Ukrayna və NATO hərbi texnikanın cəbhəyə yaxın ərazilərdə təmiri üçün yeni model hazırlayır


Ukrayna və NATO zədələnmiş hərbi texnikanın cəbhə xəttinə daha yaxın ərazilərdə bərpasını və daha sürətli şəkildə döyüş meydanına qaytarılmasını nəzərdə tutan təkmilləşdirilmiş təmir mərkəzləri konsepsiyası üzərində işləyir.
Ordu.az xəbər verir ki, bu barədə NATO-nun Ukraynaya Təhlükəsizlik Yardımı və Təlim Missiyasının (NSATU) komandanı, general-leytenant Giyom Boper “Ukrinform” agentliyinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, Ukraynadakı müharibə hərbçilərin döyüş əməliyyatları davam etdiyi müddətdə belə yeni şəraitə uyğunlaşmalı olduğunu göstərib. Bunun üçün müdafiə sənayesinin dəstəyi tələb olunur.
“Ukraynalılarla sıx əməkdaşlıq etdiyimiz layihələrdən biri təkmilləşdirilmiş təmir mərkəzləri konsepsiyasıdır. Burada məqsəd texnikanın bərpası üçün təmir imkanlarını cəbhə xəttinə daha yaxın ərazilərə gətirməkdir”, - deyə general bildirib.
Bu mərkəzlər zədələnmiş silah və hərbi texnikanın təmiri, eləcə də onların texniki xidmətini həyata keçirəcək mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulur.
General hesab edir ki, cəbhə xəttində texnikadan istifadə edən hərbçilər onun istehsalçıları və tədarükünə cavabdeh şəxslərlə daha sıx əməkdaşlıq etməlidirlər. Bu, döyüş əməliyyatları zamanı yaranan ehtiyaclara uyğun dəyişikliklərin daha sürətli həyata keçirilməsinə kömək edəcək.
Qərb istehsalı olan zirehli texnikalar artıq Ukraynada istehsalçı şirkətlərin iştirakı ilə təmir edilir. 2024-cü ilin iyununda Almaniyanın “Rheinmetall” şirkəti və “Ukroboronprom” səhmdar cəmiyyəti birgə təmir emalatxanası açıb. Burada “Marder” piyada döyüş maşınlarının təmiri və texniki xidməti təşkil edilib.
Sevinc Əliyeva Ordu.az
1 mənbə
