UNIFIL missiyasından sonra Livanda qeyri-müəyyənlik yaranacaq


BMT-nin Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) İsraillə Livanı ayıran Mavi Xətt boyunca 48 ildir davam etdirdiyi missiyasını dekabrın 31-də başa çatdırmağa hazırlaşır, Türkiyə isə missiyadan sonra yaradılacaq istənilən mexanizmdə fəal rol oynamağa hazır olduğunu bəyan edib.
Ordu.az xəbər verir ki, UNIFIL missiyası geri çəkilmə planını yekunlaşdırır.
Təxminən 7 500 hərbçinin 2027-ci ildə mərhələli şəkildə ölkəni tərk edəcəyi gözlənilir.
İsrail mətbuatında yayılan xəbərlərə görə, Təl-Əviv UNIFIL-in əvəzinə yaradılması mümkün olan qüvvədə Türkiyənin iştirakına qarşı çıxır. Bölgədə vəziyyət gərgin olaraq qalır, UNIFIL-dən sonrakı təhlükəsizlik sisteminin çərçivəsi isə hələ də qeyri-müəyyəndir.
UNIFIL-in sülhməramlı əməliyyatları BMT Təhlükəsizlik Şurasının 2025-ci il avqustunda qəbul etdiyi qərara əsasən dekabrın 31-i saat 23:59-da başa çatacaq. Missiyanın geri çəkilməsinin qərar qəbul edilərkən nəzərdə tutulan iyun ayı əvəzinə, böyük ehtimalla, 2027-ci ilin sentyabrında tamamlanacağı gözlənilir.
UNIFIL-in sözçüsü Kandis Ardiel bildirib: “Gecə yarısı işlərin dəyişəcəyi andır”. O əlavə edib: “Həmin andan etibarən 1701 saylı qətnaməyə əsasən artıq qanuni səlahiyyətimiz olmayacaq”.
Ardielin sözlərinə görə, patrul və müşahidə fəaliyyəti, eləcə də pozuntular barədə BMT Təhlükəsizlik Şurasına məlumat verilməsi son ana qədər davam edəcək.
Qərarın qəbul edilməsinin arxasında ABŞ və İsrailin təzyiqi dayanıb. Fransa əvvəlcə missiyanın mandatının qeyri-məhdud şəkildə bir il uzadılmasını müdafiə edirdi. ABŞ-nin təzyiqi qarşısında Fransa UNIFIL-ə 2026-cı il dekabrın 31-dək mandat verilməsini, daha sonra isə bir il ərzində “nizamlı və təhlükəsiz” şəkildə fəaliyyətin azaldılmasını və geri çəkilməni nəzərdə tutan kompromis layihəsi təqdim edib.
Hazırda UNIFIL tərkibində dünyanın müxtəlif ölkələrindən təxminən 7 500 hərbçi xidmət edir. Ən böyük kontingentləri İtaliya və İndoneziya təmin edir. Hər ay orta hesabla 1 000 hərbçinin ölkəni tərk edəcəyi gözlənilir.
Missiya 2027-ci ilin yanvarından etibarən mövqelərini boşaltmağa və onların təhvil verilməsinə başlayacaq. Ardiel bildirib ki, missiyanın başa çatdırılması və geri çəkilməsi logistika baxımından mürəkkəb prosesdir və mərhələli şəkildə həyata keçirilir.
Geri çəkilmə zamanı missiya yalnız BMT əməkdaşlarını və bazalarını qorumaq, təhlükəsiz çıxışı təşkil etmək kimi məhdud vəzifələri yerinə yetirə biləcək.
Hərbçilər öz ölkələrinin təmin etdiyi avadanlıqlarla birlikdə Livanı tərk edəcəklər. BMT-yə məxsus avadanlıqların isə böyük ehtimalla BMT-nin rəhbərlik etdiyi digər missiyalara təhvil veriləcəyi gözlənilir. Ardiel bildirib ki, “bunların bir hissəsi, ehtimal ki, Livan hakimiyyətinə bağışlanacaq”.
Mövqelərin təhvil verilməsi ilə bağlı ən mürəkkəb məsələ İsrail qüvvələrinin Livan ərazisinin təxminən 600 kvadratkilometrlik hissəsini, yəni ölkə ərazisinin təxminən 6 faizini işğal altında saxlamasıdır. İsrail qüvvələri burada hər gün dağıntılar törədir və hərbi əməliyyatlar keçirir. Bu səbəbdən geri çəkilmə planının bəzi detalları hələ də qeyri-müəyyəndir.
Ən mürəkkəb məsələ obyektlərin təhvil verilməsidir. Ardiel bildirib: “Hüquqi baxımdan UNIFIL öz mövqelərini Livan hakimiyyətinə qaytarmalıdır, lakin bu mövqelər İsrail qüvvələrinin yerləşdiyi ərazilərdə olduqda problemlər yaranır”.
Mümkün toqquşmalardan yayınmaq üçün Livan qüvvələri həmin ərazilərdə yerləşmir.
Mənbələrin məlumatına görə, Livan hakimiyyəti mövqeləri faktiki olaraq təhvil ala bilməsə, bu proses yalnız kağız üzərində qala bilər. Digər variant BMT-nin Livanda Müşahidəçi Qrupu (OGL) vasitəsilə fəaliyyət göstərən BMT-nin Atəşkəsə Nəzarət Təşkilatının (UNTSO) mandatının genişləndirilməsidir. Bununla bağlı qərarı BMT Təhlükəsizlik Şurası verməlidir.
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Türkiyənin 2027-ci il büdcəsini Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komissiyasına təqdim edərkən İsraili Livana hücumları dayandırmağa və ölkənin suverenliyinə hörmət etməyə çağırıb. Türkiyə BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun hərtərəfli atəşkəsi dəstəkləyir.
Gülər UNIFIL-dən sonra yaradılacaq təhlükəsizlik strukturunun Livanın suverenliyini dəstəkləməli olduğunu bildirib. Nazir vurğulayıb: “UNIFIL-dən sonra Livanda həyata keçirilə biləcək istənilən missiyada fəal rol oynamağa hazır olduğumuzu xüsusilə qeyd etmək istəyirəm”.
Ankaranın bu mövqeyi iyul ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Livan prezidenti Cozef Aunla görüşündə də ifadə edilmişdi. Ərdoğan BMT qüvvələrinin geri çəkilməsindən sonra bölgədə təhlükəsizliyin dəstəklənməsi və Livanın suverenliyinin qorunması üçün başlanacaq bütün təşəbbüslərdə iştirak etmək istədiklərini bildirmişdi.
İsrailin “Channel 14” telekanalının adı açıqlanmayan rəsmilərə istinadən yaydığı məlumata görə, Təl-Əviv UNIFIL-in əvəzinə qısa müddətdə yerləşdiriləcək müvəqqəti “beynəlxalq yoxlama qüvvəsi” variantını nəzərdən keçirir.
Məlumata görə, İsrail Fransa, İspaniya, Türkiyə və Böyük Britaniyanın bu qüvvədə iştirakını rədd edib. Səbəb kimi İsrailə qarşı diplomatik, hüquqi və ya beynəlxalq hüquq çərçivəsində addımlar atan ölkələrin İsrailə birbaşa təsir göstərən təhlükəsizlik mexanizmlərində rol almamalı olduğu göstərilib. Yunanıstan, İsveçrə, İtaliya və İndoneziya isə nəzərdən keçirilən ölkələr sırasındadır.
Təl-Əvivdə yerləşən “Mako” nəşrinin təhlilində Ankaranın UNIFIL-dən sonrakı çoxmillətli qüvvəyə hərbçi və rəsmilər göndərmək təşəbbüsü “İsraili narahat edən Türkiyə addımı” kimi qiymətləndirilib. Təhlilə görə, İsrail Türkiyənin prosesdə iştirakına mane olmağa çalışacaq. İsrailin müdafiə dairələri isə Türkiyə hərbçilərinin regional güc balansını dəyişə biləcəyindən və İsrailə təzyiq vasitəsi kimi istifadə oluna biləcəyindən narahatdır.
İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon da yeni BMT qüvvəsinin yaradılması ideyasına qarşı çıxır. Danon “The Jerusalem Post” nəşrinə açıqlamasında BMT-nin uğursuz qüvvənin əvəzinə yeni ad altında başqa bir qüvvə yaratmağa çalışdığını iddia edib.
Danon sentyabr ayında Cənubi Livanda böyük beynəlxalq qüvvənin yerləşdirilməsinə qarşı olduqlarını və təhlükəsizlik məsuliyyətini Livan ordusunun üzərinə götürməli olduğunu bildirib. O, Livan ordusunun təlimi üçün ölkənin digər bölgələrində yerləşdiriləcək xarici hərbçilərin İsrail üçün daha az narahatlıq doğuracağını qeyd edib.
“The National” nəşrinin məlumatına görə, İsrail Livanın UNIFIL-in olmadığı dövrdə çoxmillətli qüvvəyə töhfə verə biləcək ölkələrlə bağlı təkliflərini rədd edib.
Bölgədəki yerli idarəçilər missiyanın geri çəkilməsini fərqli qiymətləndirirlər. Mərciyun şəhərinin yerli rəsmisi Rəbih Rəşid bildirib: “Sülhməramlı qüvvələr bölgəmizdə silahların nəzarətsiz yayılmasının qarşısını ala bilmədi”.
Rəşid missiyanın “əhalinin və bələdiyyələrin böyük ölçüdə faydalandığı çoxsaylı layihələr” həyata keçirdiyini də qeyd edib.
Sərhədə daha yaxın yerləşən Şebaa şəhərinin meri Adam Fərhat isə geri çəkilmənin “böyük təhlükəsizlik boşluğu yaradacağı” barədə xəbərdarlıq edib. O bildirib ki, ərazini müşahidə edəcək heç kimin qalmaması İsrailin daha da irəliləyəcəyi ilə bağlı narahatlığı artırır. Fərhat bütün aidiyyəti qurumları missiyanın mandatının uzadılması üçün səy göstərməyə çağırıb.
Livan hökuməti UNIFIL-in mandatının uzadılması ilə bağlı dəfələrlə çağırış edib. BMT-nin baş katibi Antonio Quterreş isə iyun ayında BMT Təhlükəsizlik Şurasına yeni qüvvə üçün müxtəlif variantlar təqdim edib. Bu variantlar təxminən 1 500 nəfərlik qüvvədən 5 500-dən çox hərbçi və hərbi müşahidəçidən ibarət kontingentə qədər dəyişir.
ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts noyabrın 16-da Beyrutda Livan rəsmiləri ilə görüşüb. Uolts UNIFIL-dən sonrakı dövr üçün 1701 saylı qətnamənin bəzi dəyişikliklərlə qüvvədə saxlanılmasını təklif edib.
O bildirib ki, gələcək beynəlxalq mövcudluqla bağlı danışıqlar növbəti ay ərzində yeni qətnamə layihəsi hazırlayan Fransa ilə koordinasiyalı şəkildə aparılacaq. Uolts yeni mexanizmin hərbi deyil, mülki missiya ola biləcəyini, İsrailin geri çəkilməsini və “Hizbullah”ın tərksilah edilməsini təsdiqləyəcək qeyri-hərbi mexanizmin yaradılmasının mümkünlüyünü qeyd edib.
Avropa İttifaqı da ayrıca istiqamətdə fəaliyyət göstərir. Aİ-nin xarici işlər nazirləri oktyabr ayında Livanın təhlükəsizlik qüvvələrinə təlim keçəcək mülki-hərbi missiyanı təsdiqləyiblər. Missiya sərhəd və dəniz təhlükəsizliyinə, eləcə də PUA-lara qarşı əməliyyatlara fokuslanacaq, lakin ölkənin cənubunda yerləşdirilməyəcək.
İtaliya UNIFIL missiyası başa çatdıqdan sonra da Livanda hərbi mövcudluğunu davam etdirmək istədiyini açıqlayıb.
UNIFIL-in geri çəkilməsi ilə Mavi Xətt boyunca baş verən pozuntular barədə BMT Təhlükəsizlik Şurasına məlumat verən yeganə müstəqil müşahidə mexanizmi aradan qalxacaq. Mövqelərin əhəmiyyətli hissəsinin İsrailin nəzarətində olan ərazilərdə yerləşməsi Livan Silahlı Qüvvələrinin həmin bölgələrdə faktiki yerləşdirilməsini çətinləşdirir.
UNIFIL-dən sonrakı mexanizmdə hansı ölkələrin iştirak edəcəyi həlledici olacaq. Ankaranın fəal rol oynamaq istəyi və İsrailin Türkiyəni prosesdən kənarda saxlamaq mövqeyi BMT Təhlükəsizlik Şurasında Fransanın hazırladığı qətnamə layihəsi üzrə aparılacaq danışıqların əsas mövzularından biri olmağa namizəddir.
Sevinc Əliyeva Ordu.az
