Ukraynalılar yığmamızda oynayan futbolçuya görə kompensasiya istəyir


1 dəqiqədən az
Ukraynanı “Aleksandriya” klubunun əvəzedici heyətinin futbolçusu Əli Xəlilovun Omanın U-21 yığmasına qarşı keçirilən yoldaşlıq oyununda Azərbaycanın U-21 millisinin formasını geyinməsi Ukraynada ciddi səs-küy yaradıb.
Futbolinfo.az xəbər verir ki, “sportarena.ua” saytı hətta bu məsələni araşdırıb, idman hüquqşünasının fikirlərinə yer verib.
2027-ci il yanvarın 4-də Dneprdə anadan olan 19 yaşlı sağ vinger Əli Xəlilov 2024-cü ilin avqustundan “Aleksandriya”da çıxış edir.
İdman hüquqşünası İlya Skoropaşkin futbol və digər idman növlərində kompensasiya ödənişlərinin qaydalarını, Ukrayna klublarının yetişdirdiyi futbolçuların xarici millilərə çağırılması ilə bağlı məsələləri təhlil edib. Bildirilir ki, əvvəllər müxtəlif illərdə Anatoli Nuriev, Tuqay Əlizadə, Andrey Popoviç, Aleksandr Çertoqanov, Vladimir Levin, Anton Krivotsyuk və digər ukraynalılar Azərbaycan millisinin formasını geyinib.
İlya Skoropaşkin FIFA-nın qüvvədə olan normalarını və dünya, eləcə də Ukrayna idmanındakı kompensasiya mexanizmlərinin xüsusiyyətlərini ətraflı izah edib: “Ukrayna futbolunun yetirmələrinin xarici milli komandaların heyətinə çağırılması faktı öz-özlüyündə Ukrayna Futbol Assosiasiyasına (UAF) kompensasiya almaq hüququ vermir. FIFA-nın reqlamentinə əsasən, futbolçuların hazırlanmasına görə kompensasiya və solidar ödənişlər milli assosiasiyalara deyil, onların yetişdirilməsi ilə birbaşa məşğul olmuş klublara ödənilir. Yalnız xüsusi bir istisna mövcuddur. Futbolçunu yetişdirən və kompensasiya almaq hüququ olan klub fəaliyyətini dayandırıbsa, həmin vəsaiti UAF əldə edə bilər”.
Onun sözlərinə görə, bəzi idman növlərində belə hallar baş verdikdə kompensasiya almaq mümkün olur: “Basketbol, həndbol, reqbi kimi sahələrdə idmançıların yetişdirilməsinə görə kompensasiya mexanizmləri mövcuddur. Lakin digər idman növlərində futboldakı qədər inkişaf etmiş və mərkəzləşdirilmiş sistem yoxdur”.
Qeyd edək ki, U-21 millimizin Omanı 4:2 hesabı ilə məğlub etdiyi oyunda Əli Xəlilov 1 qol vurub.