Uşaqlığımızın Yeni il bəzəyi yenidən dəbə minir – Şam ağacları belə bəzədiləcək


Yeni il ərəfəsində evlərin bəzədilməsində retro üslub yenidən aktuallaşır. Bir vaxtlar demək olar ki, hər evdə rast gəlinən parlaq yolka yağışı (yağış dekoru) bu mövsümün populyar bəzəklərindən birinə çevrilir.
HİT.az xəbər verir ki, bu barədə “Fashion.hr” portalı məlumat yayıb.
Son iki mövsümdə Yeni il dekorasiyasında uşaqlıq illərini xatırladan bəzəklərə maraq artıb. Əvvəlki illərdə böyük bantlar, məxmər lentlər və rəng uyğunluğu nəzərə alınaraq seçilən şüşə oyuncaqlar üstünlük təşkil edirdisə, bu dəfə ənənəvi yolka yağışı yenidən diqqət mərkəzinə düşüb.
Uzun illər Yeni il ağaclarının ayrılmaz hissəsi olan bu bəzək ötən əsrin ikinci yarısında xüsusilə geniş yayılmışdı. Sonradan müasir dekor elementlərinin populyarlaşması ilə dəbdən düşsə də, indi nostalji üsluba marağın artması onun yenidən geri qayıtmasına səbəb olub.
Lakin builki yanaşma əvvəlkilərdən fərqlənir. Yolka yağışından sıx və qalın qatlar şəklində deyil, daha incə və zövqlü formada istifadə olunur. Parlaq saplar ağacın budaqlarından sərbəst şəkildə sallanaraq dekorasiyaya xüsusi görünüş verir.
Xüsusilə gümüşü rəngli yolka yağışı şüşə oyuncaqlar, sadə bəzəklər və isti işıqlı girlandalarla yaxşı uyğunlaşır. Qızılı rəngli variantlar isə tünd qırmızı və bordo çalarları ilə daha effektli görünür.
Dizaynerlərin diqqət çəkdiyi digər məqam bu dekorun əlavə xərc tələb etməməsidir. Belə ki, yolkanı bəzəmək üçün çoxlu yeni oyuncaq almağa ehtiyac yoxdur. Bəzi hallarda yolka yağışının özü əsas dekor elementi kimi kifayət edir.
Yeni trend bir daha göstərir ki, ev dekorasiyasında dəb daim dəyişir. Buna görə də illər əvvəl istifadə etdiyiniz və artıq köhnəlmiş hesab etdiyiniz Yeni il bəzəklərini atmağa tələsməyin. Onlar yenidən evinizin ən sevilən dekoruna çevrilə bilər.
Samir
1 mənbə