” telekanalının efirində deyib.
Onun sözlərinə görə, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq sazişi və neft sektorunda əldə olunan son razılaşma təhlükələrə qarşı birgə mübarizəyə, sabitliyin qorunmasına və Venesuelanın inkişafına imkan yaradacaq.
Rodriqes vurğulayıb ki, hərbi əməkdaşlığın bərpası Venesuela Silahlı Qüvvələrinin hazırlığının gücləndirilməsi, müasir texnologiyalara çıxışının təmin edilməsi və texniki təchizatının yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuelaya hərbi müdaxilə edərək prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Floresi saxlayıb ölkədən çıxarıb. Narkotik ticarəti ilə əlaqədə ittiham olunan cütlük özünü təqsirli bilməyib. Hazırda ölkəyə Delsi Rodriqes rəhbərlik edir.
