Valideyn aliment ödəyə bilmirsə, pul nənə-babadan tələb oluna bilər?


Azərbaycanda valideynlərin övladlarının saxlanılması üçün aliment ödəməsi qanunla müəyyən edilmiş öhdəlikdir. Lakin bəzi hallarda şəxsin sağlamlıq vəziyyəti, əmək qabiliyyətini itirməsi və maddi durumu aliment öhdəliyi ilə bağlı suallar yaradır.
Bəs hansı hallarda şəxs aliment ödəmək öhdəliyindən azad edilə bilər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında vəkil Ruslan Mustafazadə bildirib ki, qanunvericiliyə əsasən, valideynlər yetkinlik yaşına çatmayan övladlarını maddi cəhətdən təmin etməyə borcludurlar.
Onun sözlərinə görə, nikahın pozulması prosesində və ya nikah pozulmadan əvvəl də uşağı saxlayan valideyn digər valideyndən aliment tələb etmək üçün məhkəməyə müraciət edə bilər:
"Məhkəmə işə baxdıqdan sonra uşağın kimin yanında qalmasını müəyyənləşdirir və digər valideynin aliment ödəməsi ilə bağlı qərar qəbul edir. Bəzi hallarda məhkəmə qərarı qanuni qüvvəyə minsə də, aliment ödəməli olan valideyn bu öhdəliyi yerinə yetirməkdən yayınır. Belə vəziyyətlərdə məhkəmə qərarlarının icrasına nəzarət edən qurumun icra məmurlarının həmin şəxs barəsində inzibati protokol tərtib etmək hüququ var. Çünki məhkəmə qərarının icrasından yayınmaq ilkin olaraq inzibati məsuliyyət yaradır. Qanunvericiliyin tələblərinə görə, şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməlidir. Əgər o, bu qərarın icrasından qəsdən yayınırsa, barəsində müvafiq tədbirlər görülür.
Burada əsas məqam alimentin ödənilməməsinin qəsdən baş verməsidir. Məsələn, şəxsin işi, rəsmi və ya qeyri-rəsmi gəliri, maddi imkanı, adına daşınar və ya daşınmaz əmlakı olduğu halda məhkəmə qərarı ilə müəyyən edilmiş alimenti ödəməkdən yayınması buna nümunədir. Belə hal sübuta yetirilərsə, həmin şəxs barəsində inzibati tədbirlər görülür. Şəxs iki dəfə inzibati məsuliyyətə cəlb edildikdən sonra isə barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət məsuliyyəti məsələsi yarana bilər.
Digər tərəfdən, elə hallar da olur ki, şəxsin aliment ödəmək üçün həqiqətən maddi imkanı olmur. Məsələn, onun işi, əmlakı və hər hansı gəlir mənbəyi yoxdur. Bəzən isə əldə etdiyi gəlir ödəməli olduğu aliment məbləğindən aşağı olur. Tutaq ki, şəxs 500 manat aliment ödəməlidir, lakin aylıq gəliri cəmi 300-400 manatdır. Belə vəziyyətdə alimentin ödənilməməsi qəsdən yayınma kimi qiymətləndirilməyə bilər. Çünki şəxsin maddi imkanı buna yol vermir.
Lakin bu, aliment borcunun hesablanmasının dayandırılması demək deyil. Aliment borcu yaranmaqda davam edir. Şəxs gələcəkdə işə düzələrsə və ya başqa gəlir mənbəyi əldə edərsə, yığılmış borcun həmin gəlirlər hesabına ödənilməsi təmin edilə bilər.
Azərbaycan qanunvericiliyində uşaqların mənafeyi əsas götürülür. Bu baxımdan məhkəmələrin və icra məmurlarının aliment öhdəliyinin yerinə yetirilməsini tələb etməsini düzgün hesab edirəm. Çünki şəxsin işləməməsi o demək deyil ki, o, illərlə iş axtarmamalı, gəlir əldə etməməli və aliment ödəməkdən yayınmalıdır. Uzun müddət işləməmək və iş axtarmaq üçün heç bir səy göstərməmək də aliment öhdəliyindən qəsdən yayınma kimi qiymətləndirilməlidir.
Bununla yanaşı, bəzi şəxslərin həqiqətən işləmək və gəlir əldə etmək imkanları olmaya bilər. Məsələn, şəxs məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilibsə, onun üçün qəyyum təyin olunur. Bu halda aliment öhdəliyinin icrası məsələsi də müvafiq hüquqi qaydada həll edilir.
Əlilliyi olan şəxslərin hamısı avtomatik olaraq fəaliyyət qabiliyyətsiz hesab edilmir. Onların bir qismi əlilliyə görə aldığı müavinətlə yanaşı, əmək fəaliyyəti ilə də məşğul ola və gəlir əldə edə bilər. Həmçinin Azərbaycan qanunvericiliyi müəyyən hallarda alimenti ödəmək imkanına malik olmayan valideynin əvəzinə uşaqların nənə və babasından aliment tələb edilməsinə də imkan verir. Belə ki, aliment almaq hüququ olan şəxs qanunda nəzərdə tutulan şərtlər mövcud olduqda aliment ödəməli valideynin valideynlərinə uşaqların baba və nənəsinə qarşı da məhkəmədə iddia qaldıra bilər. Qanunvericiliyin əsas məqsədi bütün hallarda uşaqların mənafeyini qorumaq və onların saxlanılması üçün zəruri vəsaitin təmin edilməsinə nail olmaqdır".
