Türkiyə F-35 tədarükü və “Eurofighter” layihəsi üzrə işləri davam etdirir


Türkiyənin Müdafiə Nazirliyi F-35 qırıcılarının tədarükü istiqamətində təşəbbüslərin davam etdiyini, “Eurofighter” təyyarələri ilə bağlı Böyük Britaniya ilə aparılan işlərin isə plan üzrə irəlilədiyini açıqlayıb.
Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komissiyasında nazirliyin və tabeliyindəki qurumların 2027-ci il büdcəsi ilə bağlı təqdimatında danışıb.
Gülər Türkiyə Silahlı Qüvvələrinin modernləşdirilməsi istiqamətində görülən işlərə toxunaraq F-35 və “Eurofighter” qırıcılarının tədarükü, eləcə də F-16 təyyarələrinin modernləşdirilməsi ilə bağlı proseslər barədə məlumat verib.
Nazir Türkiyənin F-35 qırıcılarının alınmasına yönəlmiş təşəbbüslərinin davam etdiyini bildirib. O, F-16 təyyarələrinin modernləşdirilməsi və tədarükü ilə bağlı işlərin də ölkənin milli təhlükəsizlik ehtiyacları çərçivəsində aparıldığını qeyd edib.
“F-16 təyyarələrinin modernləşdirilməsi və tədarükü ilə bağlı fəaliyyətlərimizi, eləcə də F-35 alınması istiqamətində təşəbbüslərimizi ölkəmizin milli təhlükəsizlik ehtiyacları və müvafiq beynəlxalq proseslər çərçivəsində davam etdiririk”, - deyə Gülər bildirib.
Nazir mümkün razılaşma, təyyarələrin sayı və ya tədarük qrafiki ilə bağlı yeni məlumat açıqlamayıb.
“Eurofighter” qırıcılarının tədarükü məsələsinə də toxunan Gülər Böyük Britaniya ilə aparılan işlərin nəzərdə tutulan qrafikə uyğun davam etdiyini bildirib. Onun sözlərinə görə, təyyarələrin istehsalı və texniki xidmət, eləcə də istismar infrastrukturunun yaradılması istiqamətində işlər aparılır.
“Digər tərəfdən, “Eurofighter” təyyarələrinin tədarükü ilə bağlı Böyük Britaniya ilə apardığımız işlər, təyyarələrin istehsalı və texniki xidmət, istismar infrastrukturunun yaradılması prosesi planlı şəkildə davam edir”, - deyə nazir qeyd edib.
Beləliklə, Türkiyənin hava qüvvələrinin gücləndirilməsi çərçivəsində “Eurofighter” qırıcılarının alınması, F-16 parkının modernləşdirilməsi və F-35 tədarükü ilə bağlı təşəbbüslər paralel şəkildə davam edir.
Sevinc Əliyeva Ordu.az
