Vanda Nara: "Bu, ümidsiz bir ananın reaksiyası idi"


Vanda Nara, argentinalı futbolçu Mauro İkardinin keçmiş həyat yoldaşı, futbolçunun hazırkı sevgilisinə ünvanladığı sərt ifadələrə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, bir müddət əvvəl "İnter", "PSJ" və "Qalatasaray"ın sabiq hücumçusu İkardinin böyük qızını danladığı, ona əl qaldırdığı və otaqda saxladığı barədə məlumat yayılıb. 11 yaşlı qız sosial şəbəkədə kömək istədikdən sonra futbolçunun evinə polis və təcili tibbi yardım gəlib. Hazırda Mauro İkardi qızına yüngül bədən xəsarətləri yetirməkdə ittiham olunur.
Hadisə baş verən zaman Vanda Nara və onun yeni partnyoru, iş adamı Martin Miqeles televiziya çəkilişində olublar. Onlar çəkilişi yarımçıq qoyaraq İkardinin evinə gediblər və burada keçmiş cütlük arasında mübahisə yaşanıb. Mübahisəyə 43 yaşlı Miqeles də müdaxilə edib və İkardiyə sərt ifadələr işlədib. Həmin gün Vanda Nara İkardinin hazırkı sevgilisi Çina Suaresə də təhqiramiz sözlər deyib. Eyni zamanda, İkardi və Suares evdə baş verənləri videoya çəkiblər və həmin görüntülər ictimaiyyətə sızıb.
Vanda Nara Primicias Ya proqramında baş verənlərə aydınlıq gətirib: "Saat 11:00-dan günorta saatlarınadək təxminən 600 mesaj aldım. Özümü tamamilə aciz hiss edirdim, heç nə edə bilmirdim. Mütəxəssislərdən göstəriş alana qədər gözlədim. Onlar mənə nə etməli olduğumu izah etdilər, məhkəmə qərarları və hüquqi məhdudiyyətlər barədə məlumat verdilər. Psixoloqlar və qızımla işləyən şəxslər də prosesə cəlb olunmuşdu. Onlar məhkəməyə müraciət etdilər, lakin müraciət təmin olunmadı. Bundan sonra 911-ə zəng etməkdən başqa yolumuz qalmadı".
Nara evə çatanda təhlükəsizlik xidməti ona girişə icazə verməyib. O bildirib ki, qızı ona zəng edib və evə gəlməsini xahiş edib. Nara əlavə edib ki, ona dərhal polisə müraciət etmək tövsiyə olunsa da, yolun yarım saat çəkəcəyini, polisin isə bir neçə dəqiqəyə gələ biləcəyini düşünüb. Buna görə də təhlükəsizlik xidmətindən vəziyyəti hüquq-mühafizə orqanları olmadan həll etməyə çalışmasını istəyib: "Bu yarım saat ərzində onu (İkardini) sakitləşdirməyə çalışın".
Vanda Nara sonrakı reaksiyasını stress altında olan bir ananın davranışı kimi izah edib: "Bəzən elə bir an gəlir ki, insan özünü saxlaya bilmir. Damarlarımda qan axır. Doğrusu, böyüyün azyaşlını manipulyasiya etməyə çalışdığını görəndə özümü idarə edə bilmədim".
Onun sözlərinə görə, yayılan videoda 34 yaşlı aktrisanın (Çina Suares) İkardinin azyaşlı qızlarına göstəriş verdiyi hissə yoxdur: "Videonun əvvəlində, Çina qızlara nəyi necə danışmalı olduqlarını, hadisəni necə izah etməli olduqlarını deyirdi. Həmin hissə kəsilib".
Vanda Nara yayılan videoda Suaresi təhqir etdiyi görüntülərin montaj olunduğunu bildirib: "Belə videoların heç kimə kömək etdiyinə inanmıram. Bu, ümidsiz bir ananın reaksiyası idi. Daha çox söz demişdim, amma onlar həmin hissələri kəsib, montaj ediblər".
Nara əlavə edib ki, avtomobilə oturanda qızı ona Suaresin mütəxəssisə yalan danışmağı tapşırdığını etiraf edib: "Məhz bundan sonra maşından düşüb dediklərimi səsləndirdim".
