UN-Habitat-ın Azərbaycandakı Ölkə Ofisinin rəhbəri "Böyük Qayıdış" proqramı barədə məlumatlandırılıb


Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindəndə UN-Habitat-ın Azərbaycandakı Ölkə Ofisinin rəhbəri və Regional Proqramlar Şöbəsinin Şəhər Laboratoriyası Proqramının nümayəndələri azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə bağlı məlumatlandırılıb.
Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, komitə sədrinin müavini Fuad Hüseynov qonaqlara işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı və məskunlaşma prosesinin təşkili ilə bağlı görülən tədbirlər barədə məlumat verib.
Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin uğurla davam etdirildiyi, yaşayış məntəqələrində zəruri infrastruktur yaradıldıqdan, evlərin tikintisi və təmir-bərpa işləri başa çatdıqdan sonra keçmiş məcburi köçkünlərin həmin ərazilərə köçürüldüyü bildirilib.
Xatırladılıb ki, indiyədək 50 yaşayış məntəqəsində daimi məskunlaşma həyata keçirilib. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 100 minə yaxın insan yaşayır, işləyir və təhsil alır.
Görüşdə mina təhlükəsi və onun Böyük Qayıdış prosesinə təsiri məsələsi də diqqətə çatdırılıb. Bildirilib ki, mina və partlamamış hərbi sursatlar əhalinin təhlükəsizliyi və azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması qarşısında ciddi çağırış olaraq qalır. Bu təhlükə barədə əhalinin məlumatlılığının artırılması, təhlükəsiz davranış qaydalarının aşılanması məqsədilə mütəmadi maarifləndirici tədbirlər keçirilir. Həmin tədbirlərdə mina və partlamamış hərbi sursatların yaratdığı risklər, təhlükəli ərazilərdə davranış qaydaları və şübhəli əşyalar aşkar edildikdə görülməli tədbirlər izah olunur.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Dərc vaxtına görə