"Ürəyimdən Süzülənlər" oxucuların görüşünə gəldi


Baxılıb: 620 Tarix: 03-09-2026 16:57
03.09.2026 tarixində Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında sözə və sənətə dəyər verən ziyalıları bir araya gətirən növbəti maraqlı ədəbi tədbir keçirildi. Şairə Sürayyə Dalğının "Ürəyimdən Süzülənlər" adlı kitabının təqdimat mərasimi poeziyasevərlərin, şəhid ailələrinin, yazıçı və şairlərin, jurnal redaktorlarının, vətənpərvər ziyalıların və kitabsevərlərin iştirakı ilə baş tutdu.Tədbiri giriş sözü ilə MKS-nin direktor əvəzi Arzu Xudayarova açaraq qonaqları səmimiyyətlə salamladı. O, çıxışında Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edildiyini bildirdi. Arzu Xudayarova qeyd etdi ki, kitab təqdimatları milli-mənəvi dəyərlərimizin qorunması, mütaliə mədəniyyətinin inkişafı və müasir Azərbaycan ədəbiyyatının təbliği baxımından mühüm əhəmiyyət daşıyır.Daha sonra tədbirin aparıcılığı Mərkəzi Kitabxananın böyük metodisti İradə Hüseynovaya həvalə olundu. O, müəllifin yaradıcılıq yolundan bəhs edərək bildirdi ki, "Ürəyimdən Süzülənlər" insan qəlbinin ən saf duyğularını, Vətən sevgisini, həyata baxışı və mənəvi zənginliyi özündə əks etdirən dəyərli bir nəşrdir.Təqdimat mərasimində Mərkəzi Kitabxananın Oxuculara Xidmət şöbəsinin müdiri Yeganə Qafarova, "Telli Sənəm" jurnalının təsisçisi və baş redaktoru Telli Ləzgiyeva, kitabın baş redaktoru Şəhla Qarabağlı, şairə Nailə Nübar, Tahirə xanım, "Uğur Yolu" jurnalının təsisçisi Raziyə Kamilqızı, vətənpərvər Ravin Həsənov, şairə Qumru Qüdrət, eləcə də şəhid ailələrinin nümayəndələri çıxış edərək müəllifi yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik etdilər.Natiqlər vurğuladılar ki, Sürayyə Dalğının yaradıcılığı səmimiyyəti, vətənpərvərlik ruhu, insan sevgisi və mənəvi dəyərlərə bağlılığı ilə seçilir. Onun şeirlərində qəlbin səsi, həyatın sevinci və kədəri, doğma yurda məhəbbət, insanlara hörmət və xeyirxahlıq hissləri poetik dillə ifadə olunur. Çıxış edənlər müəllifə gələcək yaradıcılıq fəaliyyətində yeni uğurlar, bol ilham və yeni kitablar arzuladılar.Tədbirdə müəllif də çıxış edərək kitabın ərsəyə gəlməsi prosesindən danışdı, əsərlərinə göstərilən diqqət və yüksək qiymətə görə təşkilatçılara və oxuculara təşəkkürünü bildirdi. O qeyd etdi ki, oxucuların sevgisi və etimadı onun yaradıcılığının ən böyük stimuludur.Mərasimin sonunda Sürayyə Dalğı "Ürəyimdən Süzülənlər" kitabını imzalayaraq tədbir iştirakçılarına hədiyyə etdi. Oxucular müəlliflə xatirələrini bölüşdülər, səmimi söhbətlər aparıldı və xatirə şəkilləri çəkdirildi.Yüksək təşkilatçılığı, səmimi ab-havası və zəngin ədəbi mühiti ilə seçilən təqdimat mərasimi bir daha göstərdi ki, Azərbaycan ədəbiyyatına maraq gündən-günə artır və sözə, kitaba verilən dəyər cəmiyyətimizin mənəvi inkişafına xidmət edir.Qələmə aldı: Raziyə Kamilqızı
