Ukrayna şirkəti zolaqda hərəkəti qoruyan və PUA-ları aşkarlayan yerüstü robot idarəetmə sistemi hazırlayıb


“TechUnity” şirkətinin təqdim etdiyi “AetherLink GS” sistemi yerüstü robotların avtomatik zolaq izləməsini və FPV PUA-lar da daxil olmaqla, PUA-ların aşkarlanmasını təmin edir.
Ordu.az xəbər verir ki, bu barədə “Militarnyi” nəşrinə “Defence Builder” müdafiə texnologiyaları ekosistemindən məlumat verilib.
Ukraynanın “TechUnity” şirkəti yerüstü robotlar üçün nəzərdə tutulan “AetherLink GS” idarəetmə stansiyasını təqdim edib. Sistem avtomatik zolaq izləmə və PUA aşkarlama imkanlarına malikdir.
Hazırda sistem “TechUnity” şirkətinin yerüstü robotlar üçün hazırladığı “JARVIS” bort kompüteri ilə birlikdə işləyir. Bu kompüter 25-dən çox istehsalçının yerüstü robot sistemlərində quraşdırılıb.
Zolaq izləmə funksiyası kameradan alınan görüntüləri təhlil edir, yolu müəyyənləşdirir və nəqliyyat vasitəsinin həmin zolaq boyunca avtomatik hərəkətini təmin edir. Sistem gecə və gündüz işləyir, konkret platformaya uyğunlaşdırıla bilir. Funksiya kamera pəncərəsindəki düymə və ya uzaqdan idarəetmə pultu vasitəsilə aktivləşdirilir.
Sistemə inteqrasiya edilmiş PUA aşkarlama vasitəsi görüntüləri bulud xidmətinə ötürmədən birbaşa operatorun kompüterində təhlil edir. PUA-ların aşkarlanması üçün 1,7 mm və 2,8 mm linzalı kameralarla işləyən, gecə və gündüz rejimlərini dəstəkləyən modellər mövcuddur. Bundan başqa, termal kamera üçün ayrıca model hazırlanıb.
Yerüstü robotla rabitə üçün sistem “Starlink”, LTE və “Mesh” şəbəkələrini, eləcə də avtomatik keçid rejimini dəstəkləyir. Mövcud rabitə kanalları arasında ehtiyat keçid və yükün balanslaşdırılması funksiyaları da nəzərdə tutulub.
Sevinc Əliyeva Ordu.az
