Ukraynanın “Farsight Vision” şirkəti döyüş texnologiyalarını Niderland bazarına uyğunlaşdıracaq


Ukrayna-Estoniya şirkəti “Farsight Vision” və Niderlandın “BSS Holland” şirkəti Niderlandın müdafiə bazarında birgə fəaliyyət göstərmək üçün əməkdaşlıq memorandumu imzalayıb.
Ordu.az xəbər verir ki, tərəflər müdafiə sektorundakı müştərilər üçün texnoloji həlləri birgə hazırlamağı, inteqrasiya etməyi və təşviq etməyi planlaşdırırlar.
Əməkdaşlığın konkret istiqamətləri növbəti mərhələlərdə müəyyən ediləcək. “Farsight Vision” kəşfiyyat, tapşırıqların planlaşdırılması və naviqasiya üçün proqram və aparat həlləri hazırlayır.
Şirkətin süni zəka əsaslı texnologiyaları PUA-lardan əldə edilən məlumatları rəqəmsal ərazi modelinə çevirir və görüntüləri avtomatik təhlil edir.
Bu rəqəmsal modellər əsasında şirkət xüsusilə GNSS sisteminin əlçatmaz olduğu və ya radioelektron müdaxiləyə məruz qaldığı şəraitdə tapşırıqların planlaşdırılması və naviqasiya üçün alətlər hazırlayır.
“Farsight Vision” şirkətinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin 170-dən çox bölməsi onun platformasından istifadə edir.
Şirkətin proqram təminatı DELTA, ATAK, “Kropyva” və “ComBat Vision” sistemləri ilə inteqrasiya olunub. Bu, toplanmış kəşfiyyat məlumatlarından tapşırıqların planlaşdırılması və icrası zamanı istifadə etməyə imkan verir.
“BSS Holland” Niderland Silahlı Qüvvələri ilə əməkdaşlıq edən müdafiə texnologiyaları inteqratorudur. Şirkət sistemlərin hərbi əməliyyat tələblərinə uyğun olaraq sınaqdan keçirilməsinə və qiymətləndirilməsinə kömək edir.
Onun əsas fəaliyyət istiqamətlərinə insansız sistemlər, PUA-lara qarşı mübarizə vasitələri, süni zəka əsaslı analitika və təhlükəsiz rabitə sistemləri daxildir.
“BSS Holland” Ukraynada da fəaliyyət göstərir. Şirkətin Kiyevdə texnologiyaların sınaqdan keçirilməsi və qiymətləndirilməsi üçün “Field Lab” laboratoriyası mövcuddur.
“Farsight Vision” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Viktoriya Yaremençukun sözlərinə görə, tərəfdaşlığın məqsədi Ukrayna texnologiyalarının döyüş şəraitində tətbiqi təcrübəsini “BSS Holland” şirkətinin müdafiə sistemlərinin inteqrasiyası sahəsindəki imkanları ilə birləşdirməkdir.
“BSS Holland” şirkətinin idarəedici tərəfdaşı Lennard Blok isə şirkətin PUA-lardan əldə edilən görüntülər əsasında ərazinin vahid rəqəmsal xəritəsini yaradan “Farsight Vision” texnologiyasına maraq göstərdiyini bildirib.
Onun sözlərinə görə, tərəflər bu cür həllərin Niderland Silahlı Qüvvələri üçün hansı sahələrdə faydalı ola biləcəyini müəyyənləşdirməyi və bunun əsasında yeni birgə layihələr hazırlamağı planlaşdırırlar.
Hazırda memorandum konkret müqaviləni və ya Niderland ordusunun satın alacağı sistemlərin müəyyən edilmiş siyahısını nəzərdə tutmur.
Alpər Mövludoğlu Ordu.az