Ukrayna PUA-ları Kubanda iki Rusiya neft emalı zavodunu vurub


Ukrayna Müdafiə Qüvvələri noyabrın 18-nə keçən gecə Rusiyanın Krasnodar diyarında yerləşən İlski və Afipski neft emalı zavodlarına PUA-larla zərbələr endirib.
Ordu.az xəbər verir ki, bu barədə “Exilenova+” məlumat yayıb.
Yerli sakinlərin paylaşdığı videolarda havada uçan PUA-ların səsləri və Rusiya hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti qeydə alınıb. Zərbələrdən sonra obyektlərin yaxınlığında yanğınlar başlayıb.
İlski neft emalı zavodunun layihə üzrə illik emal gücü təxminən 6,6 milyon ton xam neft təşkil edir. Müəssisə Rusiya ordusunu yanacaqla təmin edir.
İlski və Afipski neft emalı zavodlarına Ukrayna PUA-ları ilə əvvəlki hücum noyabrın 16-da həyata keçirilib. Həmin vaxt Ukrayna qüvvələri AT-4, AT-5 və AT-6 atmosfer distillə qurğularını, eləcə də avtomobil benzini istehsalı kompleksini vurub.
Afipski neft emalı zavodunun illik emal gücü təxminən 6,25 milyon ton xam neftdir. Müəssisədə dizel yanacağı, benzin komponentləri və digər neft məhsulları istehsal olunur.
Zavoda sonuncu dəfə noyabrın 6-da zərbə endirilib. Həmin vaxt Ukrayna PUA-larının hücumundan sonra müəssisənin ərazisində yanğın baş verib.
Sevinc Əliyeva Ordu.az
